Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:41

Orta Asiya prezidentlərinin «yazıçılığı»


Orta Asiya prezidentlərinin kitabları içərisində ən məşhuru «Ruhnamə»dir
Orta Asiya prezidentlərinin kitabları içərisində ən məşhuru «Ruhnamə»dir

Özbəkistan universitetlərində semestr imtahanları yaxınlaşdıqca kitabxanalarda və kitab mağazalarında prezident İslam Kərimovun əsərlərinə tələbat artır. Çünki özbək tələbələr diplom almaq üçün mütləq prezidentin kitablarından imtahan verməlidirlər.


Adının çəkilməsini istəməyən daşkəndli bir kitabxanaçı deyir ki, ilin məhz bu vaxtı prezident Kərimovun kitabları, o cümlədən bu əsərlərin yeni buraxılmış CD versiyaları tələbələr arasında çox dəbdə olur: «Bizdə həmin kitabların 11 hissəlik elektron variantı var. Onlardan daha çox tələbələr istifadə edirlər. Yaşlı adamlarsa tədqiqat aparanda həmin əsərləri istəyirlər».


Özbəkistanda ali məktəblərə daxil olmaq istəyən abituriyentlərə də dövlət başçısının kitablarından suallar təqdim olunur.


1989-cu ildən Özbəkistanı idarə edən Kərimov ölkənin daxili və xarici siyasəti, tarixi, iqtisadiyyatı və mədəniyyəti haqqında onlarla kitabın müəllifidir. Ancaq o, Orta Asiyada çoxsaylı kitab müəllifi olan yeganə prezident deyil.


Qonşu Qazaxıstanda prezident Nursultan Nazarbayev onlarla elmi-tədqiqat əsərinin, o cümlədən «Müstəqilliyin strategiyası», «Avrasiyanın ürəyində» kimi kitabların müəllifidir.


Tacikistan prezidenti İmaməli Rahmonun da bir neçə kitabı çıxıb. Onun yazdıqlarının çoxu tacik xalqının tarixi barədədir.



«Təsəvvür edin, Kərimovun kitablarını daşımaq üçün 123 vaqon lazımdır»
Prezidentliyinin 4 ayı tamam olar-olmaz Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov da ölkə rəhbəri kimi özünün ilk kitabını buraxıb. İxtisasca diş həkimi olan keçmiş Səhiyyə naziri Berdimuhammedovun bu kitabında Türkmənistanın səhiyyə sisteminin keçmişi, hazırkı durumu və perspektivləri müzakirə olunur.


Türkmənistanın ilk prezidenti Saparmurad Niyazov da çoxlu kitab nəşr etdirmişdi. Onlar arasında ən məşhuru «Ruhnamə» idi. Mərhum prezident bu əsərini türkmənlərin müqəddəs kitabı kimi onların stolüstü vəsaitinə çevirmişdi. «Ruhnamə»ni orta və ali məktəb proqramlarının mühüm tərkib hissəsi halına gətirmişdi.


Düzdür, Berdimuhammedov hələlik öz kitabının orta və ali məktəb proqramlarına daxil edilməsi barədə göstəriş verməyib. Amma yerli medianın yazdığına görə, prezidentin kitabı tələbələr və müəllimlər arasında geniş müzakirə olunacaq.


Niyazovun hakimiyyəti dövründə türkmən rəsmiləri öz vəzifələrində qala bilmək üçün hər il «Ruhnamə»dən imtahan verməli idilər. Tacikistanda isə hökumət rəsmilərinin çoxu prezidentə «hörmətlərini» göstərmək üçün İmaməli Rahmonun kitablarını iş otaqlarında, hətta evlərində saxlayırlar.


Orta Asiyada prezidentlərin kitabları adətən bahalı parıltılı kağızlarda və qalın cildlərdə nəşr olunur. Özbək jurnalisti Əbdürəhman Taşanov deyir ki, hökumət prezident Kərimovun böyük tirajlı kitablarını nəşr etməyə yüz minlər dollar xərcləyir: «Mənim hesablamalarıma görə, hətta 27 milyon əhalisi olan Özbəkistanda hər adam Kərimovun kitablarından bir nüsxə alsa belə, yenə 4 milyon nüsxə artıq qalar. Özbək Sovet Ensiklopediyasına görə, Leninin əsərləri vaxtilə Özbəkistanda 6 milyondan az nüsxədə nəşr olunub. Kərimovun kitabları 31 milyon nüsxədədir. Bu da Leninin əsərlərinin tirajından 5 dəfə çoxdur. Bu, hətta Brejnevin kitablarından da artıqdır. Təsəvvür edin, Kərimovun kitablarını daşımaq üçün 123 vaqon lazımdır».


Orta Asiya xalqları liderlərin özlərinin və kitablarının bütləşdirməsiylə bağlı çox halların şahidi olublar. Ancaq bu liderlər öləndən, ya da siyasi səhnədən gedəndən sonra onların kitabları da yoxa çıxıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG