Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:06

Ermənistanda mədəni irsin qorunmasında diasporun xüsusi rolu var

  • Ruben Meloyan

«Yerevanda böyük itkilərimiz çox oldu. İndi şəhərin tarixi-mədəni bərpası ilə bağlı layihələr hazırlanır»

«Yerevanda böyük itkilərimiz çox oldu. İndi şəhərin tarixi-mədəni bərpası ilə bağlı layihələr hazırlanır»

Ermənistanın mədəni irsinin qorunması həmişə dövlət qurumlarının və ictimaiyyətin diqqət mərkəzində olub. Abidələrin Mühafizəsi Milli Agentliyinin rəhbəri Artyom Qriqoryan deyir ki, bu gün abidələrin qorunması sahəsində çoxsaylı problemlər olsa da, 2004-cü ildən dövlət büdcəsindən həmin məqsəd üçün ciddi məbləğdə vəsait ayrılır. Bu məbləğ ildən ilə artdığı kimi mədəni irsin qorunmasına diqqət də artır.


2007-ci ildə isə bu məqsədlər üçün büdcədən 700 milyon dram ayrılıb.


«Nəzərə alsaq ki, abidələrin hamısı bizim üçün qiymətlidir və onların, yəni təxminən 24 min 200 abidənin 70 faizinin bərpaya ehtiyacı var, aydın olur ki, bu məbləğ çox azdır. Ancaq ümidvarıq ki, yaxın illərdə daha çox tarixi abidəni bərpa etmək mümkün olacaq».


Tarixi abidələrin qorunması sahəsində problemlər də olmamış deyil. Götürək elə Yerevanı, paytaxtın köhnə hissəsi demək olar ki, yoxa çıxıb, onun yerində isə milli memarlıq elementlərindən uzaq rayon yaranıb.


Artyom Qriqoryan deyir ki, qanunvericilik zəif olduğundan yeni binaların tikilməsində ümumi standart nəzərə alınmayıb. «Yerevanda böyük itkilərimiz çox oldu. İndi şəhərin tarixi-mədəni bərpası ilə bağlı layihələr hazırlanır. Paytaxtın tarixi-mədəni abidələrinin yoxa çıxması kədərli və əhəmiyyətli faktlardan biridir».


Son 15-20 ildə Ermənistanın yüzdən artıq muzeyləri də ciddi sınaqla üzləşib. Spitak zəlzələsi və digər hadisələr nəticəsində muzeylərin bir qismi dağılıb, yerdə qalanlarısa eksponatları qorumaq imkanından məhrum olublar. Beləliklə də, Ermənistan muzeyləri ciddi bir problemlə-mədəni irsin mühafizəsi problemi ilə üzləşiblər. Mədəniyyət Nazirliyi yanında Muzeylər İdarəsinin rəisi Anait Qalstyan isə əmin edir ki, muzeylərdə qorunan irs ciddi itkilərlə üzləşməyib.


«Ən əvvəl onu deyim ki, böyük miqyasda oğurluq və ya əşyaların it-bata düşməsi halları olmayıb. Tək-tük itkilər olub ki, bundan da muzeylərin heç biri yayına bilməz».


90-cı illərin ortalarında müəyyən mənada ölkənin iqtisadi və ictimai həyatı normallaşmağa başlayanda Ermənistandakı muzeylərin vəziyyəti də dəyişməyə başladı. Muzeylərin qorunmasında erməni diasporunun ayırdığı yardımların xüsusi rolu olub. İlk növbədə milyarder Kerk Kerkoryanın «Linsi» fondunun ayırdığı 200 milyon dollar ölkə muzeylərinin təmirinə və qorunmasına yönəldildi.


«Bu gün biz artıq mükəmməl mədəni siyasət xəttinin mövcudluğundan danışa bilərik. Muzeylərdəki tarixi-mədəni dəyərlərin mühafizəsi başlıca məqsəddir. Bütün maliyyə proqramlarında diqqət ilk növbədə bu məsələyə yönəldilir».


Artıq üç ildir ki, Ermənistan Avropa muzeylərinin başlatdığı «Muzey gecəsi» aksiyasına qoşulub, hər il mayın 18-də beynəlxalq Muzey Günü kimi qeyd olunur. İki gün davam edən tədbir zamanı muzeylər gecə yarısına kimi pulsuz işləyirlər, çoxsaylı ziyarətçilərə maraqlı proqramlar, yeni ekspozisiyalar və sürprizlər təqdim edilir.


Yerevandakı Paracanova muzeyinin direktoru Zaven Sarkisyan deyir ki, avropalılardan öyrənməli şey çoxdur, xüsusən də Fransa muzeylərindən.


Günün bütün mövzuları

XS
SM
MD
LG