Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:04

«Eurovision-2007»: Şərqi Avropanın triumfu


İkinci yer Ukraynadan Verka Serdyuçkaya çatıb

İkinci yer Ukraynadan Verka Serdyuçkaya çatıb

Qərbin kütləvi informasiya vasitələri mayın 12-də keçirilən 52-ci «Eurovision» müsabiqəsinin nəticələrini müzakirə edir.

Birinci yeri ana dilində «Molitva» mahnısını ifa edən serb müğənnisi Mariya Şerifoviç tutub. İkinci yer Ukraynadan Verka Serdyuçkaya, üçüncü yersə Rusiyanın «Serebro» qrupuna çatıb.


İsveçrənin «Le Temps» qəzeti yazır ki, bu müsabiqə 2007-ci ildə Şərqi Avropanın «bürc»ü altında keçib.


Son vaxtadək hamı elə bilirdi ki, «gicbəsər» bir televiziya müsabiqəsini seyr edir və burada qalibləri televiziya tamaşaçıları müəyyənləşdirirlər. Şou isə ölüvay şənbə axşamlarını «yola verən» proqramı xatırladır. İndi hər şey dəyişib. Hətta «Eurovision» da mürəkkəbləşir. Müsabiqədəki qəfil dəyişikliyi izləmək üçün əlində geosiyasi, geostrateji, geotarixi və nəhayət, geocoğrafi xəritə olmalıdır.


24 finalçı ölkədən 15-i əvvəllər keçmiş SSRİ və ya sabiq Yuqoslaviyaya daxil olub. İlk 15-liyə düşənlər arasında yalnız Yunanıstan və Türkiyə bu klubun üzvləri deyil. Siyahının sonuna düşən Şimali Atlantika ölkələri «soyuq müharibə»dən donmuş kimi görünürdülər.


Almaniyanın «der Tagesspiegel» qəzeti yazır ki, Şərqin triumfu üzündən Qərbi Avropanın «Eurovision»na marağı itir.


Helsinkidə «Eurovision» musiqi müsabiqəsi artıq tarixə çevrilib. Gələn il Belqradda keçiriləcək müsabiqə isə artıq indinin özündə tarixdir. Serbiya paytaxtındakı finala «Eurovision» təşkilatçılarından yalnız dörd ölkə - Almaniya, Fransa, Böyük Britaniya və İspaniya vəsiqə qazanıb. Qərbi və Şimali Avropanın yerdə qalan böyük hissəsi yarımfinala çıxış üçün çarpışmalı olacaq və yenə də Şərqin üstünlüyü ilə qarşılaşacaqlar. Çünki Balkanlardan və keçmiş Sovet İttifaqından azı 13 ölkə yarışda təmsil olunacaq.


«Bu cür perspektiv «Eurovision» fanatlarının əhval-ruhiyyəsini pozur. Onlar hələ də müsabiqədə əvvəlki şounu görürlər. Fanatlar telefon səsverməsindən imtina olunmasını və köhnə jüriyə qayıdışı tələb edirlər. Amma onların mövqeyi yalnız bir şeydən xəbər verir: uduzanlar hələ də anlamayıblar ki, «Varşava» blokunun süqutundan 17 il sonra Avropa böyüyüb», - deyə «der Tagesspiegel» yazır.


Böyük Britaniya mətbuatı da öz təmsilçilərinin «Eurovision»da uğursuz çıxışından sonra incikliklə doludur. «Daily telegraph» qəzeti müsabiqədə islahata çağırır.


Britaniyanın namizədi, «Scooch» qrupunun «Flying the Flag» mahnısı 24 yerdən 22-ci yeri tutub. Mahnını «sıfır bal» rüsvayçılığından Malta və İrlandiyanın canıyanan səsləri qurtarıb.


Bu ilin müsabiqəsi «qonşu qonşuya» səsverməsi ilə seçilirdi, xüsusilə Şərqi Avropa ölkələri arasında.


1981-ci il müsabiqəsində Britaniyaya birinci yeri qazandıran «Buck′s Fizz» qrupundan Bobbi Cinin mətbuat katibi Alan Kleyton deyir ki, qrup indiki siyasiləşmiş səsvermə mühitində öz müvəffəqiyyətini çətin ki, təkrarlaya bilərdi: «Biz ümid edərdik, amma bunu təsəvvür etmək çox çətindir. Bu gün - ölkələrin bir-birinə siyasi mülahizələrdən dolayı səs verdiyi bir vaxtda Qərbi Avropadan olan ölkəyə «Eurovision»da qələbə çalmaq çətin olardı».


Alan Kleyton təklif edir ki, müsabiqə ikiyə bölünsün, Qərb və Şərqin qalibləri finalda qarşılaşsınlar və müstəqil hakimlik olsun.


«Eurovision»da uduzanlar haqqında «Nul Points» kitabının müəllifi Tim Mur deyib ki, qələbənin ifanın keyfiyyətinə heç bir aidiyyəti yoxdur: «Bəlkə jüri sisteminə keçməyin anlamı var, çünki bu, mahnılara səsvermədən daha çox sənin Çernoqoriyada nə qədər xalanın olması məsələsinin müəyyənləşdirilməsinə oxşayır».


Günün bütün mövzuları

XS
SM
MD
LG