Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:57

«Stratfor» Mərkəzi: Putinin təklifi Amerikaya əl vermir


«Rusiya yəqin ki, çalışacaq ki, həm radar, həm də raket vuran sistem Azərbaycanda yerləşsin»

«Rusiya yəqin ki, çalışacaq ki, həm radar, həm də raket vuran sistem Azərbaycanda yerləşsin»

«Stratfor» mərkəzi bildirir ki, Rusiyanın təklifi ilk baxışda Amerikaya sərfəli gəlir. Belə ki, Azərbaycan İranın qonşuluğundadır, üstəlik də Qəbələ RLS dünyada ən böyük radarlardandı. O Yaxın Şərqi Hind okeanına qədər, Çini, hətta Şimali Afrikanı da nəzarətdə saxlamağa imkan verir.


Amma bir iş var ki, Amerikanın raketdən müdafiə sistemi iki hissədən-radar və raket vuran qurğudan ibarətdir. Radar düşmənin raket buraxmasını aşkar edir, daha sonra onu izləyir və həmin raketi məhv etmək işini raketi vuran silahlarla koordinasiya edir. Əgər bu qurğuların hər ikisi Azərbaycanda yerləşsə belə, bununla İrandan Avropaya atılan raketlərin qarşısını almaq olmaz.


Çünki raket əleyhinə sistemin düşmənin buraxdığı raketə tuşlanıb onu vurması üçün vaxt lazımdı. Raketin hara uçduğunu proqnozlaşdırmaq üçün gərək həmin raket öz ballistik cığırını cızmağa başlasın. Əvvəlcə yuxarı qalxmağa, sonra da öz cığırını cızmağa başlasın. Əgər raket məsələn, İranın şimal-qərbindən buraxılsa, Azərbaycandakı radar həmin raketin hara getdiyini aşkar edə bilər, amma Azərbaycandakı raketdən müdafiə sisteminin işə düşüb raketi vurması çətin olacaq. Belə qısa məsafələrdə raketdən müdafiə sisteminin uğurla fəaliyyət göstərməsi çətindir, hətta ən müasir raket əleyhinə sistem olsa belə.


Amerikaya sərf edər ki, radar Azərbaycanda, raketi vuran silah isə məsələn, Polşada yerləşsin. Belə olan təqdirdə düşmən raketini məhv etmək üçün vaxt qalır. Putin isə raketdən müdafiə qurğularının Polşada yerləşdirilməsinin əleyhinə olmaqda davam edir. Elə buna görə də «Stratfor» Mərkəzi iddia edir ki, Putinin təklifi Amerikaya əl vermir.


NATO-nun baş katibi Yap de Hoop Sxeffer də deyib ki, Rusiyanın təklifi ilə bağlı tələsməyə dəyməz.


«Stratfor» Mərkəzi deyir ki, əslində Putinin təklifi siyasi xarakterlidir. Beynəlxalq media bunu dostcasına təklif kimi işıqlandıracaq. Yəni Rusiya ABŞ-la ziddiyətləri dərinləşdirmir, münasibətlərdən «soyuq müharibə» iyi gəlmir. Amma reallıqda alınan məsələ deyil.


Üstəlik də «Strafor» Araşdırmalar Mərkəzində düşünürlər ki, bu təklifin Amerikaya sərf etməyən başqa cəhəti də var-o da ondan ibarətdir ki, Qəbələdə birgə işləsələr ruslar Amerikanın raketdən müdafiə texnologiyaları haqqında çox asan kəşfiyyat məlumatı toplaya biləcəklər. Üstəlik həmin texnologiyalara müdaxilə etmək, hətta sıradan çıxarmaq da mümkün olar. Ballistik raketdən müdafiə sistemi isə gərək təhlükə anında yüz faiz etibarlı fəaliyyət göstərə bilsin.


Bundan başqa Qərbin texnologiyalarından nə qədər geri qalsa da, İran Azərbaycan ərazisində radiomaneələr yarada bilər ki, bu da radar və raketdən müdafiə sisteminin işini iflic olması ilə nəticələnər.


«Nyu-York Times» qəzeti də təklifə şübhə ilə yanaşır-yazır ki, Putinin təklifi elədi ki, bu məsələdə gərək yaxından əməkdaşlıq olsun. Belə əməkdaşlığı isə ancaq yaxın müttəfiqlər edə bilər. Elə müttəfiqlər ki, aralarında böyük inam-etibar olsun. Vaşinqtonla Moskva arasında isə kifayət qədər mübahisəli məsələlər var. Məsələn, İranın nüvə proqramı, Rusiyada demokratiyanın geriləməsi, Kosovonun statusu və sair kimi. Ona görə də Putinin təklifiinin səmimiliyi bir çoxlarında şübhə doğurur.


Londondan olan raket mütəxəssisi Dankən Lenoks da «Azadlıq» radiosuna müsahibəsində eyni şeyi deyir.


Lennoks bildirir ki, ruslar sadəcə istəyirlər ki, sovet dövründə olduğu kimi dünyada nə baş verirsə, onlarla məsləhətləşsinlər. Özü də bu təklif tam yeni deyil. Bir neçə il əvvəl də ruslar təklif etmişdilər ki, Avropanı və Şərqi Rusiyanı müdafiə etmək üçün radar sistemlərimiz əlaqəli işləsin.


Lenoks deyir ki, rusların əlavə raketdən müdafiə sisteminə ehtiyacları yoxdur. Çünki 30 ildən çoxdur ki, onların Moskva yaxınlığında raketdən müdafiə sistemi mövcuddur, təzəlikcə də onu müasirləşdiriblər, bu da Rusiya üçün istənilən təhlükənin qarşısını almağa qadirdir.


«Azadlıq» radiosunun şərhçisi Viktor Yasman isə deyir ki, Rusiya bu təkliflə özünü konstruktiv göstərməklə yanaşı həm də Amerikayla yeni silah yarışının qarşısını almaq istəyir, çünki Rusiyanın belə bir yarış üçün maliyyə imkanları məhduddur.


Yasman deyir ki, iki ölkə arasında danışıqlarda Amerika çalışacaq ki, raket əleyhinə müdafiə sistemini Şərqi Avropada yerləşdirmək planları ilə Putinin sistemi Azərbaycanda yerləşdirmək təkliflərini sintez etsin. Amma Rusiya yəqin ki, çalışacaq ki, həm radar, həm də raket vuran sistem Azərbaycanda yerləşsin.


Günün bütün mövzuları

XS
SM
MD
LG