Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:42

Yeni demokratiya dalğası yarana bilərmi?


«Ümidlər daha çox demokratiyalara beynəlxalq dəstəklə bağlıdır»

«Ümidlər daha çox demokratiyalara beynəlxalq dəstəklə bağlıdır»

Hazırda beynəlxalq siyasətdə ABŞ-la Rusiya arasında yaranmış soyuqluq daha çox müzakirə olunsa da, Praqada keçirilən təhlükəsizlik və demokratiya konfransı da az əhəmiyyətli deyildi. Qloballaşan dünyada demokratiyanın taleyi, qeyri–demokratik dövlətlərə münasibət, təhlükəsizliklə demokratiyanın nisbəti, ABŞ-ın dünya demokratiyalarının dəstəklənməsindəki rolu – bütün bunlar konfransda müzakirə mövzusu idi. Bizim ölkə üçün də bu problemlər az əhəmiyyət kəsb etmir. Hazırda digər yeni yaranmış demokratiyalarla bahəm Azərbaycanda da bu yoldan sapınmalar müşahidə olunur. İnsanlar bunun səbəbləri haqqında çox fikirləşirlər. Əksəriyyətin rəyi belədir ki, son illər beynəlxalq siyasətdə prioritetlər dəyişib. Axır vaxtlar təhlükəsizlik problemləri önə keçib. Hərçənd demokratiya ilə təhlükəsizlik bir o qədər də ziddiyyət təşkil etmir. Amma bu tendensiyadan istifadə edən yerli hakimiyyətlər avtoritarizmə meyl edirlər. Belə tendensiya özünü daha çox keçmiş sovet respublikalarının bir qismində biruzə verir. Keçmiş sovet respublikaları arasında ancaq Baltikyanı ölkələrdə demokratiya dönməz xarakter alıb. Bu respublikalar Avropanın demək olar ki, bütün strukturlarına inteqrasiya olunublar. Amma onlar da Rusiyanın təzyiqlərini hiss etməkdədirlər. Təkcə Estoniya ilə Rusiya arasında son vaxtlar yaranmış problemləri qeyd etmək kifayətdir. İş o yerə çatdı ki, ABŞ Konqresi Estoniyanı müdafiə edən qətnamə qəbul etdi.



Əlahiddə vəziyyətdə qalan respublikalardan biri də Ukraynadır. Burada demokratlar hakimiyyətdə olsalar da, Rusiyanın təzyiqləri onlara Avropa strukturlarına ürəkləri istəyən qədər yaxınlaşmağa imkan vermir.



Baltikyanı respublikalar və Ukrayna istisna olunmaqla digər respublikalarda demokratiyalar problemli anlar yaşayırlar. Ən kəskin vəziyyət Orta Asiyada müşahidə olunur. Elə Rusiyanın özündə də vəziyyət qənaətbəxş deyil. Bu ölkədə təkcə son illərdə ondan çox jurnalist qətlə yetirilib. Siyasi partiyaların fəaliyyəti məhdudlaşdırılıb, iş adamları sıxışdırılır. Prezident Putin demokratiyadan daha çox «effektiv dövlət» haqqında danışır. Bundan başqa, Rusiya Qərblə, Avropa strukturları ilə könülsüz əməkdaşlıq edən bəzi keçmiş sovet respublikalarına avtoritarizmə yuvarlanmaqda özünəməxsus yardımlar edir.



Təəssüf ki, Praqa konfransı kimi tədbirlərə azərbaycanlı demokratlar dəvət olunmurlar. Hərçənd ki, onların deməyə sözü çoxdur. Mətbuat çox ağır vəziyyətdədir. Yeddi jurnalist həbsdədir. Bir neçə qəzet nəşrini dayandırıb. Əsas siyasi partiyalar ya qərargahlarından məhrum olunublar, ya da şəhərin ucqarlarına sıxışdırılıblar. Ölkədə siyasi apatiya və ümidsizlik hökm sürür. Siyasi aksiyaların, piketlərin, mitinqlərin keçirilməsinə demək olar ki, imkan verilmir. Ümidlər daha çox demokratiyalara beynəlxalq dəstəklə bağlıdır. Bu baxımdan Praqa konfransı müəyyən ümidlər yaradır. Amma onu da qeyd etmək lazımdır ki, Azərbaycan konfranslardan daha çox Avropa strukturları ilə bağlı ölkədir, ATƏT-in, Avropa Şurasının üzvüdür. Bu strukturlar bəzi məsələlərin həllində daha ardıcıl və prinsipial ola bilərdilər. Amma fikirlər belədir ki, yeni demokratiya dalğası yaranmayana qədər ciddi irəliləyiş gözləmək əbəsdir. Elə Praqa konfransı da bu suala cavab verməlidir: Yeni demokratiya dalğası yarana bilərmi? Buna ümid varmı? Hamı konfransdan bu suallara cavab gözləyirdi. Amma bir məsələ də var ki, demokratiyanı konfranslar deyil, yerlərdə insanlar özləri bərqərar edirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG