Sinoptiklər xəbərdarlıq edirlər ki, bu günlərdə yağmurlu hava şəraiti Kür və Ağstafa çaylarının yenidən məcradan çıxmasına səbəb ola bilər. Daşqın təhlükəsi olduğundan Qazax rayonu Nərimanov qəsəbəsində Ağstafa çayı kənarında yerləşmiş yeddi evdən uşaq və qocalar köçürülüb, ev sahiblərinəsə xəbərdarlıq olunub ki, başqa yerdə gecələsinlər. Bu haqda «Azadlıq» radiosuna Qazax Rayon İcra Hakimiyyətinin Mülki Müdafiə Qərargahının rəisi Azad Hümbətov məlumat verib. Onun sözlərinə görə, ötən il sel suları bəndi dağıtdığından hazırda sahil bərkitmə işləri aparılır: «Bənd dağılıb və indi daş və betonla bərkidilir».
2003-cü ildə Kür məcrasından çıxmış və nəticədə Qazaxda dörd evi sel aparmışdı.
Neftçala İxtisaslaşdırılmış Mənsəb Hidrometeorologiya Müəssisəsinin direktoru Əkbər Həsənovsa deyir ki, qar sularının əriməsi və havaların yağmurlu keçməsi nəticəsində Gürcüstanda Kürün səviyyəsi qalxıb, saniyədə çaydan 1500 kubmetr su axır. Onun sözlərinə görə, artıq Salyan və Neftçalada çayın səviyyəsi 25 santimetr artıb. Yağış ara verməsə, bənd altından su sıza və qrunt suları üzə çıxa bilər: «Su anbarları var deyə, vəziyyət qorxulu deyil».