Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:17

Almas İldırım 100 yaşında


Şair Almas İldırım
Şair Almas İldırım
Mühacir həyatı yaşamış şair Almas İldırım 100 yaşına çatdı. Azərbaycan ədəbiyyatında onun yeri necə görünür? Türk dünyası üçün Almas İldırım şəxsiyyəti nə deməkdir? Müsahibimiz Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurdur.

-Maarif bəy, Almas İldırım kimdir?


-Gerçək adı Yıldırım, soyadı Almaszadə olub. 1907-ci il martın 24-də Abşeronun Qala kəndində doğulub. «İttihad» məktəbində təhsil alıb, 1925-ci ildə universitetin Şərqşünaslıq fakültəsinə daxil olub, ancaq atası vaxtı ilə tacir olduğundan təhsilini tamamlamağa imkan verməyiblər. Yaradıcılığa başlayan gündən adı bolşeviklərin qara siyahılarına düşüb. «NKVD» Almas İldırımı «tərbiyə» etmək, bolşevik arşınına uyğunlaşdırmaq üçün Dağıstana sürgün edir. İki il Dağıstanda qalan şair yazırdı:


Gizli yol kəsmədim, qaçaq olmadım,


Sakit bir həyatı pozmadım mən ki!..


Heç kimə qanlı bir bıçaq olmadım,


Heç bir qətlə fərman yazmadım mən ki!..


Bu dəfə isə onu Türküstana sürgün edirlər. Almas İldırım yenə inadından dönmür.


-Bəs şair qırmızı terrordan necə qurtula bilir?


-Zəkalı, bilikli insanları 20-ci illərdən izləyirdilər. 1933-cü ildə Almas İldırım İrana keçməyə cəhd göstərir, ancaq onu «sovet casusu» adıyla tutub bir aya yaxın suyun içində saxlayırlar. Daha sonra bəxti gətirir və İrandan Türkiyənin Elazıq elinə keçə bilir. Beləcə, həyatını 17 il uzadır. Əks halda, Almas İıldırım ən geci 1937-ci ildə Stalin repressiyasının amansız güllələrinə tuş gələcəkdi…


-Elazığda Xəzər gölünün olması haqqında ilk dəfə nə vaxt xəbər tutmusunuz?


-Almas İıldırım 1933-cü ildə Türkiyədə-Elazıqda məskunlaşır. Çox səfalı təbiəti olan Elazığda kiçik bir göl də varmış-Gölcük adında. Ona bir şeir də həsr edir. 1935-ci ildə Atatürkə məktub yazır ki, bəs mən Azərbaycandan gələn bir qaçqınam. Mümkünsə vətənimin Xəzər dənizinə oxşayan Gölcük məhz Xəzər adlandırılsın. Şairin bu xahişi yerinə yetirilir. Beləcə, Bakının Xəzəri Elazığın Xəzəriylə adaş olur.


-Bu Xəzər o Xəzərə necə qovuşdu və niyə qovuşdu?


-1992-ci ildən Xəzərləri «qovuşdurduq». 1999-cu ildən Elazığda Xəzər Şeir Axşamları keçirilir. Oranın insanları İldırımı dərin hörmətlə anırlar. Bu, bizə qürur verir.


-Almas İldırımdan nə və ya nələr yadigar qalıb?


-Türkiyədə onun «Ninnilər» və «Bayatılar» kitabları çapdan çıxıbmış. O kitablardakı şeirləri sonralar «Qara dastan»da dərc etdirmişik. Axtarışlar davam edir. Yeni əsərlərlə görüş çox çəkməyəcək.


-Şeir yadigarlarını yavaş-yavaş oxuyuruq… Almas İldırımın övlad yadigarlarını necə, tanıyırıqmı? Məsələn, Azər Alması?


-Eldəgəz və Yurdavar adlı oğullarını eyni gündə dəfn edib. Uşaqların adı Almas İldırımın vətən və türklük sevgisini göstərmirmi? 6 oğlu olub. Onun 4-cü oğlu Araz Almasın gözəl şeirləri vardı, rəhmətə gedib. Özü də Şüvəlanda basdırıblar. Azər adlı böyük oğlu hazırda sağdır və Azərin oğlu Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasında mühəndis kimi çalışıb.


-Sağlığında ona «millətçi və pantürkist şair damğası» vurulmuşdu. Bəs gələcədə hansı ad qalacaq?


-Vətənsevər şair, türklüyə körpü salan mühacir şair kimi qalacaq. Ruhlar ölmür. Onun ruhu hər an yurdunu qarış-qarış gəzir.


XS
SM
MD
LG