Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:02

Əsirin Ermənistana və Dağlıq Qarabağa qayıtmaq istəyinin olmadığı deyilir


Vaxtilə Bakıda yaşamış və sonradan Dağlıq Qarabağa köçmüş Vitali Suleymanyan Azərbaycan tərəfə əsir düşüb. Bu haqda «Azadlıq» radiosuna Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən bildiriblər. Məlumatda onun hərbçi olmadığı və bu ilin mayında əsir düşdüyü deyilir. Suleymanyanın əsir düşməsinə səbəb kimi, dumanlı havada yolunu azması göstərilir. Nümayəndəliyin işçisi Gülnaz Quliyeva bildirir ki, Komitə əməkdaşları artıq mayın 25-də Vitali Suleymanyanla görüşüblər, onun saxlanma şəraiti və psixoloji vəziyyəti ilə maraqlanıblar. Ona ailəsi ilə əlaqə saxlamaq da təklif olunub.


Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla bağlı Dövlət Komissiyasından isə «Turan»a bildirilib ki, Vitali Suleymanyanın Dağlıq Qarabağa və ya Ermənistana qayıtmaq niyyəti yoxdur, o, üçüncü ölkəyə getmək istəyir. Komissiya bu məqsədlə Beynəlxalq Qırmızı Xaç Komitəsinə və BMT-yə müraciət etməyə hazırlaşır.


Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayev də məlumatı təsdiqləyib. O, işğal olunmuş ərazilərdə yaşamış Vitali Suleymanyanın Dağlıq Qarabağa və ya Ermənistana qaytarılmasını istəmədiyini də bildirib. MTN rəsmisinin sözlərinə görə, əsir Azərbaycandan üçüncü ölkəyə verilməsini xahiş edib: «Bunun səbəbləri araşdırılır və yaxın günlərdə ictimaiyyətə geniş məlumat veriləcək».


Bununla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsindən «Azadlıq» radiosuna deyiblər ki, bü cür məlumatlar adətən məxfi saxlanır və yalnız ailələrə çatdırılır.


XS
SM
MD
LG