Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:34

«Redaksiyalar fotomüxbirə xadimə kimi yanaşır»


«NETTY» milli internet mükafatının 2007-ci il qalibləri sırasında AZƏRFOTO-nun da adı çəkildi Foto: AzərFoto
«NETTY» milli internet mükafatının 2007-ci il qalibləri sırasında AZƏRFOTO-nun da adı çəkildi Foto: AzərFoto

-«Siz kimsiniz, Ceyhun Abdulla» sualına hansı qısa cavabı verə bilərsiniz?


-1990-cı ilin 20 yanvar olaylarından bəri Azərbaycanın ictimai-siyasi həyatıyla yaxından maraqlanan, uzun müddət mediada jurnalist kimi çalışan və baş verən hadisənin bənzərsizliyini foto görüntülərə verməyə can atan bir insan.


-Foto həvəskarlarının yarışması nə məqsəd güdür?


-Baxın, jurnalist təkcə gördüklərini yox, eşitdiklərini də yazır və öz peşəkarlıq dərəcəsinə uyğun münasibətlə qarşılaşır. Fotoreportyorsa olayı öz gözləriylə görməsə, hadisənin içində olmasa, heç nə edə bilməz. Elə yarışmalar təşkil etməkdə məqsədimiz-baş verən olayların gerçək görüntülərini, heç cür sözə gəlməyəcək yaşantılarını oxuculara yetirmək və bu işə bağlananların sayını artırmaqdır.


-Yarışma nədən «Mobiloqrafiya» adlanır? Hər hansı reklam məqsədi güdülmür?


-Yox, heç bir reklamdan söhbət gedə bilməz. İndi iri və ağır fotoaparatları az-az adam yanında gəzdirir və az qala hamının üstündə xırda fotoaparat və ya fotokameralı mobil telefonlar görmək mümkündür. Maraqlı ad düşünmək istədim və axırda «Mobiloqrafiya» sözünün üstündə dayandım. Həm zamanı əks etdirir, həm də işimizin xarakterinə uyğun gəlir.


-Heç kimə sirr deyil ki, Azərbaycan mətbuatı fotomüxbir və ya bir başqa deyimlə, fotoreportyor qıtlığı yaşayır. Press-fotoların, olayların sənədli görüntülərinin qıtlığı nədən irəli gəlir: siyasi məhdudiyyətlər var? Peşəkarlıq aşağıdır? Sifariş yoxdur? Yoxsa maddi-texniki problemlər çözülmür?


-Beynəlxalq etik prinsiplər tələb edir ki, reportyorlar olaya qarışmasın, özünü və olayı işıqlandırmaqdan ötrü zəruri avadanlığı qorusunlar. Özünü polis dəyənəyinin altına atanda bəs olayı kim işıqlandıracaq, zorakılıq varsa-olubsa, ondan insanlar necə xəbər tuta biləcəklər?! Azərbaycanda fotoreportyor işinə tələbatsızlıq qeyri-peşəkarlıqdan da, zəif maddi-texniki bazadan da irəli gəlir. Redaksiyalar fotomüxbirə xadimə kimi yanaşır, halbuki bir fotoreportajın göstərdiyini tam qəzet səhifəsi əhatə etmir. Bu durumun düzəlməsi zaman alacaq. «Azərfoto» təşkilatı da, əslində, məhz olayların görüntülərini, press-fotoları medianın normasına çevirmək məqsədi güdür.


-2-ci İnternet yarışmasında kim qalib gəldi və niyə məhz O qalib gəldi?


-14 yaşlı məktəbli qız-Aytən Novruzova qalib gəldi. İki nənəsini yanba-yan çay içdikləri yerdə çəkmişdi. Həm təbii, həm də təsirli, çox anlaşıqlı və sadə fotoşəkil alınmışdı. Yeri gəlmişkən, məktəbli qız fotonu adi Mobil telefonla çəkmişdi…


-Sizcə, Azərbaycan fotoreportyoru nə vaxt danılmaz peşəkara çevriləcək?


-Bu zaman alacaq. «Azərfoto» da buna çalışır və bu səbəbdən yarışmalar düzəldir. İndi bir təşəbbüsə də başlamaq istəyirik. Həvəskar reportyorları qaçqın və köçkünlərin məskunlaşdığı bir yerə aparıb onların görüntülərini çəkmək və beləcə, Azərbaycanın bugünkü durumunun çox həssas bir məqamını dünyaya tanıtmaq istəyirik. Bütün bunlar peşəkarlığa aparan yolun danılmaz mərhələləridir.


XS
SM
MD
LG