Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:17

Xınalıq yoxolma təhlükəsi ilə üzləşib


Qubanın Xınalıq kəndinin «qaradam» kimi tanınan evləri dağlarla bir-birini tamamlayır
Qubanın Xınalıq kəndinin «qaradam» kimi tanınan evləri dağlarla bir-birini tamamlayır

Quba rayonunun Xınalıq kəndi dünyada yoxolma təhlükəsi ilə üzləşən 100 mədəni və tarixi obyektlər siyahısına daxil edilib. Siyahını ABŞ-ın Ümumdünya Abidələr Fondu tərtib edib.


Fondun rəsmi saytında deyilir ki, Qafqaz dağlarında dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən Xınalıq kəndi «qaradam» kimi tanınan evləri ilə məşhurdur. Çay daşlarından ənənəvi üslubda tikilmiş evlər bir otaqdan ibarətdir. Onların düz damları və bayıra tüstünü çıxarmaq üçün bacası var.


«Qaradam»lar kəndin sığındığı dağları tamamlayır. Evlər bir-birinə o qədər yaxın tikilib ki, onları ayıran küçələr və həyətlər yoxdur. Aşağıda tikilmiş evlərin damı yuxarıdakı evlər üçün həyət rolunu oynayır.


Ucqar kəndin sakinləri etnik azlıqdır və öz dillərində danışırlar. Yaşlılar deyir ki, ilk əvvəl kənddə dörd müxtəlif qəbilə olub, onların hər biri öz məhəlləsində yaşayıb və Xınalıq dilinin ləhcələrində danışıblar.


Arxeoloji tapıntılar kəndin iki min il əvvəl salındığını təsdiqləsə də, indiki qalıqlar XVII-XIX əsrlərə aiddir.


Yaxınlarda Xınalıqla Quba arasındakı yolun inşası bir vaxtlar təcrid olunmuş kəndin xarakterini, təbiətini dəyişir. Gözlənilir ki, bununla Xınalığa turistlərin cəlb edilməsi və yerli iqtisadiyyatın inkişafı asanlaşacaq.


ABŞ-ın Ümumdünya Abidələr Fondu turizm və inkişaf layihələrini alqışlayır. Amma bununla yanaşı fond hesab edir ki, Xınalığın özünəməxsus təbiətinin qorunub saxlanması ilə bağlı narahatlıq var. «Ümidvarıq ki, siyahıya salınması Xınalığa böyümək və ətraf dünya ilə daha yaxşı əlaqə qurmağa imkan verəcək, bir şərtlə ki, onun özünəməxsus xüsusiyyətlərinə xələl gəlməsin».


Yoxolma təhlükəsi ilə üzləşən 100 mədəni və tarixi obyektlərin tam siyahısı ilə buradan tanış ola bilərsiniz.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG