Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:29

«Eynulla Fətullayevə ittiham elan edilməyib»


«Fətullayev terrorizmə hansı çağırışdan söhbət getdiyini anlaya bilmir»

«Fətullayev terrorizmə hansı çağırışdan söhbət getdiyini anlaya bilmir»

Mayın 23-də vəkil İsaxan Aşurov Bayıl təcridxanasında saxlanan «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullyevlə görüşüb. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Cinayət Məcəlləsinin 214-cü maddəsilə cinayət işi qaldırmasına redaktorun reaksiyasını «Turan»a şərh edən Aşurov deyib ki, «Eynulla Fətullayev terrorizmə hansı çağırışdan söhbət getdiyini və hansı məqaləsində terrora çağırış etdiyini və ya terrorla hədələdiyini anlaya bilməyib».


Vəkilin sözlərinə görə, Fətullayevə sözügedən maddə ilə cinayət işi mayın 16-da qaldırılıb, amma indiyə kimi o, bir dəfə də olsun dindirilməyib və ona ittiham elan edilməyib. Aşurov jurnalistin nə vaxt və kimi hədələdiyi barədə suallara MTN müstəntiqlərindən dolğun cavab ala bilmədiyini də söyləyib.


Fətullayevin mənzilində və qəzetin ofisində axtarış barədə məhkəmə qərarına gəlincə, vəkil deyib: «Sanksiyanı hakim Alim Namazov imzalayıb, amma burada axtarışın səbəbləri barədə heç nə deyilmir. Yalnız terrorizmə çağırış barədə dumanlı bir ifadə keçir».


Axtarış nəticəsində müstəntiqlər E.Fətullayevə məxsus əşayaları, o cümlədən, Hacı Məmmədovun «Qarabulaq» istirahət evində müğənnilərlə olan fotolarını müsadirə ediblər.


Mayın 22-də «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin ofisində və Eynulla Fətullayevin evində MTN əməkdaşları axtarış aparıblar.


MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev bildirib ki, Fətullayevin evində və ofisində aparılan axtarışlar ona yeni cinayət işinin qaldırılması ilə bağlıdır: «Nazirliyin İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorçuluqla hədələmə faktı üzrə cinayət işi başlanıb. Həmin cinayət işi üzrə Eynulla Fətullayevin ofisində və evində qanunvericiliklə müəyyən edilmiş qaydada axtarış aparılır».


Eynulla Fətullayev aprelin 20-də Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (böhtan) təqsirləndirilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG