Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:51

Polşa vahid məktəbli formasına qayıdır


Məktəblilər 2008-ci ildən vahid forma geyinəcəklərinə qətiyyən şad deyillər
Məktəblilər 2008-ci ildən vahid forma geyinəcəklərinə qətiyyən şad deyillər

Polşa məktəblərində qərara alınıb ki, bütün şagirdlər məcburi qaydada uniforma geyinsinlər. Bəziləri üçün bu addım yalnız sosialist keçmişlə assosiasiya olunur, başqaları isə bunda məktəblərdə nizam-intizamın yaxşılaşdırılması imkanı görürlər.


«Yaxşı yadımdadır, biz dəhşətli rəngdə narahat forma geyinməli olurduq. İnkubator cücələri kimi...» Polşada məktəbli formasının tətbiqinin əleyhdarlarının əsas arqumenti budur. Amma «Gazeta Wyborcza»nın keçirdiyi rəy sorğusuna görə, Təhsil naziri Roman Qertıxın təşəbbüsünü polyakların 72 faizi dəstəkləyir. Qertıx fevralın əvvəlində deyib ki, məktəbli formasının tətbiqinə nail olacaq. Polşa Seyminin əksər deputatları da lehinə səs verərək, nazirin ideyasına qanun gücü veriblər.


«Qanun layihəsi yalnız hakim koalisiyadan olan deputatların yox, həm də müxalifətdəki deputatların bir hissəsinin səsləri sayəsində keçib. Mən çox şadam. Bu, o deməkdir ki, polyakların əksəriyyəti məktəbli formasının tətbiqini dəstəkləyir. Yəqin ki, qanunun icrasında heç bir problem olmayacaq», – deyə Roman Qertıx qanunun qəbulundan sonra bildirib.


Yeni qaydalarda söhbət oğlanlar üçün hansısa bir məktəbli kostyumundan, qızlar üçünsə paltar nümunəsindən getmir. Şagirdlərin hansı forma geyinəcəklərini valideynlərlə əməkdaşlıq şəraitində məktəbin rəhbərliyi həll edəcək. Fərdi layihəni işləyib hazırlamaq, tikiş fabrikində lazımi sayda dəst sifariş etmək, ya da paltar istehsalçılarının çoxlu təkliflərindən yararlanmaq olar. İstehsalçılar yeni qanunun qəbuluna xeyli qalmışdan məktəbli formasının üzərində işləməyə başlayıblar. Artıq məktəblərə yeni formanın 10-dək modelini təklif edən toxuculuq fabrikinin nümayəndəsi deyir ki, «biz keçmişdəki kimi, oğlanlar üçün kostyumun göy rənginə qayıtmağa hazırlaşmırıq. Bu, rənglərin tamamilə başqa ahəngidir, bizdə açıq sarı (qəhvəyi) rəngi üstünlük təşkil edir. Formanın özü də başqadır – praktik, rahat. Biz ötən zamanla assosiasiya olunan nəsə etmək istəmirik».


Başlıca problem ondadır ki, nə valideynlərin, nə məktəb rəhbərliyinin, nə də şagirdlərin bu işdə azacıq da olsa, təcrübəsi yoxdur.

Məktəbli forması haqda diskussiyaların qızğın çağında müəllimlər üçün də vahid forma tətbiq etmək tələbləri səslənir
Modeli seçmək, ya da hazırlanmasını dərziyə sifariş etmək, hazır məhsulun uyğun keyfiyyətdə olmasına nəzarət etmək və nəhayət, azı bu cür formanın iki dəsti üçün pul ödəmək lazımdır. İlkin hesablamalara görə, məktəbli formasının bir dəsti 30-80 dollara olacaq. Rəy sorğularına əsasən, valideynlərin heç də hamısı buna hazır deyil.


Amma Təhsil naziri əmindir ki, məktəbli formasının tətbiqi məktəblərdə nizam-intizamı xeyli yaxşılaşdıracaq, ona görə də bu zəhmətə dəyər. Bundan başqa, Roman Qertıxın fikrincə, daha bir neçə arqument var ki, məktəbli formasının əleyhdarları etiraz edə bilməzlər: «Məktəbli formasında şagird özünü məktəblə eyniləşdirəcək, təhsil müəssisəsinin bir hissəsi kimi, həmkarlarıyla birgə hiss edəcək. Küçədə kimisə geydiyi formada görəndə, şagird «o, mənim məktəbimdəndir» deyəcək».


Ancaq məktəblilər 2008-ci ildən vahid forma geyinəcəklərinə qətiyyən şad deyillər. «Bu formada biz öz simamızı itirəcəyik»,- deyə bir məktəbli qız bildirir. Digəri isə «çox axmaq ideyadır» deyir.


Yeniliyi siyasi müxalifət də tənqid edir. Liberal Vətəndaş Platforması Partiyasından deputat Kristina Şamulya: «Mələk olması üçün məktəbliyə dərhal forma geyindirmək və mobil telefondan istifadəni qadağan etmək kifayət deyil!»


Məktəblilər də, onların valideynləri də heç olmasa, formanın ən azından gözəl, rahat və praktik olması uğrunda mübarizə aparmaq istəyirlər. Bəzi tikiş fabrikləri isə artıq formanı cins parçadan tikməyi təklif edirlər.


Bəzi hüquqşünasların fikrincə isə, yeni qanun Polşa Konstitusiyasını, xüsusən də onun 48-ci maddəsini kobud şəkildə pozur. Həmin maddə valideynlərə «uşaqlarını öz əqidələrinə uyğun tərbiyə etmək hüququ» verir.


Vəkil Marek Vladzinski düşünür ki, ölkənin əsas qanunundakı bu normanın uşaqlar üçün paltar seçimi probleminə də aidiyyəti var: «Fərdi hüquqlar, mütləq hüquqlar deyil – biz bunu bilirik. Məsələn, dövlət, ictimai asayiş təhlükədə, ya da başqa insanların hüquq və azadlıqlarının təhdidi altında olanda, bu hüquqlar məhdudlaşdırıla bilər. Amma indi buna oxşar heç nə yoxdur. İndiki halda məqsəd vasitələrə haqq qazandırmır».


Qəribədir ki, məktəbli forması haqda diskussiyaların qızğın çağında müəllimlər üçün də vahid forma tətbiq etmək tələbləri səslənir. Artıq elə hallar var ki, müəllim dərsə hip-hop üslubunda musiqi ifaçısı kimi geyinərək gəlib. Məktəb direktoru bundan əlbəttə ki, narazı qalıb.


Yeri gəlmişkən, Təhsil naziri Roman Qertıx hətta anadan olduğu gün də işlə bağlı fikirlərdən yaxa qurtara bilməyib. Varşava məktəblilərinin bir qrupu ona xüsusi tikilmiş forma hədiyyə edib. Amma hədiyyə daha çox sirk təlxəyinin kostyumunu xatırladır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG