Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:36

Rober Menar Əli Həsənova etiraz edir


«Mən hakimiyyətin bir daha bizim təşkilatla əməkdaşlıq etməyəcəyi haqqında bəyanatınızdan təəssüf edirəm»

«Mən hakimiyyətin bir daha bizim təşkilatla əməkdaşlıq etməyəcəyi haqqında bəyanatınızdan təəssüf edirəm»

«Turan»ın məlumatına görə, «Sərhədsiz reportyorlar» beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatının baş direktoru Rober Menar Prezidentin İcra Aparatının İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənovun bu qurumun «ermənipərəst» olması haqqında bəyanatına cavab olaraq ona məktub ünvanlayıb: «Bir qədər əvvəl siz bildirirdiniz ki, «Sərhədsiz reportyorlar»ın Azərbaycanda mətbuat azadlığının pozulmasına dair baxışları qərəzlidir. Siz həmçinin ANS-ə müsahibənizdə demisiniz ki, bizim təşkilat ermənipərəst mövqe tutur və bizi Fransa parlamentinin 2006-cı il oktyabrın 12-də qəbul etdiyi «erməni soyqırımı»nı inkara görə, məsuliyyət nəzərdə tutan qanunu tənqid etməməkdə ittiham etmisiniz».


Menar həmin sənədin Fransa Milli Assambleyası tərəfindən qəbul edilməsindən cəmi bir gün sonra «Sərhədsiz reportyorlar»ın onu öz press-relizlərində pislədiklərini Həsənovun nəzərinə çatdırmağı vacib sayır. Fransız və ingilis dillərində www.rsf.org saytında yerləşdirilən bu press-relizdə Fransanın fundamental dəyərləri və xüsusilə ifadə azadlığı ilə uzlaşmayan bu qanunun təndiqi əks olunub.


Rober Menar bildirir ki, bu cür yanaşma müzakirələrə xidmət etməkdənsə, ziddiyətləri daha da kəskinləşdirəcək: «Yarandığı vaxtdan bizim təşkilat barışığa xidmət edə bildiyi bütün ölkələrin hakimiyyətlərilə daimi dialoq vəziyyətindədir. Mən Azərbaycan hakimiyyətinin bir daha bizim təşkilatla əməkdaşlıq etməyəcəyi haqqında bəyanatınızdan təəssüf edirəm».


Təşkilatın baş direktoru deyir ki, «Sərhədsiz reportyorlar» hər hansı siyasi qurum və partiyalarla əlaqə saxlamayan qeyri-hökumət təşkilatıdır: «Bizim məqsədimiz məlumatlı olmaq və məlumat vermək üçün vətəndaşların və jurnalistlərin hüquqlarını müdafiə etməkdir. Bu azadlıqlar istənilən demokratik cəmiyyətin təməl daşıdır. Biz Azərbaycanda mətbuat azadlığını müdafiə etmək üçün bütün səylərimizi səfərbər etmək istəyirik».


«Sərhədsiz reportyorlar» mayın 3-də yaydığı siyahıda Azərbaycan prezidentini «Mətbuatın düşmənləri» siyahısına daxil edib. Bundan sonra hakimiyyətdə təmsil olunan bir sıra şəxslər, o cümlədən Əli Həsənov sözügedən təşkilatı qərəzli olmaqda və «siyasi sifariş» yerinə yetirməkdə ittiham edərək, bu qurumla əməkdaşlıq etməyəcəklərini bildiriblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG