Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:43

«Biz olanları yaddan çıxarmamalıyıq»


Ermənistanda bir çox siyasətçilər soyqırımı məsələsini öz siyasi platformalarının formalaşdırılmasında istifadə edirlər

Ermənistanda bir çox siyasətçilər soyqırımı məsələsini öz siyasi platformalarının formalaşdırılmasında istifadə edirlər

«Vaxt yaraları sağaldır» deyirlər. Amma 92 il keçməsinə baxmayaraq həm ermənilər, həm də türklər arasında bir-birinə düşmən gözüylə baxanlar hələ də az deyil. Məsələn, 45 yaşlı yerevanlı mühasib Svetlana Qaloyan kimi. Qaloyan türklərə qarşı ən sərt ifadələr işlətməkdən çəkinmir.

Ermənistanda olduğu kimi, Türkiyədə də barışmaz mövqeli insanlar var. Məsələn, Ərzurum Universitetindən Betül Aslan deyir ki, ermənilərə qarşı nəinki soyqırımı törədilib, heç onları zorən ölkədən çıxaran da olmayıb.


Amma Türkiyədə bir qədər fərqli mövqelər də var. Bilgi Universitetindən Murat Belge deyir ki, Osmanlı imperiyası dövründə dövlət səviyyəsində ermənilərin deportasiyası olub, amma heç kəs onları qırmağı qarşısına məqsəd kimi qoymayıb.


Belge deyir ki, o vaxt ermənilərə qarşı baş verənlər mahiyyətcə heç də məsələn, İkinci Dünya müharibəsində nasistlərin yəhudilərə qarşı törətdikləri soyqırımı ilə eyniləşdirilə bilməz.


O, deyir ki, nasistlər yəhudiləri qırmağı qarşılarına məqsəd qoymuşdular, özü də yəhudilərin heç bir günahı olmadan. Ermənilər isə Birinci Dünya müharibəsi dövründə Rusiya ordusu ilə birləşib Türkiyə dövlətinə qarşı vuruşublar.


Türk alimi Murat Belge, Bilgi Universiteti (İstanbul)

Bir çox türk tarixçiləri deyirlər ki, ermənilər o vaxt Osmanlı imperiyasının dağılmasına və onun bir hissəsində erməni dövlətinin yaranmasına çalışırdılar.


Rəqəmlərdə də böyük fərq var – ermənilər deyirlər ki, türklər onların milyon yarım soydaşını qırıblar. Türkiyə isə bəyan edir ki, döyüşlərin gedişində 300 min erməni ölüb, amma ermənilər də on minlərlə türkü öldürüblər.


İndi ermənilərlə türklər arasında soyqırımı mübahisəsi az qala beynəlxalq siyasətin mövzusuna çevrilib. Rusiya və Kanada erməni soyqırımını tanıyıb, bəzi ölkələrdə isə soyqırımı inkar edənləri cəzalandırırlar.


Amma iki ölkənin münasibətləri nə qədər gərgin görünsə də, hər iki tərəfdə düşmənçiliyə son qoyulmasının tərəfdarları var. Yerevanda yaşayan 21 yaşlı kompyuter proqramçısı David Gevorkyan deyir ki, 92 il qabaq olanları soyqırımı sayır, amma bu məsələni çox qabartmağın tərəfdarı deyil: «Biz olanları yaddan çıxarmamalıyıq, amma bundan siyasi kurs formalaşdırmaqda istifadə etməməliyik. Biz bu günümüzlə yaşamalıyıq, indi bundan daha vacib, real məsələlər var. Yaxşı olardı ki, bu məsələlər həll edilsin, nəinki biz bütün enerjimizi və səylərimizi qədimi söhbətlərə həsr edək».


Gevorkyan deyir ki, Ermənistanda bir çox siyasətçilər soyqırımı məsələsini öz siyasi platformalarının formalaşdırılmasında istifadə edirlər - siyasi manipulyasiya vasitəsi kimi bundan sui-istifadələr var.


Türkiyədə də əksəriyyətin dediyindən fərqli fikirlər söyləyənlər var. Tanınmış yazıçı Orhan Pamuk bu yaxında demişdi ki, Türkiyədə bir milyon erməni ölüb, amma heç kəs bundan danışmaq istəmir. Bununla bağlı Pamuka qarşı cinayət işi açıldı, ancaq sonradan ləğv edildi.


İndi Avropa Birliyi iki ölkə arasında münasibətlərin bərpası üçün Türkiyədən Ermənistanla sərhədləri açmağı istəyir. Türkiyə sərhədi 1993-cü ildə bağlayıb – Ermənistan Azərbaycan ərazilərini işğal edəndən sonra – Azərbaycanla həmrəylik nümayişi kimi. Amma bu, yeganə səbəb deyil. Türkiyə istəyir ki, ermənilər soyqırımı iddialarından əl çəksinlər və Türkiyə ərazilərinin bir hissəsinin Qərbi Ermənistan kimi təqdim edilməsi fikrini öz Müstəqillik Bəyannaməsindən çıxarsınlar.


Vaşinqtondakı Yaxın Şərq Siyasəti üzrə İnstitutda Türkiyəni öyrənmə proqramının rəhbəri Sonər Çağaptay deyir ki, iki ölkə arasında münasibətlərin normallaşması işində ciddi maneələr var. Həm Türkiyədə ictimai fikir əsasən, sərt mövqedən çıxış etməkdədir, həm də ermənilərin daxilində ziddiyyətlər var. Bu günlərdə Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan demişdi ki, heç bir şərt irəli sürmədən Türkiyə ilə danışıqlara başlamağa hazırdırlar. Amma Sonər Çağaptay bir başqa məqama da diqqət çəkir: «Belə görünür ki, Ermənistan və erməni diasporu heç də həmişə eyni mövqedən çıxış etmir. Ermənistanın Türkiyə ilə şərtsiz dialoqa meylli olduğu təəssüratı yaranır. Erməni diasporu isə o mövqedədir ki, münasibətlərin normallaşması üçün dialoq yalnız o zaman başlana bilər ki, Türkiyə erməni soyqırımı adlanan bir şeyin baş verməsini şərtsiz tanıyacaq».


Amma iki ölkə arasında tarixə yanaşmayla bağlı fikir ayrılıqlarına baxmayaraq son dövrlər tərəflər bir-birilərinə müsbət mesajlar verməyə çalışırlar. Bu yaxında Türkiyə dövlətinin maliyyəsi ilə Van yaxınlığında erməni kilsəsi də bərpa edilib. Qafqazda regional layihələrdən kənarda qalan Ermənistan üçün isə Türkiyə ilə iqtisadi əlaqələri genişləndirməyin vacibliyi getdikcə daha da aktuallaşır.


Günün bütün mövzuları

XS
SM
MD
LG