Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:17

Rus kişilərinin yarısı alkoqoldan həddindən çox istifadə nəticəsində ölür


Rusiyada ölümlərin 72, intiharların isə 42 faizi alkoqola bağlıdır

Rusiyada ölümlərin 72, intiharların isə 42 faizi alkoqola bağlıdır

Əmək qabiliyyətli rus kişilərinin demək olar ki, yarısı alkoqoldan həddindən çox istifadə nəticəsində ölür. «The Lancet» tibb jurnalı bu qənaətə uzun müddətli tədqiqatlardan sonra gəlib.


Britaniya alimləri İjevski şəhərində 2003-2005-ci illərdə vəfat etmiş 1750 kişinin ölüm səbəblərini müqayisə ediblər. Tədqiqat nəticəsində məlum olub ki, ölənlərin 40 faizindən çoxu içmək üçün nəzərdə tutulmayan spirtli məhsullar qəbul edirlərmiş.


Belə «məhsullar» sırasına keyfiyyətsiz araqlar, odekolonlar, lasyonlar, antifrizlər və s. daxildir. Bu siyahıya apteklərdə satılan, ucuz bitki araqları da daxildir.


Alimlər izah edirlər ki, bu məhsulların tərkibində zəhərli maddələr az olsa da, onlardan həddindən artıq istifadə orqanizm üçün təhlükəlidir. İndi Rusiyada kişilərin orta yaş həddi 59, qadınlarda isə 72-dir. Rusiyada əməkqabiliyyətli kişilər alkoqolu cəmiyyət üçün ciddi təhlükə hesab edən Britaniyaya nisbətən 3,5 dəfə çox ölürlər.


Tədqiqatçılar vəfat etmiş şəxslərin qohumlarına onların məhz hansı içkilərdən istifadə etmələri ilə bağlı suallar veriblər. Məlum olub ki, ölümlərin 43 faizinə alkoqoldan həddindən çox istifadə səbəb olub. Əyyaşlarda ölüm faktı az içən şəxslərlə müqayisədə altı dəfə çoxdur. Odekolon, lasyon və ümumiyyətlə, istehlak üçün nəzərdə tutulmayan içkilər qəbul edən şəxslər arasında isə ölüm halları 9 dəfə çoxdur.


Araşdırma qrupunun rəhbərlərindən biri professor Devid Leon deyir: «Odekolon, lasyon kimi məhsullar çox ucuzdur və istənilən köşkdə satılır. Onların tərkibində su, qoxu verən maddə və etanoldan başqa heç nə olmur. İnsanlar ucuz və tez tapılan alkoqolun qanda yüksək konsentrasiyasından ölürlər. Bu kimi şeylər ciddi nəzarətdə olmalıdır».


Professor Leon deyir ki, onlar yalnız bir şəhərin timsalında araşdırma aparıblar, əslində, göstəricilər daha acınacaqlıdır.


«The Guardian»da dərc olunan məlumatlara görə, Rusiya və keçmiş SSRİ respublikalarında dünyanın istənilən ölkəsi ilə müqayisədə daha çox içirlər-ildə adambaşına təxminən 15,2 litr təmiz spirt düşür (söhbət yaşı 15-dən yuxarı olanlardan gedir).


2005-ci ilin rəsmi statistikasına görə, Rusiyada tibb orqanlarında 2.348.567 əyyaş qeydiyyatdan keçib. Ölümlərin 72, intiharların isə 42 faizi alkoqolla bağlıdır.


Alkoqol Tədqiqatları İnstitutunun direktoru Endryu Makneyl deyir ki, bütün Şərqi Avropa ölkələri alkoqoldan sui-istifadə problemi ilə üzləşiblər: «Bu, Rusiyadan da yan keçməyib. Sovet vaxtı alkoqol yeganə vasitə idi ki, insanlar özlərinə rəva görürdülər. Qorbaçov onun qarşısını almaq istəsə də, buna nail ola bilmədi…»


XS
SM
MD
LG