Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:14

İran Azərbaycanında fövqəladə vəziyyət və həbslər davam edir


Həmədan universitetinin tələblərinin milli haqların təmin edilməsi tələbi ilə etiraz aksiyası. 23 may 2007

Həmədan universitetinin tələblərinin milli haqların təmin edilməsi tələbi ilə etiraz aksiyası. 23 may 2007

Ötən il mayın 24-də ən çox qanlı hadisələrə şahid olan Sulduz (Nəqədə) şəhərində bu günün il dönümü münasibəti ilə şəhər əhalisi həlak olanların məzarı üstə toplaşaraq yas mərasimi keçirib. Minlərlə hərbçinin yerləşdirildiyi bu şəhərdə fövqəladə vəziyyət davam edir və «Urmu News» xəbər saytının verdiyi məlumata əsasən, yas mərasimində iştirak edən 30-a yaxın insan nəzarət altına alınıb.


Azərbaycanlıları təhqir edən karikaturalara qarşı bir il bundan əvvəl keçirilən etirazlar Sulduzda polisin nümayişçilərə atəş açması və dörd nəfərin qətlə yetirilməsi ilə nəticələnmişdi.


22 may aksiyalarının ilk ildönümü ilə bağlı Təbrizdə başlayan yeni etiraz dalğası ayın 23-ü və 24-də də davam edib. Mayın 22-də milli haqlarını tələb edən on minlərlə nümayişçinin keçirdiyi dinc yürüşlər təhlükəsizlik qüvvələrinin hücumu, iştirakçıların bəzisinin yaralanması və onlarla fəalın həbsi ilə nəticələndikdən sonra mayın 23-ü və 24-də etiraz əlaməti olaraq Təbriz bazarında al-ver dayandırılıb.


Təbrizdən verilən son məlumata əsasən, mayın 23-də polis bazarda apardığı yoxlama zamanı bir neçə gənci həbs etmək istəyib. Buna etiraz edən sakinlərlə polis arasında toqquşma olub. Yüzə yaxın insan zorla Təbriz həbsxanasına aparılıb.


Son üç gün ərzində Təbrizdə tutulanların sayı haqda dəqiq məlumat yoxdur. İranın rəsmi orqanları 15 nəfər «xarici amilin» həbsi ilə 22 may aksiyalarına mane olduğunu iddia etsə də yerli nümayəndələr, o cümlədən Urmiyənin millət vəkili Təbrizdə tutulanların sayının bundan qat-qat çox olduğunu bildirir.


Mayın 22-də Təbriz telekanalının xəbərlərində məhbuslara qarşı heç bir işgəncə tətbiq olunmadığı bildirilib. Lakin «Amerikanın Səsi» radiosuna müsahibə verən Barış Türkoğlunun sözlərinə görə, fəallara ailə üzvləri və vəkilləri ilə görüş imkanı verilmir və məhbəsdəki mənbələr şiddətli işgəncələr barədə xəbər verir.


Təbriz və Həmədan universitetində isə mayın 23-ü və 24-ü tələbə etirazları davam edib və tələbələr arasında həbslərə etiraz olaraq, yeni mitinqlərə çağırış vərəqələri paylanıb. Həmədanın Bu-Əlisina Universitetinin tələbələri Azərbaycan dilində tədrisin rəsmiləşməsi və milli haqların tələbi ilə əllərində azərbaycanca, ingiliscə və farsca plakatlar gəzdirmişlər.


Urmiyədə fövqəladə vəziyyətin davam etdiyi, fəalların iş yeri və evlərinin nəzarət altında olduğu bildirilir. Mayın 22-də Urmiyə universitetinin tələbəsi və Ustad Şəhriyar tələbə ocağının rəhbəri Əkbər Paşayi həbs olunub. Paşayi universitetin təhlükəsizlik məmurları tərəfindən tutularaq Ettelaat idarəsinə təslim edib. Azərbaycan Məhbuslarını Müdafiə Komitəsi mayın 22-də yalnız Urmiyədə 80 nəfərin həbs edildiyini təxmin edir.


Qoşaçayda mayın 22-də tutulan 15 fəalın adı məlumdur. Onların hamısının mayın 24-də Urmiyə həbsxanasına aparıldığı bildirilir.


XS
SM
MD
LG