Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:45

Qadınların fəallaşması erməni ailəsində vəziyyəti dəyişib


Son 100 ildə Ermənistanda ər-arvad münasibətlərində zorakılıq halları artıb
Son 100 ildə Ermənistanda ər-arvad münasibətlərində zorakılıq halları artıb

Etnoqraf Qranuş Xaratyan hesab edir ki, son yüz ildə Ermənistanda ər-arvad, valideyn-uşaq münasibətlərində zorakılıq halları artmağa başlayıb. Qadınların özlərini təsdiq etmək hissi və qarşı cinsin nümayəndəsi kişilərlə qarşıdurma ailədə mənfi halların çoxalmasına səbəb olur. Kişiyə hörmət dəyərləri üzərində formalaşmış erməni cəmiyyətində qadınların fəallaşması ilə vəziyyət dəyişib. Bu qarşıdurma ailələrə də keçib.


Rəyini bildirən Yerevan sakini olan bir qadın deyir: «Mən çox tez-tez rast gəlirəm, qadın gileylənir ki, onu evdə eyni hüquqlu insan kimi qəbul etmirlər. Kişilərsə şikayətlənirlər ki, arvadı çox sərbəstdir, çox müstəqildir, özü təkbaşına qərar qəbul edir, evlə, ailəylə bağlı önəmli məsələlərdə kişinin fikrini nəzərə almır. Düşünürəm ki, bu proses həm də ona görə mürəkkəbdir ki, bu gün bizdə işgüzar ailə modeli yoxdur. Bizdə elə kriteri yoxdur ki, deyək yaxşı ailə nədir, pis ailə nədir, qızıl ortanın harada olduğunu bilmirik».


Qranuş Xaratyana görə, erməni qadını ənənəvi, daşlaşmış, yazılmamış qanunlara daha çox sadiqdir, nəinki Konstitusiyanın verdiyi hüquqlara. Hətta əri onu döyəndə belə erməni qadını problemlərini ənənəvi şəkildə həll etməyə çalışır.


«Çox nadir hallarda əri onu döydüyünə və ya başqa şəkildə zorakılıq göstərdiyinə görə, qadın məhkəməyə üz tutur. Uzağı boşanmağa üstünlük verir, amma buna qədər qadın ərini yola gətirməkdən ötrü müxtəlif üsullara əl atır-uzunmüddətli küsülü qalır, evdən gedir, ya da ərinin qohumları vasitəsilə təsir etməyə çalışır, ən çox da qohumları bu işə qatırlar».


Bununla belə Qranuş Xaratyan ər-arvad arasında optimizm yaradan, müsbət məqamlar da görür: «Əvvəllər qadının öz ərinə olan sevgisini büruzə verməsi yaxşı sayılmırdı, hətta əri ilə eşqdən-sevgidən danışmaq da qəbahət bilinirdi. Yəni adətən qadın qapalı olurdu. Amma indi belə şey yoxdur, ər arvadının sevgisini görür, duyur, bu erməni cəmiyyəti üçün yetərincə yeni xüsusiyyətdir».


Bu ekspert rəyidir, ailə zorakılığı ilə bağlı həm də sadə Ermənistan vətəndaşların da rəyinə nəzər salaq.


(kişi)«Ailədə zorakılıq yəqin ki, yayılıb, amma nə qədər çox deyə bilmərəm. Zorakılıq mənim aləmimdə zorla öz fikrini başqasına sırımaqdır. Bunu fiziki yolla təlqin etmək daha betərdir, amma təkcə döymək-vurmaq yox, mənəvi təzyiq də zorakılıqdır. Uşaqlarıma münasibətdə zorakılığa yol vermişəm. Amma dəfələrlə haqlı olmamışam».


(qadın)«Erməni ailələrində zorakılıq halları olur. Kim deyirsə ki, ziyalı ailədə döymə-vurma istisnadır, mən inanmıram. İstənilən halda mən qadın vurmağı barbarlıq sayıram, alçaqlıq bilirəm. Həyat mürəkkəbdir, mən sevib ailə qurmuşam, çətin ömür yaşamışam, həm də güclü xarakter sahibiyəm, kiminsə mənə zor etməsinə razılıq vermirəm».


Bu nisbətən yaşlıların, ailə təcrübəsi olanların dedikləridir, bəs cavanlar zorakılıq haqda nə düşünürlər?


(qadın)«Zorakılıq ən azı insan haqqını tapdamaqdır, onun fikrini nəzərə almamaqdır. Bu halda şilləyə, yumruğa güc vermək vacib deyil. Bizim Vardenis rayonunda elə hadisələrlə üzləşirik ki, qadınların rəyinə qətiyyən önəm vermirlər, onun hüquqları tapdanır, kobud səslənsə də deməliyəm adam yerinə qoymurlar. Bu kişinin qadına münasibətində özünü göstərir, amma uşaqlara münasibət fərqlidir».


(kişi)«Ənənəvi, köhnə erməni ailələrində zorakılıq halları olmayıb. Bu yeni haldır, sosial, mənəvi-psixoloji amillərlə bağlıdır. Problemlərin həlli çoxsaylı sosial, psixoloji məsələlərdən asılıdır, odur ki, zorakılığı müalicə etmək lazım deyil, bu problemi yaratmış səbəbləri aradan qaldırmaq lazımdır».


XS
SM
MD
LG