Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:07

Olimpiya Oyunlarının dilxorçuluqları…


Əhalinin məcburi köçürülməsi təkcə Pekinin problemi deyil
Əhalinin məcburi köçürülməsi təkcə Pekinin problemi deyil
Bir ölkədə olimpiya oyunlarının keçirilməsinin necə sevincli olmasını o ölkənin camaatından yaxşı kim bilər ki? Bu, hər şeydən əvvəl milyonlarla gözlərin həmin ölkəyə dikilməsidir. Sonrası da müxtəlif yerlərdən gələnlərlə ünsiyyətdə olmaq, pul gəlirləri, hər şeydən qazanmaq imkanları, kirayələrin qiymətinin qalxması...Ancaq gərək burda dayanaq. Bunlar və saymadığımız başqa xoş şeylərdən başqa, sən demə, olimpiya oyunlarının dilxorçuluq gətirən tərəfləri də varmış.

Elə gələn il Çində keçiriləcək Pekin Olimpiya Oyunlarından başlayaq. Olimpiya oyunlarına hazırlıqla bağlı bu ölkədə 1 milyon yarım əhali öz evindən başqa yerə köçürülüb. Bu da Cenevrədə yerləşən Məskunlaşma və Köçürülmə Hüquqları Mərkəzinin hazırladığı hesabata düşüb. Köçürülən adamların çoxusa evləri nəhəng idman obyektlərinin tikintisinin planına düşən kasıb adamlardır.


Mərkəzin direktoru Jan dü Plessi deyir ki, bu qədər adamın məcburi köçürülməsi acınacaqlı və dəhşətli haldır. Çünki bu adamların adekvat mənzillə təmin olunma hüquqları da pozulur. Hesabat müəllifləri deyirlər ki, bu məlumatları Pekin şəhər rəhbərliyi ilə dəqiqləşdiriblər. Çin rəsmilərinin sənədə münasibəti loyal olmayıb. Onlar deyirlər ki, hesabatdakı fikirlər əsassızdır, statistik məlumatlarsa şişirdilib.


Ancaq əhalinin məcburi köçürülməsi təkcə Pekinin problemi deyil. Geniş miqyaslı idman tədbirləri həmişə yerli əhaliyə narahatlıqlar gətirir. Misal üçün, Cənubi Koreyanın paytaxtı Seulda 1988-ci il Olimpiya Oyunları keçiriləndə 750 minədək insan məcburi köçürülməyə məruz qalmışdı. Jan dü Plessi: «Məcburi köçürülmə insanlara sosial baxımdan çox baha başa gəlir. Onlar bəzən daimi qazanc yerlərindən çox-çox uzaqlara gedirlər. Bu, onların həyatına böyük təsir göstərir. Yeni şəraitə uyğunlaşmaq üçünsə illər lazımdır».


Dü Plessi deyir ki, miqyasından asılı olmayaraq, heç bir idman tədbiri yerli əhalinin məcburən köçürülməsinə haqq qazandıra bilməz. O, bu baxımdan Kanadanın Vankuver şəhərində keçiriləcək 2010-cu il Qış Olimpiya Oyunlarının təşkilatçılarını alqışlayır: «Vankuverin Qış Olimpiya Oyunlarına hazırlığı bizi məmnun edir. Orada məsələnin sosial tərəflərinə xüsusi diqqət ayrılır. Şəhər rəhbərliyi görülən hazırlıq tədbirlərinin neqativ nəticələrinin olmamasını təmin etməyə çalışır».


Bu arada Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2014-cü il Qış Olimpiya Oyunlarına namizədliyini irəli sürmüş şəhərlər arasında ən yüksək qiyməti Cənubi Koreyanın turizm şəhəri Pyonq Çanqa verib. Qışda bütün dünyada yağıntının ildən-ilə azalmasına baxmayaraq, 700 metr hündürlükdə yerləşən bu şəhərdə bütün qışı möhkəm qar yağır. Pyonq Çanq, rəqibləri Rusiyanın Soçi və Avstriyanın Zalsburq şəhərlərini qabaqlayıb. BOK-un axırıncı qərarı gələn ay elan olunacaq. Əgər Pyonq Çanq qalib olsa, onda bu, Qış Olimpiya Oyunlarının keçirildiyi sayca üçüncü Asiya şəhəri olacaq. İndiyə qədər Avropa və Şimali Amerikadan kənarda yalnız iki dəfə Qış Olimpiya Oyunları keçirilib – 1972-ci ildə Yaponiyanın Sapporo şəhərində, 1998-ci ildə isə başqa bir yapon şəhəri Naqanoda.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG