Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:41

«İranın bədbəxtlik gətirən qonşusu...»


«İran» qəzeti Qəbələ RLS-dən ABŞ-ın istifadəsinin texniki çətinlikləri olduğunu yazır

«İran» qəzeti Qəbələ RLS-dən ABŞ-ın istifadəsinin texniki çətinlikləri olduğunu yazır

Rusiyanın Amerikaya Qəbələ RLS-dən birgə istifadə təklifi və Azərbaycanın da buna razı olması İran parlamentinin deputatlarını tamam əsəbiləşdirib. Parlamentin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əli Əhmədi Azərbaycan hakimiyyətini ittiham edib. Onun fikrincə, hakimiyyət xalqı arasında dayaqlarını itirir, ona görə dünyanın güc mərkəzlərinə sığınır. Əli Əhmədi deyib ki, Putinin təklifinə İlham Əliyevin müsbət reaksiyasını İran cavabsız qoymamalıdır.


Digər parlamentari Həsən Abbasi regiona sabitlik gətirməyən hərəkətə Azərbaycanın necə razı olduğunu başa düşmədiyini deyir. O, Azərbaycanı «İranın bədbəxtlik gətirən qonşu» adlandırıb.


Ancaq Azərbaycanın münasibətindən narahat olmayanlar da var. Rəsmi dövlət orqanı olan «İran» qəzeti Qəbələ radarından Amerikanın istədiyi kimi istifadənin xeyli texniki çətinliyi olduğunu yazır. Qəzet hətta bu texniki çətinliklərin uzun siyahısını tutub və gəldiyi nəticə də budur ki, narahat olmağa dəyməz, onsuz da bu baş tutan ideya deyil.


İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Əlaqələr Komitəsinin üzvü Həmid Rza Hacı Babayi Putinin təklifini Buşun siyasətinə sataşmaq kimi qiymətləndirib. Babayi deyir ki, Rusiya bilir ki, Amerikanın Avropada qurmaq istədiyi raket qalxanı İrana qarşı deyil.


Bu suala ABŞ Dövlət Departamentinin mətbuat katibi Makkormak birbaşa cavab verib. Onun fikrincə, bu müdafiə İrandan və Şimali Koreyadan gələn təhlükəyə qarşıdır.


İran parlamentinin digər deputatı Nəbi Rudəki isə deyir ki, Rusiyanın təklifi Moskvanın Vaşinqtonla birləşib İrana qarşı gəlməsi deməkdir. Rudəkinin fikrincə, Rusiya özünü Amerika qarşısında alçaltmamalıdır.


Təhlükəsizlik Komitəsinin üzvü Heşmətulla Fəlahətpişeh isə ümumiyyətlə Rusiyanı İranı satmaqda günahlandırıb. Deyib ki, əvvəllər də Rusiya böyük alverdə İranı satmaq təcrübəsinə malikdir: «İran ancaq elə ölkələrdən deyil ki, onu satmaq belə asan olsun». İranın Avropaya raket təhlükəsi olmağına gəlincə deputat deyir ki, İranın Avropa ölkələri ilə sıx əməkdaşlığı bu ittihamı rədd edir.


Bütün bunlar İran deputatlarının fikirləri və ya rəsmi qəzetlərində gedən münasibətdir. Ancaq bir məsələ də var ki, ölkənin rəsmi mövqeyini deputatlar yox Xarici İşlər Nazirliyi bildirir. Bu səviyyədə isə hələ ki, heç bir narazılıq eşidilməyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG