Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:07

İlham Əliyev Qarabağ danışıqlarının məxfi detallarını açıqladı


«Ermənistan rəhbərliyinin nə deməsindən asılı olmayaraq, danışıqlar Azərbaycanın mənafeyinə uyğundur»

«Ermənistan rəhbərliyinin nə deməsindən asılı olmayaraq, danışıqlar Azərbaycanın mənafeyinə uyğundur»

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların Azərbaycanın mənafeyinə uyğun getdiyini bildirib. Mayın 4-də Bakının Ramana qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş qəsəbənin açılışında çıxış edən dövlət başçısı deyib ki, əvvəlki danışıqlarda işğal olunmuş beş rayonun boşaldılması məsələsi qoyulurdusa, son danışıqlarda yeddi rayonun dərhal boşaldılması məsələsi müzakirə edilir: «ATƏT-in Minsk Qrupu da Azərbaycanın mövqeyi ilə razıdır. Ermənistan rəhbərliyi də artıq bu məsələdə razı olduqlarını bildiriblər. Buna baxmayaraq, onlar öz ölkələrində gedib başqa məlumatlar verirlər. Ermənistan rəhbərliyinin nə deməsindən asılı olmayaraq, danışıqlar tamamilə Azərbaycanın mənafeyinə uyğundur».


Cənab Əliyev bildirib ki, danışıqlarda məxfi saxlanan detalların açıqlanmasına ehtiyac var, çünki Ermənistan və bir sıra dairələr qeyri-dəqiq informasiyalar yayırlar.


Prezident deyib ki, Laçın və Kəlbəcərin qaytarılması ilə bağlı heç bir şərt qoyula bilməz. Yalnız Qarabağın statusu müəyyənləşəndən sonra isə Laçından «quru dəhliz» kimi istifadə oluna bilər. İlham Əliyev ərazidə sülhməramlı qüvvələrin yerləşdirilməsinin Azərbaycanın deyil, Ermənistanın istəyi olduğunu deyib.


Ölkə başçısı deyib ki, yalnız qaçqınlar öz torpaqlarına qayıdandan sonra Qarabağın statusu məsələsi həll oluna bilər: «Hərbi məsələdə balans Azərbaycanın xeyrinə pozulub. İqtisadi-siyasi və digər məsələlərdə isə balans Azərbaycanın xeyrinədir».


ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Mətyu Brayza isə aprelin 25-də «Amerikanın səsi» radiosuna verdiyi müsahibəsində bildirib ki, Kəlbəcər və Laçının hansı şərtlər çərçivəsində qaytarılması ilə bağlı danışıqlar hələ davam edir və bu məsələdə razılaşmaya çox yaxınıq.


Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan bu yaxınlarda Avstriyanın «Standart» qəzetinə müsahibəsində deyib ki, Laçın dəhlizi Ermənistan və Dağlıq Qarabağ arasında azad və maneəsiz əlaqəyə təminatdır. Ona görə də, bu dəhlizə Dağlıq Qarabağın bir hissəsi kimi baxılmalıdır. Oskanyanın sözlərinə görə, son vaxtlar rəsmi Bakı bu dəhlizin ümumi istifadəsi barədə məsələ qaldırsa da, Ermənistan tərəfi bundan imtina edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG