Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:43

Beynəlxalq təşkilat prezidenti həbsdə olan jurnalistləri azad etməyə çağırır


Dünya Mətbuat Azadlığı Komitəsi «Müxalifət» qəzetinin əməkdaşlarının həbsindən narahatlıq ifadə edir

Dünya Mətbuat Azadlığı Komitəsi «Müxalifət» qəzetinin əməkdaşlarının həbsindən narahatlıq ifadə edir

Dünya Mətbuat Azadlığı Komitəsinin icraçı direktoru Markhem Benç Azərbaycan prezidenti İlham Əliyevə məktubla müraciət edib. Müraciətdə Azərbaycanda jurnalistlərin çoxsaylı həbsi, xüsusilə də «Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirli və həmin qəzetin əməkdaşı Yaşar Ağazadənin həbsi ilə əlaqədar narahatlıq ifadə edilir.


«Media Forum»un məlumatına görə cənab Bençin məktubunda yazılıb: «Cənab Kəbirli və Ağazadə parlament üzvü və sizin qohumunuz Cəlal Əliyevin haqqında getmiş tənqidi məqaləyə görə deputat tərəfindən məhkəməyə verilmiş müraciət nəticəsində iki il yarım həbs cəzası alıblar».


Markhem Benç Qafqaz Media Tədqiqatlar Mərkəzinin jurnalistlərin həbsinə verdiyi qiymətlə həmrəy olduğunu dilə gətirir: «Yerli Qafqaz Media Tədqiqatlar Mərkəzi haqlı olaraq jurnalistlərin həbsini pisləyib, onların həbsini «siyasi sifariş» adlandıraraq bunun azad mediaya, söz azadlığına qarşı yönəldiyini qeyd edib və bunu ölkə Konstitusiyasının, Azərbaycan Respublikasının imzaladığı beynəlxalq sazişlərin kobud şəkildə pozulması kimi qiymətləndirib. Cənab Kəbirli və Ağazadə ilə birlikdə yeddi jurnalistin həbsxanada olması Azərbaycanın dünyanın ən çox mətbuat və söz azadlığı boğulduğu ölkələrdən biri kimi qiymətləndirilməsinə səbəb olub. Həmin jurnalistlərin adları aşağıdakı kimidir: Rövşən Kəbirli, Yaşar Ağazadə, Eynulla Fətullayev, Mirzə Sakit (Zahidov), Samir Sədaqətoğlu, Rafiq Tağı və Fərəməz Allahverdiyev».


İcraçı direktorun müraciətində qeyd olunur ki, Avropa İnsan Hüquqları Məhkəməsi böhtan maddəsinin cinayət məsuliyyəti yaratması və fundamental azad söz və azad mətbuat hüquqlarının pozulmasına səbəb olması barədə qərar çıxarıb, Azərbaycanda isə jurnalistlər əsasən bu maddələrlə həbs olunublar.


Cənab Benç bildirir: «Ölkənizdə jurnalistlərin susdurulması xaricdə və ölkədə fəaliyyət göstərən digər azad mətbuat orqanlarına qarşı sərt mesajdır. Halbuki peşəkar jurnalistlər Azərbaycanda demokratiyanın ən önəmli tərəfini formalaşdırır. Müstəqil və azad media olmadan hökumət məmurları cəmiyyət qarşısında daha məsuliyyətli fəaliyyət göstərə bilməzlər. Bu əhəmiyyətli ünsür olmadan şəffaf və yaxşı idarəetmə sisteminə nail olmaq qeyri-mümkündür».


Müraciətin sonunda icraçı direktor dövlət başçısını həbs olunmuş jurnalistləri azad etməyə çağırır.


Günün bütün mövzuları

XS
SM
MD
LG