Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri qurumun iyun sessiyasına kimi Bakıya gələ bilərlər.
Həmməruzəçilərdən biri Andres Herkel «Azadlıq» radiosuna bildirib ki, ölkədə söz azadlığının durumu pisləşdiyindən iyun sessiyasına kimi səfərin vaxtını planlaşdırmağa çalışacaqlar. Səfərdə məqsəd Azərbaycanda baş verənlərlə bağlı atılacaq addımları da müəyyənləşdirməkdir.
Cənab Hekel eyni zamanda, mayın 4-də yazıçı Rafiq Tağının və «Sənət» qəzetinin redaktoru Samir Sədaqətoğlunun azadlıqdan məhrum edilməsinə də münasibət bildirib. O, hesab edir ki, jurnalistlərin həbsi Avropa İnsan Haqları və Əsas Azadlıqları Konvensiyasına ziddir. Bu məsələ araşdırılacaq: «Azad sözün vəziyyəti kəskinləşib. Bu kəskinləşmə başqa sahələrdə də özünü göstərir. Təəssüf ki, son zamanlar həbs olunan jurnalistlərin sayı çoxalıb. Biz jurnalistlərin də, siyasi məhbusların da hər birinin işini nəzarətdə saxlayarıq. Əlbəttə, hökumətin fəaliyyətini də araşdıracağıq, görək bu sahədə müsbətə doğru dəyişiklik varmı?»