Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:46

Qadın məhbusların əksəriyyəti zorakılığa məruz qalanlardır


Qadın məhbusların əksəriyyəti zorakılığa məruz qaldıqdan sonra cinayət törədənlərdir

Qadın məhbusların əksəriyyəti zorakılığa məruz qaldıqdan sonra cinayət törədənlərdir

«Ailə qurmağım ümumiyyətlə, çox müəmmalı şəkildə olub. Sevmədiyim bir adama ögey anam tərəfdən ərə verildim. Tanımadığım bir ailənin içinə düşmüşdüm. Həmin ailədə isə qadına bir əşya kimi baxırdılar. Yəni ki, nə desələr elə olmalıdır. Öl desən öl, qal desən qal.


Yoldaşım tərəfindən mən dəfələrlə, hətta hamilə olarkən də, heç bir səbəbsiz filansız döyülmüşəm».


Bu fikirləri deyən Elnurədir. Onun 27 yaşı hələ tamamlanmasa da, həyatının ancaq mübarizələr içində keçdiyini deyir. 19 yaşında ailə quran bu qız, indi iki uşaq anasıdır. Amma ailədə dəfələrlə zorakılığa məruz qaldığından evliliyinin 8-ci ilində boşanmağa məcbur olur.


Dövlət Statistika Komitəsinin məlumatına görə, indi Azərbaycanda boşananların sayı əvvəlki illərlə müqayisədə azdır. Bəzi ekspertlər qadınların da özlərini müdafiə qabiliyyətlərinin müəyyən dərəcədə artdığını bildirirlər. Amma Statistika Komitəsinin sədri Arif Vəliyev deyir ki, indi nəyə görəsə çox erkən yaşlarda ailə quranların da sayı artır.


«Ötən il 2006-cı ildə 79,7 min nikah qurulub. Bu, 2005-ci illə müqayisədə 8,1 min çoxdur. Birinci nikaha daxil olanların orta yaş həddi kişilərdə 27,5 yaş, qadınlarda 23,4 yaşdır.

Məişət zorakılığı nəinki fiziki təzyiqlər, döyülmələr, eyni zamanda psixoloji, emosional və iqtisadi zorakılıqlar da ola bilər
Amma təəssüflər olsun ki, son vaxtlar belə bir tendensiya yaranıb-daha aşağı yaşlarda nikaha girənlər bir qədər çoxalıb. 7,8 min boşanma faktı qeydə alınıb ki, bu da 2005-ci illə müqayisədə 1,1 min azdır».


Azərbaycan ailələrində boşanmaya səbəb olan amildən biri də elə, məhz məişət zorakılığıdır. Məişət zorakılığı isə, nəinki fiziki təzyiqlər, döyülmələr, eyni zamanda psixoloji, emosional və iqtisadi zorakılıqlar da ola bilər.


Ekspertlər deyir ki, Azərbaycanda məişət zorakılıqları arasında daha geniş yayılmışı fiziki zorakılıqdır. Zorakılığa məruz qalanların arasında isə qadınlar üstünlük təşkil edir. İkinci yerdə uşaqlar, ən sonda isə kişilər gəlir.


«Qadın Məsləhət-Profilaktika Mərkəzi»nin rəhbəri Fəridə Əsgərova deyir ki, onlar zorakılığa uğrayanlara yalnız məsləhətlə köməklik edə bilərlər: «Biz yalnız qadın razılıq verərsə, ailənin işinə qarışa, məhkəməyə və ya polisə müraciət edə bilərik».


Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə deyir ki, onlara il başlayandan bəri çox sayda müraciət olub. Əgər yanvar ayında 19 nəfər müraciət etmişdisə, fevralda onların sayı artaraq 37 nəfər, martda isə bir qədər azalıb 30 nəfər olub.


Mətanət Əzizova deyir ki, Azərbaycanda qadınların bir çoxu ailədə zorakılığa məruz qalsa da, əksər hallarda gedib polisə şikayət verməkdən çəkinirlər. Digər tərəfdən isə hüquq mühafizə orqanlarına müraciət edən qadınlara həm polisdə, həm də kənardan çox pis baxırlar.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə deyirlər ki, Azərbaycanda zorakılığın məhdudlaşdırılması, qarşısının alınması üçün, «Məişət zorakılığı haqqında qanun layihəsi» hazırlanıb və baxılmaq üçün Prezidentin İcra Aparatına təqdim olunub.


Qadınlara qarşı zorakılığın bir ucu da qadın təcridxanasına gedib çıxır. Azərbaycanda yeganə qadın təcridxanasında saxlanan məhbusların sayı son bir ayda 4 nəfər artaraq 252 nəfərə çatıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirildiyinə görə, qadın məhbusların əksəriyyəti zorakılığa məruz qaldıqdan sonra cinayət törədənlərdir.


Günün bütün mövzuları

XS
SM
MD
LG