Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:07

Həmsədrlər yeddi rayonun hər birinin azad edilməsini təklif edir


Həmsədrlər etiraf ediblər ki, mübahisəli məsələlərdən biri kimi Laçın dəhlizi problemi qalır
Həmsədrlər etiraf ediblər ki, mübahisəli məsələlərdən biri kimi Laçın dəhlizi problemi qalır

Yerevanda və Bakıda görüşlər zamanı ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye və Yuri Merzlyakov Ermənistan və Azərbaycan rəhbərləri ilə Qarabağ nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər. «Turan»ın məlumatına görə, bu barədə onlar mayın 25-də Bakıda keçirilən mətbuat konfransında məlumat veriblər. Fasyenin dediyinə görə, vasitəçilər iki ölkə prezidentinin iyunun 9-da Sankt-Peterburqda MDB-nin qeyri-formal sammiti çərçivəsində görüşünün keçirilməsinə razılığını almağa nail olublar. Bu qərarı «yaxşı xəbər» adlandıran Fasyenin sözlərindən eyni zamanda məlum olub ki, bütün problemlərin həllini gözləməyə dəyməz.


Yuri Merzlyakov isə öz növbəsində bildirib ki, «o qədər də çox razılaşdırılmamış məsələ» qalmayıb. Sankt-Peterburqda uğur, nizamlamada irəliləyiş əldə olunmasına kömək edə bilər.


İki ölkə rəhbərliyinin bəyanatları arasında azad olunmalı rayonların sayında fərqin səbəblərini şərh edərkən Merzlyakov deyib ki, hər bir tərəf Ermənistan qoşunlarının zəbt edilmiş ərazilərdən çıxarılması haqqında müxtəlif danışır, lakin «eyni şeyi nəzərdə tutur». Həmsədrlərin təklifləri Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun hər birinin azad edilməsinə aiddir. Lakin Merzlyakovun sözlərinə görə, bu, çox vaxt aparacaq və mərhələli proses olacaq. Bernar Fasye isə əlavə edib: «Nəticədə bütün ərazilər Azərbaycanın nəzarəti altına qaytarılacaq».


Həmsədrlərin Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etmələri haqda suala cavabda Merzlyakov deyib: «Bəli, əlbəttə». Fasye isə bildirib ki, Dağlıq Qarabağ Ermənistan da daxil olmaqla, dünyanın heç bir dövləti tərəfindən tanınmayıb.


Həmsədrlər etiraf ediblər ki, mübahisəli məsələlərdən biri kimi Laçın dəhlizi problemi qalır. Onlar Sankt-Peterburqda tərəflərin bu məsələ üzrə anlaşmaya gələcəklərinə ümid ifadə ediblər. Fasyenin bildirdiyinə görə, «dəhlizin eni» müzakirə obyekti ola bilər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG