Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:51

İran Azərbaycanında təhlükəsizlik tədbirləri gücləndirilib


Ötən il mayın 22-də «İran» qəzetində dərc edilən karikaturaya qarşı çoxsaylı etirazlar olmuşdu
Ötən il mayın 22-də «İran» qəzetində dərc edilən karikaturaya qarşı çoxsaylı etirazlar olmuşdu

Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsinin (ASMƏK) 20 may tarixli hesabatına görə son iki həftə ərzində İranda 150-dən çox azərbaycanlı fəal həbs edilib, başqalarının isə ev və iş yerləri daimi nəzarət altına alınıb və ETTELLAT-a çağırılan minlərlə vətəndaşın yığıncaqlardan imtina etməsinə göstəriş verilib.


Ötən ilin karikatura qalmaqalında ən çox qanlı hadisələrə şahid olan Sulduz (Nəqədə) şəhərində bu günlər daha ciddi təhlükəsizlik tədbirlərinin həyata keçirildiyi bildirilir. ASMƏK-in verdiyi məlumata əsasən son 10 gün ərzində burada təxminən 60 fəal nəzarət altına alınıb. Şəhərin Furudabad məhəlləsində beş CD satışı dükanı Azərbaycan CD-lərini yaydığı üçün qapadılıb və şəhərə nəzarət Qərbi Azərbaycan vilayətindəki yüksək rütbəli ordu zabiti Sərdar Kərəmiyə tapşırılıb.


Sulduzda həbs olunanlar arasında 21 yaşlı tələbə Mehdi (Elman) Nuri, «Bilim Yolu» mədəniyyət mərkəzinin yaradıcısı Mir Əli Rzayi, professor İbrahim Müini, özfəaliyyət Azərbaycan milli rəqs qrupunun üzvü Fəramərz Qulamzadə, yazıçı və jurnalist İsa Yeganə, «Yanan» təxəllüsü ilə tanınan Azərbaycan şairi mühəndis İsmayıl Bəhrami, orta məktəb müəllimi Kərim Nəimi, tanınmış fəal Behzad Qoçayi, Mustafa Qasimi və Mehdi Vahidinin adları çəkilir.


Azərbaycanlıları təhqir edən karikaturalara qarşı bir il bundan əvvəl keçirilən etirazlar Sulduzda polisin nümayişçilərə atəş açması və dörd nəfərin qətlə yetirilməsi ilə nəticələnmişdi.


Digər tərəfdən «Urmu News» xəbər saytının verdiyi məlumata görə, mayın 19-u gecə saatlarında Urmiyə universitetinin üç tələbəsi şəhərin küçələrində ETTELAAT məmurları tərəfindən tutularaq, naməlum istiqamətə aparılıb. Bununla son bir həftə ərzində Urmiyədə tutulan fəalların sayı 28-ə yüksəlir.


Təbriz fəallarından isə Fərrux Haşımzadə mayın 15-də yenidən həbs edilib. O, mayın 8-də nəzarət altına alındıqdan üç gün sonra azad edilmişdi. Bu haqda bəyanat verən ASMƏK Haşımzadənin dükanından may hadisələrinin il dönümü ilə bağlı çağırış vərəqələrinin tapıldığını bildirir.


Həmin məlumata görə ötən həftə Təbrizdə həbs edilən Hüseyn Nəsiri və Əmrulla Hüseyniyana qarşı bu günə qədər rəsmi ittiham irəli sürülməyib. Təbrizdə tutulanlar arasında 22 yaşlı fəal Fərəc Nuri, onun kiçik qardaşı 15 yaşlı İbrahim Nuri, Riza Xəzrinin adı çəkilir.


Hazırda BMT-nin Cenevrədəki ofisində milli azlıqların insan haqları üzrə tədqiqat aparan Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) sədri Faxtə Zamani mayın 19-da «Amerikanın Səsi» radiosuna verdiyi müsahibədə bildirib ki, mayın 14-də Təbrizdə həbs edilən Əmir Abbas Bənaye Kazıminin Azərbaycan dilində olan kitabları və evindəki CD-ləri müsadirə edilib.


Xanım Zamani eyni zamanda bildirib ki, Abbas Lisani məxfi şəkildə və silahlı şəxslərin müşayiəti ilə gözü bağlı və əl-ayaqları qandaxlı Ərdəbil həbsxanasından məxfi şəkildə Təbrizə aparılıb. Orada onun 2005-ci ildə Babək qalasına yürüşlə bağlı aldığı 1 illik həbs hökmündən apellyasiya şikayətinə baxılıb. Məhkəmənin qərarı bu günə qədər aşkar edilməyib.


2006-cı ilin mayın 22-də İranın rəsmi «İran» qəzetində azərbaycanlıları təhqir edən karikatura dərc olunmuşdu. Bu da İranda yaşayan azərbaycanlıların narazılığına səbəbə olmuş və kütləvi etiraz aksiyaları keçirilmişdi.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG