Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:35

Heyvan piyindən dizel istehsal ediləcək


Biodizel ət emalından qalan piydən alınacaq
Biodizel ət emalından qalan piydən alınacaq

Bu yaxınlarda dünyada beşinci özəl neft şirkəti, Amerikanın «ConocoPhillips» şirkəti və dünyada ən iri ət emalı şirkəti olan «Tyson Foods» heyvan yağından dizel yanacağı istehsalına dair müştərək layihə təqdim ediblər.


Layihəyə əsasən, hər il mal, donuz və quş ətinin emalı nəticəsində 1,3 milyon ton heyvan yağı istehsal edən «Tyson Foods» şirkəti bunun demək olar ki, 60 faizini «ConocoPhillips»in neft emalı zavodlarına yollayacaq. Hazırda «Tyson Foods» bu yağı kosmetika, sabun və ev heyvanları üçün yem istehsalçılarına satır.


İlk tədarük 2007-ci ilin payızına planlaşdırılıb. İl yarımdan sonra yeni biodizelin buraxılış həcmini ildə 660 min tona çatdırmaq planlaşdırılır.


Yeni layihənin oxşar layihələrdən fərqi texnologiyadadır. Hazırda biodizel əsasən, xüsusi zavodlarda bitki yağından, ilk növbədə də soyadan istehsal olunur. Bu zavodlarda texnoloji proses neft emalından daha çox şərabçılığı xatırladır. Hazır yanacağı sonradan xüsusi terminallarda ənənəvi dizellə qarışdırırlar.


«ConocoPhillips» - «Tyson Foods» layihəsi heyvan piyindən biodizeli bilavasitə mövcud neft emalı zavodlarında istehsal etməyi nəzərdə tutur. Bundan əlavə, yeni yanacaq ənənəvi yanacaqla dərhal, elə həmin zavodlarda qarışdırılacaq. Bundan sonra qarışığı «ConocoPhillips»ə məxsus benzin məntəqələrindən almaq mümkün olacaq. «Etanoldan fərqli olaraq, yeni yanacaq dərhal bizim fəaliyyətdə olan infrastruktura daxil olur», – deyə «ConocoPhillips»in icraçı direktoru Cim Malva bildirir.


Bioyanacaq benzinə alternativ kimi


Bir çox Qərb ölkələrinin hökumətləri yaxın illərdə avtomobil benzini istehlakında bioyanacağın payını artırmaq niyyətindədirlər. Mart ayında Avropa Birliyi bütün üzv ölkələrə tapşırıb ki, 2020-ci ildə onu 10 faizə çatdırsınlar. Bu, Avropa Birliyi çərçivəsində hazırda mövcud olan könüllü öhdəlikdən (2012-ci ildə 5,75 faiz) iki dəfə çoxdur.


Ekspertlərin fikrincə, bioyanacaq bazarının genişlənməsinin qarşısını alan başlıca amil onun istehsalının maya dəyəridir. Britaniyanın «KBC Peel Hunt» investisiya şirkətinin məlumatına görə, raps (toxumundan yağ çıxarılan bitki) yağından bir litr biodizelin istehsalı, neftdən bir litr dizelin istehsalından 0,39 dollar baha başa gəlir. Baxmayaraq ki, çoxlu kənd təsərrüfatı subsidiyaları mövcuddur, ancaq bioyanacaq istehsal edən Britaniya şirkətləri yenə də öz məhsullarını çətinliklə satırlar.


ABŞ-da 2005-ci ildə qüvvəyə minən qanun benzin istehlakında bioyanacağın payının 2012-ci ildə 5 faizə, yəni, hazırkı ilə müqayisədə 1,5 dəfə artırılmasını nəzərdə tutur. Ekspertlər deyirlər ki, bu bioyanacaq yəqin ki, biodizeldən çox, taxıldan alınan etanol olacaq. 2005-ci il qanunu və vergi imtiyazları ABŞ-da etanol istehsalının sürətli inkişafına səbəb olub: ölkədə artıq etanol istehsal edən 113 zavod fəaliyyət göstərir, daha 78-i isə tikilir.


Qida məhsulları və yanacaq


Etanol sənayesinin inkişafı ABŞ-da taxıla tələbatın kəskin artması ilə nəticələnib: 2006-cı ildə etanolun istehsalına ölkədə bütün taxıl məhsulunun təqribən 20 faizi sərf olunub. Müvafiq olaraq, taxılın qiyməti son 10 ildə ən yüksək həddə çatıb. Ardınca məhsullar bahalaşıb: Əmək Nazirliyinin məlumatına əsasən, 2006-cı ilin fevralından 2007-ci ilin fevralına qədər ABŞ-da taxıldan olan cürbəcür məhsulların qiymətləri 4,2 faiz, ət və quş əti isə 2,7 faiz artıb. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin proqnozuna əsasən, 2007-ci ildə ölkədə yeyinti məhsullarının pərakəndə satış qiymətləri 2.5 -3.5 faiz qalxacaq.


Son aylar taxılın qiymətinin iki dəfə artması «Smithfield Foods» və «Tyson Foods» kimi ət məhsulları istehsal edən Amerika şirkətlərinin biznesini çətinləşdirib. «Taxılın ənənəvi istehlakçıları üçün real təhlükə yaranır», – deyə martın ortalarında Konqresdə dinləmələr zamanı «Tyson Foods»un rəhbərlərindən biri Metyu Herman bildirib. Adekvat tədbirlər görülməsə, bütün Amerika heyvandarlığı risk altına düşə bilər.


Bu tədbirlərdən biri ət emalından qalan piydən biodizelin alınmasıdır. «Tyson Foods» şirkətinin nümayəndələri deyirlər ki, bu cür biodizelin bir barelinin istehsalı üçün bir barel heyvan piyi tələb olunur, bunun üçünsə ya iki buzovun, ya 16 donuzun, ya da 1300 quşun ətini emal etmək lazımdır. Avropada olduğu kimi, ABŞ-da da belə biodizelin istehsalı neftdən dizel yanacağının istehsalından baha başa gəlir. Amma aprelin əvvəlində ABŞ administrasiyası bəyan edib ki, biodizelin istehsalçılarına etanol istehsalçılarına olduğu kimi, eyni vergi güzəştləri verməyə hazırdır – hər litrə 26,5 sent.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG