Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:12

Türkmənbaşının irsi yaşayır...


Aşqabadda Saparmurat Niyazovun qızıldan heykəli, iyun 2006
Aşqabadda Saparmurat Niyazovun qızıldan heykəli, iyun 2006

Türkmənistanın yeni prezidenti Qurbanqulı Berdımuhammedov Saparmurat Niyazovun işini davam etdirir. Əvvəlki Türkmənbaşı səhrada meşənin salınması və ya 40 dərəcə istidə pinqvin zooparkının salınması kimi bəzi əcaib layihələri ilə tanınırdı. Yeni prezidentin isə ilk böyük layihəsi Aşqabadda 220 metrlik göydələn və süni gölü olacaq dəbdəbəli rayonun tikintisi olacaq.


Rayonda həmçinin qolf üçün bir neçə sahə olacaq. Bu haqda türkmən prezidentinin administrasiyasına istinadən «Associated Press» Agentliyi yazır.


Silindr formalı göydələn 570 min kvadrat metr sahəsi olan süni göldəki beş adadan birində inşa olunacaq.


Yeni rayon Aşqabadın cənubunda yerləşəcək, onun uzunluğu təqribən 7 kilometr təşkil edəcək, ərazisində hotellər, sərgi mərkəzləri, restoranlar və idman sarayları olacaq. Tikinti Türkiyənin «Gap İnşaat» şirkətinə həvalə olunub, plana görə, işlər 2011-ci ildə tamamlanmalıdır. Layihənin qiyməti açıqlanmır.


Beləliklə, Berdımuhammedov sələfinin başladığı olduqca əcaib təşəbbüslərin ənənəsini davam etdirir.


Saparmurat Niyazov bir sıra özünəməxsus təşəbbüslərin müəllifi idi. Belə ki, onun əmri ilə Aşqabadda bir neçə mərmər sarayı və beşulduzlu mehmanxanalar inşa olunub. Bundan başqa, o, Asiya üçün görünməmiş şeylər – xizək kurortu və buz arenası açıb.


Yeri gəlmişkən, Türkmənistanın mərkəzində süni gölün yaradılması Niyazovun çoxdankı istəyi idi. Bu, Türkmənbaşının ən böyük arzusu idi – Karakum səhrasını oazisə çevirmək. Bir il qabaq deyilirdi ki, Aşqabadın 30 kilometrliyində nəhəng süni hovuz tikilib: Türkmənbaşının planlarına görə, orada ovluq balıqlar törəməliydi, sahilboyu qamışlıqda isə nadir quş növləri yuva salmalıydılar. Bu layihə o vaxt vergi ödəyicilərinə 25 milyard türkmən manatına (ötən ilin qiyməti ilə 5 milyon dollar) başa gəlmişdi. Bununla yanaşı, Türkmənistan qumlarında süni hovuzların yaradılmasına dair daha bir neçə layihə düşünülürdü.


Bundan başqa, planlaşdırılırdı ki, Aşqabadın ətrafında meşələr salınacaq. Türkmənbaşı paytaxtın ətrafında 1000 kvadrat kilometr yaşıllıq salmağı tələb edirdi. «Biz elə ağac növləri əkəcəyik ki, min illərlə yaşasın və bizim meşə minilliyin meşəsi olacaq», - deyə o, ölkə vətəndaşlarına vəd edirdi.


Yaşıllaşdırmanın və səhra ərazilərinin canlandırılmasının nə ilə başa çatdığı məlum deyil. Amma Niyazovun ən maraqlı layihəsi Karakum səhrasında zooparkın inşasıdır ki, burda da «mütləq pinqvinlər olmalıdır».


Türkmənbaşı hesab edirdi ki, pinqvinləri bir növ kimi yalnız Karakumda (burada hərarət 40 dərəcədən yuxarıdır) qoruyub saxlamaq olacaq, çünki «Antarktidada onların qlobal istiləşmə nəticəsində aclıqdan ölmək təhlükəsi var».


Zooparkın inşasına Türkmənistan prezidenti 18 milyon dollar ayırıb. Zoopark bu il açılmalı idi, amma tikintinin hansı mərhələdə olduğu hələlik aydın deyil.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG