Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:51

Putin Nazarbayevi sammitə buraxmadı


Putin mayın 9-dan Nazarbayevin qonağıdır

Putin mayın 9-dan Nazarbayevin qonağıdır

Polşada Rusiya neft və qazına alternativin axtarışına həsr olunan «anti-Rusiya» enerji sammitinin açılışı ərəfəsində Moskva qəti əks-hücuma keçib. Artıq ilk müvəffəqiyyət var - əsas iştirakçılardan biri-Qazaxıstan prezidenti Nursultan Nazarbayev sammitə qatılmayacaq. Polşa sammiti vaxtı Rusiya prezidenti qazaxıstanlı həmkarının qonağı olacaq. Rusiya prezidentinin Orta Asiyaya uzun müddətli səfərində məqsəd Rusiyadan yan keçən trans-Xəzər kəmərlərinin inşasının qarşısını almaqdır.


Mayın 9-da Vladimir Putinin Qazaxıstan və Türkmənistana rəsmi səfəri başlanıb. Mayın 10-u axşam Nursultan Nazarbayevlə birlikdə Putin Türkmənistana gedəcək, mayın 12-də isə Aktauya qayıdacaq. Burada Rusiya, Türkmənistan və Qazaxıstan prezidentlərinin üçtərəfli görüşü planlaşdırılıb. Sonra isə Putin daha iki gün Qazaxıstanda ləngiyərək, prezident Nazarbayevin qonağı olacaq.


Bu səfər mayın 11-13-də Polşada «beşliyin» (Polşa, Ukrayna, Azərbaycan, Gürcüstan və Qazaxıstan) enerji sammiti ilə bir vaxta təsadüf edir. Görüşdə tərəflər artıq mövcud Odessa-Brodı (Ukrayna) və Plotsk-Qdanks (Polşa) kəmərlərindən istifadə etməklə 2001-ci ilədək Rusiyadan yan keçən Odessa-Qdanks marşrutunun yaradılması barədə razılığa gəlməyi planlaşdırırdılar.


Sammitdə Qazaxıstan prezidenti də iştirak etməli idi. Martın 29-da Nursultan Nazarbayev şəxsən Polşa prezidenti Lex Kaçinskiyə sammitdə iştirakını vəd etmişdi: «Təklifi qəbul edirəm. Mən həmişə istənilən formatda aktual ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmək imkanına şadam».


Odessa-Qdansk layihəsində iştirakın vacibliyini Nazarbayev o vaxt belə izah edirdi: «2012-2014-cü illərdə Qazaxıstan dünya bazarına əsas neft ixracatçılarından biri olacaq. 2015-ci ilədək neft hasilatının iki dəfə artırılması Qazaxıstanı yeni nəql yollarını axtarmağa vadar etdiyindən, Odessa-Qdanks bizim üçün yaxşı alternativdir».


Orta Asiyadan yeni enerji marşrutlarının peyda olması Rusiya üçün Qazaxıstan və Türkmənistanın kiçik tərəfdaşlardan rəqibə çevrilməsi demək olardı. Ona görə də Qurbanqulı Berdımuhammedovun yaxınlarda Moskvaya səfəri zamanı ona təkidlə Xəzəryanı kəmərin xeyrinə trans-Xəzər kəmərindən imtina etmək təklif olunurdu. Xəzəryanı kəmər Türkmənistandan Qazaxıstan və Rusiya vasitəsilə Xəzərin şərq sahili boyu keçməlidir. Qazaxıstan hakimiyyəti indiyədək bu layihəyə razılıq vermirdi.


Türkmənistan, Qazaxıstan və Rusiya liderlərinin indiki üçtərəfli danışıqları hələ başlamasa da, enerji meydanında ilk qələbəni Rusiya artıq əldə edib. Beləliklə, Polşada «anti-Rusiya» enerji sammitinin formatı dəyişib. O, möhkəm «beşlikdən», «zəif dördlüyə» çevrilib-«Komersant» qəzeti məsələyə belə şərh verir.


Günün bütün mövzuları

XS
SM
MD
LG