Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:17

«Azərbaycan insan alveri üçün həm mənbədir, həm də tranzit ölkə»


Qadınlar seksual istismar üçün və məcburi işçi qüvvəsi kimi İran, Pakistan və Hindistana da aparılır

Qadınlar seksual istismar üçün və məcburi işçi qüvvəsi kimi İran, Pakistan və Hindistana da aparılır

Azərbaycan cinsi istismar və məcburi əmək məqsədilə kişi, qadın və uşaqlar üçün həm mənbədir, həm də tranzit ölkədir. Bu barədə ABŞ Dövlət Departamentinin dünyada insan alverinin vəziyyəti haqqında illik hesabatında deyilir. Bildirilir ki, Azərbaycandan qadınlar seksual istismar məqsədiylə daha çox Türkiyəyə və Birləşmiş Ərəb Əmirliklərinə aparılır. Bundan başqa qadınlar və kişilər seksual istismar üçün və məcburi işçi qüvvəsi kimi İran, Pakistan və Hindistana da aparılır.


Hesabatda Azərbaycandan uşaqların seksual istismar məqsədiylə Türkiyəyə, işçi qüvvəsi kimi isə Rusiyaya göndərildiyi deyilir. Ölkə daxilində də insan alverinin davam etdiyi vurğulanır. Qadınlar seksual, kişilər tikinti işlərinə cəlb olunmaqla, uşaqlar isə dilənçilik məqsədiylə insan alverinə məruz qalırlar. Hesabatda deyilir ki, Özbəkistan, Qırğızıstan və Moldovadan Türkiyəyə və Birləşmiş Ərəb Əmirliklərinə qurbanlar tranzit kimi Azərbaycandan aparılır.


Son illərdə Azərbaycanda həm insan alveri qurbanlarının sayının artmasını, həm də ona qarşı mübarizənin gücləndiyini hökumət də qeyri-hökumət təşkilatları da bildirirlər. 2006-cı ildə insan alveri qurbanları üçün hökumət sığınacaq açıb. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov deyir ki, burda qurbanlar bərpa prosesini tam keçə bilirlər.


Təmiz Dünya təşkilatının sədri Vəfa Saleh deyir ki, Azərbaycandan olan qurbanların aparıldığı ölkələr sırasına son illər Avropa ölkələri də əlavə olunub.


Azərbaycanda insan alverinə qarşı mübarizə aparmaq üçün 2004-cü ildə prezident fərman imzalayıb, daha sonra Milli Fəaliyyət Proqramı hazırlanıb.


ABŞ Dövlət Departamentinin hesabatına deyilir ki, Azərbaycan hökuməti insan alverinin ləğvi üçün minimum standartlara tam cavab verməsə də, bu istiqamətdə səylər göstərir. Sənədin tövsiyələr hissəsində isə göstərilir ki, hökumət insan alverinin qarşısını almaq üçün tədbirləri gücləndirməli, bu işlə bağlı olan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün səylərini artırmalıdır.


Ötən il Azərbaycanda insan alveriylə bağlı 192 cinayət işi açılıb. 155 nəfər mühakimə olunub. Onlardan 48-i azadlıqdan məhrum edilib, 107-si şərti cəza alıb və ya cərimələnib.


Hesabatda ölkələr problemin ciddiliyinə görə sıralara bölünüb. Azərbaycan ikinci sıradadır. Bu o deməkdir ki, hakimiyyət problemin həlli üçün tədbirlər görür, ancaq görülən tədbirlər yetərli deyil.


XS
SM
MD
LG