Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:08

Amerikalı olmaq çətinləşir


ABŞ-a qeyri-qanuni yolla daxil olmaq istəyənlərin sayı arta bilər
ABŞ-a qeyri-qanuni yolla daxil olmaq istəyənlərin sayı arta bilər

Amerikanın Daxili Təhlükəsizlik Nazirliyinin Vətəndaşlıq və İmmiqrasiya Xidməti bu ölkədən vətəndaşlıq və ya daimi yaşamaq hüququ almaq üçün rüsumun artacağını bildirib. Rüsumun qalxması nazirliyə hər il əlavə 2,3 milyard dollar xalis gəlir gətirəcək. Nazirlik deyib ki, immiqrantlara göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmaq, Vətəndaşlıq və İmmiqrasiya Xidmətinə bu iş üçün daha 1500 işçi götürmək və yeni avadanlıqlar almaq üçün əlavə vəsaitə ehtiyacı var. Nazirliyin büdcəsinin 99 faizi immiqrantların ödədikləri rüsumdan ibarət olduğuna görə büdcəni artırmağın yeganə yolu həmin rüsumu qaldırmaqdır.


Mövcud immiqrasiya sisteminin müəllifi olan Konqres də hesab edir ki, artan xərclər vergi ödəyicilərindən yox, bu sistemdən faydalanan immiqrantlardan alınmalıdır.


Bununla da iyulun 30-dan ABŞ vətəndaşlığı almaq üçün rüsum 200 dollardan da çox artıb 330 dollardan 595 dollara qalxacaq. Bundan başqa barmaq izinin götürülməsiylə bağlı elektronlaşdırılmış prosedura görə də immiqrantlar daha 80 dollar ödəməli olacaqlar. İndi isə bu proseduranın qiyməti 70 dollardır.


ABŞ-da daimi yaşayış hüququ almaq istəyənlər üçünsə rüsum artımı daha çoxdur. 14 yaşından yuxarı hər kəs adam üçün 1010 dollar. Bu, indiki rəqəmdən üç dəfə çoxdur.


Rüsumun belə radikal artımının əleyhinə olanlar deyirlər ki, yüksək rüsum həddi kasıb insanların Amerika vətəndaşlığı almasını demək olar ki, qeyri-mümkün edəcək. Onların fikrincə, bu qərar 200 ildən artıq müddətdə əhalisi immiqrantların hesabına ilbəil artın Amerikaya immiqrant axınını azaldacaq.


İmmiqrantların maraqlarını ifadə edən «ABŞ-da və xaricdə immiqrasiya xəbərləri» adlı bülletenin naşiri Sezar Orantes isə bildirir ki, rüsumun artması Amerikaya immiqrant axınını zəiflətməyəcək. Sadəcə olaraq, ABŞ-a qeyri-qanuni yolla daxil olmaq istəyənlərin sayını artıracaq.


Orantesin dediyinə görə, İmmiqrasiya Xidməti uzun müddət Birləşmiş Ştatlar hökumətində ən az fəaliyyət qabiliyyətli idarə hesab olunub. Səbəbi də odur ki, bu xidmət eyni zamanda 3 nazirliyə tabedir: Dövlət Departamenti, Ədliyyə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyinə. Viza üçün müraciətlər bu nazirliklər arasında ondan ona, ondan da o birinə ötürülür. Nəticədə müraciətlərə baxılması aylar, bəzən daha çox sürür. Səbir kasası dolmuş immiqrantınsa bir çıxış yolu qalır: «Viza üçün müraciət edən uzun müddət onu ala bilmir. Çünki bu, çox bürokratik və çox pis təşkil olunmuş bir prosesdir. Amerikaya qanuni yolla daxil olmaq o qədər müşkül məsələdir ki, çox adam qeyri-qanuni yolla gəlməyə qərar verir».


Orantesin deyir ki, artıq Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin işini təkmilləşdirmək vaxtıdır. Bütün bu proses nə qədər az bürokratik olarsa, immiqrasiya müraciətlərinə baxılması xərcləri də bir o qədər az olar.


XS
SM
MD
LG