Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:54

Yaşlı müəllimlər niyə təqaüdə çıxmır?


75 yaşı keçən müəllimlərdə səhhət problemləri ucbatından tədris keyfiyyətsiz alınır

75 yaşı keçən müəllimlərdə səhhət problemləri ucbatından tədris keyfiyyətsiz alınır

2007-ci ilin yeni dərs ilinə qədər orta və ali məktəblərdə islahat gözlənir: təqaüd yaşını keçmiş müəllimlər yerlərini gənc mütəxəssislərə verməlidirlər. Təhsil naziri Misir Mərdanov bunu belə əsaslandırır ki, ali və orta təhsil müəssisələrində yaşı 80-ə yaxınlaşan, hətta 80-dən yuxarı olan əksər müəllimlər dərs demək üçün yetərincə fiziki imkanlara malik deyillər. Bu da öz növbəsində təhsilin keyfiyyətinə təsirsiz ötüşmür.


Elə ötən il də nazir bu məsələni qabartsa da, heç bir real addım atılmadı. Bəs, nazirlik təqaüd yaşını keçmiş müəllimləri hansı şərtlərlə dərsdən uzaqlaşdıracaq? Təcrübəsi və biliyi yüksək qiymətləndirilən, amma artıq yaşlaşmış müəllimlərə fərq qoyulacaqmı?


Təhsil Nazirliyinin Kadrlar şöbəsinin müdiri Xəyyam Fərəcov deyir ki, hələlik şərtlər dəqiq müəyyənləşdirilməyib. Bircə onu bilirlər ki, dərs demək iqtidarında olmayan müəllimlər istirahətə yola salınacaq: «Onların hamısının iş qabiliyyəti işəgötürən tərəfindən qiymətləndiriləcək. Əgər müəllim mühazirəni saralmış vərəqlərdən oxuyursa və oxuduğunu özü də anlamırsa, belə adamlar işdən çıxarılacaq».


Nazirlikdən bildirirlər ki, Azərbaycanda 170 mindən çox müəllim var, orta təhsil məktəblərində yaşı 65-i keçənlərin sayı 15 faizi ötməsə də, ali məktəblərdə onlar daha çoxdur. Xəyyam Fərəcov da deyir ki, aparılan monitorinqlər göstərir ki, 75 yaşı keçən müəllimlərdə səhhət problemləri ucbatından tədris keyfiyyətsiz alınır. Cənab Fərəcov hesab edir ki, islahat vəzifəli, vəzifəsiz müəllimlərə fərq qoymayacaq və bütün addımlar Əmək Məcəlləsinə uyğun şəkildə atılacaq.


Nazirlik eyni zamanda müəllim çatışmayan ucqar dağ rayonlarında işləmək həvəsini stimullaşdırmaq üçün bir sıra tədbirlər görür. Məsələn, həmin yerlərdə işləmək istəyənlər üçün yüksək maaş verilir, torpaq sahəsi ayrılır. Xəyyam Fərəcov deyir ki, belə yerlərdə yaşlı müəllimlər islahatdan kənar qalacaq.


Söhbət etdiyim yaşlı müəllimlər də hesab edirlər ki, dərs deməyə gücü yetməyənlər artıq işləməməlidirlər. Səhhəti imkan verən müəllimlərə isə yaş məhdudiyyəti yaradılmamalıdır. Azad Müəllimlər Birliyinin rəhbəri Məlahət Mürşüdlünün fikrincə, yaşına görə kimisə işdən uzaqlaşdırmaq insan haqlarının pozulması kimi qiymətləndirilməlidir. Onun bildirdiyinə görə, yaşı 70-80-i ötmüş müəllimlərin arasında sorğu aparıb bu yaşda işləmək səbəblərini öyrəniblər. Məlum olub ki, onların əksəriyyəti dolanışıq ucbatından işləməyə məcbur olur. Məlahət Mürşüdlü deyir ki, müəllimlərin təqaüdü real bazar qiymətlərinə uyğunlaşarsa, heç kim bu yaşında əziyyət çəkib işləməz, yerini də könüllü tərk edər.


Günün bütün mövzuları

XS
SM
MD
LG