Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:23

İkinci «Qazaxqeyt»…


Şirkət Rusiya, Özbəkistan, Anqola, İndoneziya və Nigeriyada da rüşvət verdiyini etiraf edib
Şirkət Rusiya, Özbəkistan, Anqola, İndoneziya və Nigeriyada da rüşvət verdiyini etiraf edib

ABŞ-ın Federal Məhkəməsi «Beyker Hyuz» şirkətini 44 milyon dollar cərimələyib. Bunun 11 milyonu şirkətin Qazaxstandakı zəngin «Karaçağanak» qaz yatağındakı fəaliyyətilə bağlıdı.


İttihamnamədə deyilir ki «Beyker Hyuz» şirkətinin rəsmiləri 2001-2003-cü illərdə arada vasitəçilik edən bir nəfərə 4 milyon dollar rüşvət veriblər ki, Dövlət Neft Şirkətinin - «QazaxNeft»in yüksək vəzifəli rəhbərinə ötürsün.


İttihamnamədə o da bildirilir ki, 1998-99-cu illərdə «QazTransNeft»in rəhbərinə də 1 milyon dollar rüşvət verilib. Amerikada maliyyə bazarını nizamlayan dövlət agentliyi Qiymətli Kağızlar və Birjalar üzrə Komissiya bəyan edir ki, bundan başqa, «Beyker Hyuz» şirkəti Rusiyada, Özbəkistanda, Anqolada, İndoneziyada və Nigeriyada da neftlə bağlı sənaye sahələrində məmurlara rüşvət verdiyini etiraf edib.


«Beyker Hyuz» şirkətinin Qazaxstandakı fəaliyyəti ilə bağlı təhqiqat 2004-cü ildə başlanıb. Amma keçən həftəyə qədər ittihamların miqyası bilinmirdi.


Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyada qərarların icrasına baxan departamentin direktor müavini Kristofer Konte «Azadlıq» radiosuna deyib ki, onlar hazırda davam etməkdə olan istintaqı mümkün qədər məxfi aparmaq istəyirlər. O, bildirib ki, «Beyker Hyuz» şirkətinin Qazaxstandakı fəaliyyəti ilə bağlı ittihamlar cinayət, qalan iddialar isə mülki xarakterlidi.


Rüşvət aldıqları iddia edilən qazax rəsmilərinin adları ittihamnamədə açıqlanmır. Araşdırma nəticəsində məlum olub ki, həmin pullar Sürix və Londondakı iki bank hesabına köçürülüb. İttihamnamədə deyilir ki, istintaqa İsveçrə və Britaniya hakimiyyəti də kömək edib.


İttihamnaməyə görə, «Beyker Hyuz»un Qazaxstandakı keçmiş meneceri Roy Fernli rüşvət işinin başında durub. O, şirkətdə özündən yuxarı vəzifəlilərə deyib ki, əgər «QazaxNeft»in adamı şirkətdə məsləhətçi kimi saxlanmasa, şirkət Qazaxstandakı biznes fəaliyyətinə həmişəlik son qoymalı olacaq.


Rüşvət veriləndən sonra «Beyker Hyuz»a «Karaçağanak» yatağında «yağlı» müqavilə peşkəş ediblər. Bu müqavilədən də şirkət 2001-ci ildən 2006-cı ilə qədər 200 milyon dollardan çox pul qazanıb.


Amma işdə adıkeçən qazax rəsmilərinin kimliyi barədə məlumat verilmir. Konte bunu belə izah edir: «Biz təcrübədə işlə bağlılığı ola bilən şəxslərin adlarını ancaq o vaxt açıqlayırıq ki, onlar təqsirləndirilən şəxsdirlər. Bu işdə adıkeçən qazax rəsmiləri isə cinayətin güman edilən iştirakçılarıdırlar və buna görə, onların anonimliyi qorunur».


Qazaxstanın Amerikadakı səfirliyinin mətbuat katibi Roman Vasilenko isə deyir ki, işlə tanış deyil və ölkə rəsmilərinə aid ittihamların həqiqətəuyğun olub-olmadığını şərh edə bilməz. Amma o, bildirir ki, Qazaxstanda antikorrupsiya qanunu var və həmin aktla bir neçə yüksək vəzifəli şəxsi məsuliyyətə cəlb ediblər.


Vaşinqtonda fəaliyyət göstərən vəkil Donald Zarin isə ABŞ-ın «Xaricdəki korrupsiya halları ilə bağlı» kitab yazıb. «Beyker Hyuz»u həmin qanunla məsuliyyətə cəlb ediblər. Vəkil «Azadlıq» radiosuna deyib ki, Amerika hökuməti xarici ölkə rəsmilərinə rüşvət verilməsinə çox ciddi yanaşır. Bunun da başlıca səbəblərindən biri odur ki, xarici ölkə rəsmilərinə rüşvət verilməsi həmin ölkədə rəqabət mühitini boğur və beləliklə də iqtisadi inkişafa mənfi təsir edir: «Mahiyyət etibarilə bu, antikorrupsiya qanunudu. Həmin qanun Amerika şirkətlərinə və vətəndaşlarına öz biznes maraqlarını təmin etmək üçün xarici ölkə rəsmilərinə rüşvət verməyi qadağan edir. Sənədə görə, Birləşmiş Ştatlar şirkətləri vasitəçilərə də rüşvət verə bilməzlər».


«Beyker Hyuz» şirkətinin rəhbəri Çad Deyton isə qətnamə çıxarılan gün deyib ki, rüşvət məsələsində əli olduğu güman edilən şəxslər işdən çıxarılıb. İddiaçı olan Dövlət Komissiyası isə bildirib ki, şirkət istintaqla əməkdaşlıq edib. Bu xəbər şirkətin səhmlərinin qiymətinin artmasına səbəb olub.


Bu iş mahiyyətcə «Qazaxqeyt»ə bənzəyir. «Qazaxqeyt» - Qazaxstan rəsmilərinə rüşvət verilməsilə bağlı digər bir işdi. Həmin iş Nyu-Yorkun federal məhkəmələrində tısbağa sürətilə gedir.


Həmin iddiaya görə, amerikalı biznesmen Ceyms Giffen 1990-cı illərdə Qazaxstan prezidenti Nursultan Nazarbayevə və keçmiş Baş nazir Nurlan Balgimbayevə on milyonlarla dollar pul ötürüb ki, Qərbin neft şirkətlərinə Qazaxstanda fəaliyyət üçün lisenziyalar alsın.


1999-cu ildə «Qazaxqeyt» işi açıqlananda, bu, Qazaxstan hökuməti üçün başağrısına çevrildi və həmin iddiaların imicinə vurduğu ziyanı azaltmaq üçün Qazaxstan «PR» kampaniyalara yüz minlərlə dollar xərclədi.


Amma Giffenin vəkillərinin bir sıra uğurlu hüquqi gedişlərindən və məhkəmənin dalbadal bir neçə dəfə təxirə salınmasından sonra «Qazaxqeyt» işinə maraq belə görünür ki, azalmaqdadı.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG