Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:04

Yer kürəsi oliqarxa darlıq edir


Oliqarx 12 sutkanı kosmosda keçirəcək. O, əvvəlcə Beynəlxalq Kosmik Stansiyanı ziyarət edəcək

Oliqarx 12 sutkanı kosmosda keçirəcək. O, əvvəlcə Beynəlxalq Kosmik Stansiyanı ziyarət edəcək

Rusiya milyarderi Roman Abramoviç kosmosa səyahətə hazırlaşır. Rusiyanın Çukotka vilayətinin qubernatoru və bu yaxınlarda xanımından boşanmış milyarder təkcə Beynəlxalq Kosmik Stansiyanı ziyarət etmək yox, Ayın üzərində də dövrə vurmaq istəyir.

Bu haqda Britaniyanın «The Sun» qəzetinə Rusiya kosmonavtikasının veteranı Aleksey Leonov bildirib. «Mən onunla danışmışam. O, bunu çox istəyir. Əminəm ki, o, uçacaq».


Hər halda, oliqarxın bu səyahətə pulu çatacaq. Yaxınlarda xanımı ilə boşanıb xərcə düşməsinə baxmayaraq, milyonerlərin siyahısını tərtib edən «Forbs» jurnalı Abramoviçin hələ də 19.2 milyard dolları olduğunu yazır.


«The Sun» yazır ki, Aya Rusiyanın «Soyuz» gəmisində uçuşa görə milyarder tələb olunandan üç dəfə çox pul ödəməyə hazırdır. Roskosmos bir adamın bu cür səfərinə 100 milyon dollar istəyir.


Britaniya qəzeti iddia edir ki, Abramoviç həmin uçuşa 300 milyon dollar – «Çelsi» futbol klubunun qiymətinin az qala yarısını ödəməyə hazırdır. («Forbes» jurnalı «Çelsi» komandasını 537 milyon dollar məbləğində qiymətləndirir).


«Soyuz» gəmisi üç nəfər üçün hesablanıb, amma bütün hallarda yerlərdən birini təcrübəli pilot-kosmonavt tutur. Qalan iki yerdə turistlər uça bilərlər.


Görünür, Abramoviç bir dəfəyə 300 milyon dollar ödəməklə Aya yalnız gəmi komandiri ilə uçmağı qərara alıb, ya da xərcini ödəyib başqa bir nəfəri də bu səyahətə qonaq edəcək.


Abramoviçin ödəməyə hazır olduğu qalan 100 milyon dollar isə, yəqin ki, uçuşa hazırlıq prosesini sürətləndirməlidir.


Kosmik səyahətlərin təşkilində iştirak edən «Enerqiya» korporasiyasının rəhbəri Nikolay Sevastyanov deyir ki, uçuşa hazırlaşmaq üçün dörd ilədək vaxt lazımdır. Rusiya milyarderi Abramoviçin ödədiyi əlavə 100 milyon dollar isə ehtimal ki, həmin gözləmə müddətini azalda bilər.


Əgər Abramoviçin arzusu həyata keçsə, oliqarx 12 sutkanı kosmosda keçirəcək. Bu müddətdə o, əvvəlcə Beynəlxalq Kosmik Stansiyanı ziyarət edəcək. Sürətləndirici bloku olan «Proton» raketi Yerdən buraxılana qədər, o, çəkisizliyə uyğunlaşacaq. Uçuşun altıncı sutkasında «Soyuz» gəmisi stansiyadan ayrılaraq «Proton»a birləşəcək və onun köməyi ilə Ay ətrafında dövrə vurmaq üçün impuls alacaq. Bu, uçuşun doqquzuncu günü baş verəcək və Yerin peykinin mənzərəsini seyr etdikdən sonra turisti evə yollayacaqlar.


Amma Abramoviçin niyyətlərinin rəsmi təsdiqi yoxdur. Ay layihəsinin inkişaf etdirilməsi ilə Rosmoskos və «Enerqiya» ilə birlikdə ABŞ-ın «Space Adventures» şirkəti məşğul olur. Şirkətin Moskva nümayəndəliyinin başçısı Sergey Kostenko «Qazeta.ru»ya deyib ki, Roman Abramoviç onlara hələlik müraciət etməyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG