Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:22

Uşaqlar internetdə nə axtarırlar?


Rəyi soruşulan uşaqların bir çoxu həyatlarını kompütersiz təsəvvür etmədiklərini deyirlər

Rəyi soruşulan uşaqların bir çoxu həyatlarını kompütersiz təsəvvür etmədiklərini deyirlər

«Gənc Liderlər» Uşaq Təşkilatı uşaqların asudə vaxtının necə təşkil olunması, onların yay tətilində fəaliyyətlərini müəyyənləşdirmək məqsədilə uşaqlar və valideynlər arasında sorğu keçirib.


Təşkilatın mətbuat xidmətindən «Media forum» saytına verilən məlumatda deyilir ki, ümumilikdə sorğuya cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən 200-dən çox uşaq və 100-ə yaxın valideyn cəlb olunub. Təşkilat sorğular zamanı azərbaycanlı uşaqların gələcəyini təhlükə altına alan bir sıra ciddi faktları müşahidə edib.


200 uşaq arasında keçirilən sorğu zamanı respondentlərdən 100 nəfəri «yay tətilinizi necə keçirəcəksiniz» sualına «kompüter arxasında» deyə cavab verib. Həyatlarını kompütersiz təsəvvür etmədiklərini deyən uşaqların «kompüterdən hansı məqsədlərdən istifadə edirsiniz» sualına cavabı gözlənilməz olub. 98 nəfərin cavabından belə məlum olub ki, onlar internetdən əxlaqsız portallardan və vəhşiliyi aşılayan oyunlardan istifadə etmək üçün yararlanırlar.


Rəyi soruşulan digər qrup uşaqlardan 60 nəfəri ümumiyyətlə yay tətilini keçirməyəcəklərini qeyd edərək nəinki tətillər zamanı, bütün dərs ili boyu sosial çətinliklər ucbatından müxtəlif əmək növləri ilə məşğul olduqlarını diqqətə çatdırıblar. 60 nəfərdən 55-i «işləmək sizə nə verir» sualına bu yolla pul əldə etdiklərini desələr də, bir çox hallarda istismara, təhqirə məruz qaldıqlarını da gizlətməyiblər.


Valideynlər arasında keçirilən sorğular zamanı 100 valideynin 47 nəfəri övladlarının hətta dərs ilində də internetdən qeyri-normal məqsədlər üçün istifadə etdiyini bildirib, eyni zamanda uşaqlara bu sahədə artıq qadağa qoya bilmədiklərini deyiblər.


«Gənc Liderlər» Uşaq Təşkilatı bu sorğunun nəticələri ilə bağlı Təhsil, Daxili İşlər, Nəqliyyat nazirliklərinə, Ailə Qadın və Uşaq Problemləri ilə İş üzrə Dövlət Komitəsinə və Ombudsmana müraciət edəcəyini vurğulayır.


Günün bütün mövzuları

XS
SM
MD
LG