Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:45

GAMOH-da yaranan böhran üzvlərin istefası ilə nəticələnib


Çöhrəqanlı «İrançılıq və federalizm» düşüncəsinə üstünlük verməkdə günahlandırılır
Çöhrəqanlı «İrançılıq və federalizm» düşüncəsinə üstünlük verməkdə günahlandırılır

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) kimi tanınan təşkilatın üzvü Hadi Musəvinin aprelin 12-də Azərbaycandan İrana deportasiya edilməsi təşkilatın mərkəzi komitəsində gərgin mübahisələr yaradıb və bir neçə üzvün istefasına səbəb olub.


«Amerikanın Səsi» radiosunun verdiyi məlumata əsasən GAMOH rəhbərliyində təmsil olunan bəzi şəxslər Hadi Musəvinin İranın xüsusi xidmət orqanları ilə əlaqədə olduğunu iddia edərək, təşkilat rəhbərliyinin onu üzvlüyə qəbul etməsi və Azərbaycan hökuməti ilə qarşıdurma obyektinə çevirməsinə etiraz ediblər.


Aprelin 22-də «Amerika Kanada Təşkilatı» (AKT) adı altında fəaliyyət göstərən GAMOH-un Şimali Amerikadakı İdarə Heyətinin sədri Hüseyn Türkellinin istefasından sonra onun nəzarət etdiyi GAMOH-un rəsmi internet saytı da Mahmudəli Çöhrəqanlıya qarşı ittihamları dərc etməyə başlayıb. Burada GAMOH sədrinin «böyük ideoloji yanlışlıqları» və «dözülməz qeyri-demokratik davranışları» Hüseyn Türkellinin istefasının əsas səbəbi kimi göstərilir. Lakin, Hadi Musəvi haqda heç bir məlumat verilmir.


Hadi Musəvini 12 ildir tanıdığını bildirən GAMOH-un Bakı Bürosunun rəhbəri Ağrı Qaradağlı isə onun İran xüsusi xidmət orqanları ilə əlaqədə olması barədə iddiaları təkzib edib.
Türkellinin etirazından üç gün sonra GAMOH-da istefaların davam etdiyi xəbər verilir. O cümlədən AKT-ın İdarə Heyətinin iki üzvü Arslan Təbrizli və Babək Mərəndli də vəzifələrindən kənara çəkiliblər. Təşkilatda demokratiyanın mövcud olmadığına görə bu qərara gəldiklərini bildirən bu fəallar eyni zamanda cənab Çöhrəqanlını «Azərbaycançılıq və müstəqillikdən çox İrançılıq və federalizm» düşüncəsinə üstünlük verməkdə günahlandırır.


Bu arada GAMOH-un Təmsil Olunmayan Ölkələr və Xalqlar Təşkilatındakı (UNPO) nümayəndəsi Davud Savalanoğlu da Çöhrəqanlıya qarşı etiraz bəyanatı yayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG