Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:37

Azərbaycanda indi «milli və yerli» demokratiya axtarışları gedir

  • müstəqil analitik

Müxalifət nümayəndələrinin özləri 2008-ci ilin seçkiləri ilə bağlı pessimist ovqatdadırlar

Müxalifət nümayəndələrinin özləri 2008-ci ilin seçkiləri ilə bağlı pessimist ovqatdadırlar

Əvvəllər beynəlxalq təşkilatların illik hesabatları ölkədə geniş müzakirələrə səbəb olurdu. Bu hesabatların çəkindirici gücü və sanksiyası olmasa da hakimiyyət onlara çox ciddi yanaşırdı. İndi vəziyyət bir qədər dəyişib. Hətta ABŞ Dövlət Departamentinin insan haqlarının vəziyyəti ilə bağlı illik hesabatı azərbaycanlı məmurlara yetərincə təsir etmək iqtidarında deyil. Məsələn, Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Dövlət Departamentinin bu il dərc olunan illik hesabatını «köhnəlmiş faktlar» adlandırmışdı. Zaman keçdikcə Azərbaycan hakimiyyəti beynəlxalq hesabatlara çox laqeyd yanaşır. Yerli müşahidəçilər bunu «neft bumu»ndan yaranan başgicəllənməsi adlandırırlar. Belə ki, neftdən gələn gəlirlər hökumətə bir çox məsələlərlə bağlı manipulyasiya etməyə imkan verir. Nəinki hesabatlar, hətta Avropa Şurasının təklif və tövsiyələri nəzərə alınmır. Rəsmi hakimiyyət nümayəndələri bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq arzusunda olmadıqlarını bildirirlər. Onlar Avropa Şurasının da mümkün sanksiyalarına etinasız yanaşırlar.


Bu yaxınlarda nüfuzlu beynəlxalq təşkilatlardan biri-«FREEDOM HOUSE» də öz hesabatını yayıb. Hər dəfə yeni hesabat meydana çıxanda ilk olaraq iki sual yaranır. Birincisi, hesabatda nə deyilir? İkincisi, bu hesabata rəsmi hakimiyyət dairələrinin münasibəti necədir?


Məsuliyyətli demokratiya nə deməkdir? Əgər azərbaycanlı məmurların fəaliyyətinə və fikirlərinə varsaq bu, məhdud seçki azadlığı, məhdud siyasi hüquqlar, məhdud söz azadlığı deməkdir.

Hesabatda Azərbaycanın bir sıra parametrlər üzrə gerilədiyi nəzərə çatdırılır. Xüsusən seçkilərin, yerli özünüidarəetmənin, söz və mətbuat azadlığının qənaətbəxş olmadığı diqqətə yetirilir. Həqiqətən də son dövrlərdə Azərbaycanda demokratiya və insan haqları ilə bağlı məsələlər çox pis duruma gəlib çatıb. Siyasi partiyaların fəaliyyəti məhdudlaşdırılıb. Dinc aksiyalar keçirməyə demək olar ki, icazə verilmir. Seçki Məcəlləsinə dəyişikliklər edilmir. Qəzetlər və jurnalistlər təqib olunur. Yeddi jurnalist həbsdədir. Qeyri-hökumət təşkilatlarına qarşı da təzyiqlər güclənir. Müşahidəçilərin fikrincə hakimiyyət mətbuatla bağlı istədiyinə çatandan sonra qeyri-hökumət təşkilatlarını diqqətə götürəcək. Prezident İlham Əliyev bir dəfə demişdi ki, 2008-ci ilin prezident seçkilərinə qədər Azərbaycanda müxalifət qalmayacaq. İndi sanki bu siyasət həyata keçirilir.


Müxalifət nümayəndələrinin özləri 2008-ci ilin seçkiləri ilə bağlı çox pessimist ovqatdadırlar.


Hakimiyyətin bu hesabatlara münasibətinə gəldikdə isə biz bu haqda əvvəldə danışdıq. Onu əlavə etmək lazımdır ki, hakimiyyət dairələrində necə deyərlər yerli hakimiyyətin maraqlarına cavab verən, «milli mentalitet»lə uyğunlaşan demokratiya axtarışları gedir. Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev demokratiya ilə bağlı özünün fəlsəfi traktatlarını yazır və demokratiya ilə bağlı tədbirlər keçirir. Belə tədbirlərdən biri lap bu yaxınlarda keçirilmişdi. Tədbir «keçid dövründə demokratiya» adlanırdı. Tədbir ona görə maraq kəsb edir ki, onun gedişində hakimiyyət dairələrinin demokratiya ilə bağlı münasibəti açıqlandı. Hətta yeni termin meydana çıxdı: məsuliyyətli demokratiya. Dünya praktikasında demokratiya ilə bağlı çoxlu terminlər var: liberal demokratiya, sosial demokratiya, totalitar demokratiya və s. Görünür, məsuliyyətli demokratiya Azərbaycan rəsmilərinin demokratiya nəzəriyyəsinə yeni lövhəsidir. Rəsmilərin dediyinə görə bu termini Azərbaycana göndərdiyi təbrik məktubunda ABŞ prezidenti Corc Buş işlədib. Amma güman etmirik ki, ABŞ prezidenti həmin terminə azərbaycanlı məmurların başa düşdüyü mənanı vermiş olsun.


Məsuliyyətli demokratiya nə deməkdir? Əgər azərbaycanlı məmurların fəaliyyətinə və fikirlərinə varsaq bu, məhdud seçki azadlığı, məhdud siyasi hüquqlar, məhdud söz azadlığı deməkdir.


Bəs, «FREEDOM HAUSE» təşkilatının hesabatının nə təsiri olacaq? Bu hesabat, eləcə də bu qəbildən olan digər hesabatlar təəssüf ki, yerli demokratlar üçün ancaq mənəvi dəstək rolunu oynayır və yalnız psixoloji təsirə malikdir. Hər hansı başqa nəticə gözləmək əbəsdir. Hər halda əksər yerli müşahidəçilər belə fikirləşirlər. Azərbaycanda indi ancaq «milli və yerli» demokratiya axtarışları gedir. Bu axtarışların bir xüsusiyyəti də ondan ibarətdir ki, kənar təftişi qəbul etmir və onunla hesablaşmır.


XS
SM
MD
LG