Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:59

Kürün daşma təhlükəsinin artıq sovuşduğu deyilir


Mayın əvvəllərində Kür və Araz çaylarında suyun səviyyəsi artması bir sıra rayonlara ziyan vurub

Mayın əvvəllərində Kür və Araz çaylarında suyun səviyyəsi artması bir sıra rayonlara ziyan vurub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometroloji Departamentinin sektor müdiri Fikrət Bayramov «Azadlıq» radiosuna Kürün daşma təhlükəsinin artıq sovuşduğunu deyir. Suyun səviyyəsinin günbəgün azaldığını deyən sektor müdiri bildirir ki, Kürün aşağı axarlarında suyun nisbətən qalxmasına baxmayaraq bu ərazilərdə də bir-iki günə vəziyyət normallaşacaq.


Sabirabad və Salyan rayonları ərazisində isə böhranlı vəziyyət qalmaqdadır. Rayonda bənd bərkitmə işləri aparan Meliorasiya Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin rəhbəri Firdovsi Rzayev deyir ki, elə yerlər var ki, suyun bəndlə bərabərləşməsinə çox az qalıb.


Ən gərgin vəziyyətin Sabirabad rayonun Kürqırağı ərazilərində əsasən də Həşimxanlı, Çağırğan, Gəngən, Muğangəncəli və Salmanlı kəndlərində yarandığı bildirilir. Bəndlərin uçmaq təhlükəsi olduğundan sakinlər bəndləri bərkitməklə yanaşı həm də gecələr növbə ilə keşik çəkirlər.


Salyan rayon mərkəzində isə təxminən 500-ə yaxın ev qrunt sularının içərisindədir. Fövqəladə Hallar Nazirliyinin əsgərləri həyətlərdəki suları texniki qurğularla çəkib təmizləsələr də, Kürdə suyun səviyyəsi yuxarı qalxdığından təmizlənən həyətlər təkrar qrunt sularıyla dolur.


Kanalizasiya sisteminin işləmədiyini deyən sakinlərin sözlərinə görə, havaların isti keçməsi müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Mirəddin Ağayevin dediyinə görə, həyətlərdə su olduğundan indi dezinfeksiya işlərinin aparılması mümkün deyil. Onun sözlərinə görə, indiki şəraitdə su basmış həyətlərdə dezinfeksiya aparılması əlavə problemlər yarada bilər. Bu səbəbdən də həmin tədbirlər qrunt suları çəkiləndən sonra aparılacaq.


Aprelin sonu mayın əvvəllərində dağlarda qarının əriməsinin intensivləşməsi nəticəsində Kür və Araz çaylarında suyun səviyyəsi artıb. Daşqınlar Naxçıvan Muxtar Respublikasının Sədərək, Kəngərli rayonlarına, həmçinin Neftçala, Salyan və digər rayonlara ciddi ziyan vurub.


Günün bütün mövzuları

XS
SM
MD
LG