Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:14

Terri Devis hakimiyyətin davranışından təəccübləndiyini bildirib


«İfadə azadlığının bu cür ciddi və nümayişkaranə şəkildə pozulduğu halda mən susa bilmərəm»
«İfadə azadlığının bu cür ciddi və nümayişkaranə şəkildə pozulduğu halda mən susa bilmərəm»

Avropa Şurasının baş katibi Terri Devis Azərbaycan hakimiyyətinin beynəlxalq təşkilatların və şəxsən özünün ölkədə KİV-lərin hüquqlarının pozulmasına son qoymaq tələblərinə əhəmiyyət verməməsindən təəccübləndiyini gizlətmir.


«Turan»a eksklüziv müsahibəsində baş katib deyib: «Son bəyanatımda mən Azərbaycanda ifadə azadlığına hədələrdən narahat olduğumu bildirmişəm. Lakin ölkədə jurnalistlərin həbs və təqib edilməsi tendensiyası davam edir. İki müxalif qəzetin ofisi zəbt olunub. Avropa Şurasının baş katibi kimi ifadə azadlığının bu cür ciddi və nümayişkaranə şəkildə pozulduğu halda mən susa bilmərəm».


Son hadisələrdən sonra baş katib nə etmək niyyətindədir sualına cavabında, cənab Devis son hadisələrlə bağlı Azərbaycan hakimiyyətindən cavab gözlədiyini bildirib: «Tam mənzərəni əldə etdikdən sonra, mən gələcək addımlarım haqqında qərar qəbul edəcəyəm». Baş katib son bəyanatına Bakıdan hələ də cavab almadığını deyib.


Azərbaycan jurnalistlərinin AŞPA-nın iyun sessiyasında ölkədə mətbuat azadlığının pozulması haqqında məsələni qaldırmaq niyyətini şərh edən Terri Devis, şəxsən özünün demokratiya və insan hüquqlarının başlıca əsaslarının pozulması barədə şikayətləri dinləməyə hazır olduğunu deyib. O, qeyd edib ki, istənilən halda şikayəti yazılı halda göndərmək lazımdı.


Terri Devis vurğulayıb ki, Avropa Şurasına daxil olarkən Azərbaycan üzərinə «ifadə azadlığını, KİV və jurnalistlərin müstəqilliyini təmin etmək, həmçinin KİV-lərin azadlığının məhdudlaşdırılmasına dair inzibati tədbirləri aradan götürmək» haqqında öhdəliklər götürüb. «Lakin son aylar bu öhdəliklər yerinə yetirilmir. Biz bu mövzu ilə bağlı Azərbaycan hökumətilə söhbət aparacağıq».


Baş katib böhranlı vəziyyəti aradan qaldırmaq üçün bir sıra təkliflərini bildirib. O, deyir ki, ilk növbədə böhtana görə cəzanın Cinayət Məcəlləsindən çıxarılması vacibdir. Baş katibin fikrincə, radio və televiziya yayımı haqqında qanunvericiliyə yenidən baxılmalı, eyni zamanda jurnalistlərin davranış kodeksinin tətbiqində və peşəkarlığının artırılmasına diqqət yetirilməli, müstəqil qurumların rolu gücləndirilməlidir. Terri Devis bütün hallarda Avropa Şurasının öz yardımını göstərməyə hazır olduğunu bildirib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG