Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:59

«Biz münaqişənin həllinə yaxınlaşmışıq»


«Laçın dəhlizi danışıqların mövzusu deyil»

«Laçın dəhlizi danışıqların mövzusu deyil»

Bunu Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan Avstriyanın «Der Standard» qəzetinə müsahibəsində bildirib. Həftənin əvvəlində Vyanaya səfəri zamanı qəzetə verdiyi müsahibəsində cənab Oskanyan deyib ki, nəhayət, Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan yaranıb.


- Siz Vyanada ATƏT-in Daimi Şurasında çıxış edərkən dediniz ki, Qarabağ münaqişəsinin həlli indiyə qədər görülməmiş dərəcədə yaxındır. O, nə qədər yaxındır?


- Biz münaqişənin həllinə yaxınıq. Biz – Ermənistan və Azərbaycan indi çox ağıllı razılaşma mətnini müzakirə edirik. Müxtəlif mübahisəli bəndlər üzrə razılığa gəlmişik. Bu sənəd razılaşmaya nail olmaq üçün real imkan verir. «Yaxınlıq» burada zaman mənasında deyil, nəticəyə yaxınlıq mənasındadır. Dediyim odur ki, əgər bu mətni əvvəlkilərlə müqayisə etsək, onda biz həllə yaxınlaşmışıq. Amma biz hələ də onun prinsipləri barədə danışıqlar aparmaqda davam edirik.


- Danışıqların predmetlərindən biri Laçın dəhlizidir. Azərbaycan hesab edir ki, oradan məsələn, bu prinsip üzrə istifadə olunmalıdır: günün birinci yarısında onunla ermənilər gedir, ikinci yarısında azərbaycanlılar. Bu, yeni sənəddə öz əksini tapıbmı?


- Yox, dəhliz məsələsi müzakirə olunmur. Dəhliz Ermənistan və Dağlıq Qarabağ arasında azad və maneəsiz ünsiyyətin təminatıdır. Amma o, Dağlıq Qarabağın bir hissəsi kimi nəzərdən keçirilməlidir. Azərbaycan tərəfi yaxınlarda ümumi istifadə ideyasını inkişaf etdirməyə çalışıb. Amma bu, heç vaxt danışıqlar predmeti olmayıb. Beynəlxalq vasitəçilər də dərhal bu ideyanı rədd ediblər.


- Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Azərbaycanla kompromis həllə nail olmaq istəyirdi, ona görə də istefaya getməli oldu. Bu gün nə dəyişib?


- O, tədricən (mərhələli-red.) həllə çalışırdı. O, hazırda Ermənistanın nəzarət etdiyi əraziləri qaytarmağa hazır idi, amma Dağlıq Qarabağın gələcək statusu dəqiq müəyyənləşdirilmədən. Ermənistan ictimaiyyəti üçün bu qəbuledilməz idi. İndi fərq ondadır ki, bütün mübahisəli aspektlər sazişin tərkib hissəsidir, hətta o, mərhələli şəkildə həyata keçirilsə belə.


- Siz elə bir düstur axtarırsınız ki, status məsələsi azərbaycanlılar üçün lap sonda, Ermənistan üçünsə lap başdan həll olunsun?


- Bəli, bizdə status məsələsinə münasibətin necə olacağı barədə aydın təsəvvür olmalıdır. Bu sazişin mərkəzi elementidir. Biz referendumdan, Dağlıq Qarabağ sakinlərinin öz müqəddəratını təyinetməsindən danışırıq. Qalan hər şey ikinci dərəcəlidir, həyata keçiriləcək tədbirlərin təqvim planı müxtəlif cür ola bilər.


- Danışıqlarda müzakirə edilən referendumda kimin iştirak etməsi nəzərdə tutulur, yalnız Qarabağın hazırkı sakinləri?


- Münaqişədən əvvəl də Dağlıq Qarabağda yaşayan insanların həmin referendumda iştirak etmək hüququ olmalıdır. Amma problem ondadır ki, həmin insanlar referendum zamanı əvvəlki yaşayış yerlərinə - Qarabağa qayıtmalıdırlar, ya yox. Bu problem sonradan həll edilə bilən məsələlərdəndir.


- Belə fikirlər var ki, daxili siyasi vəziyyət baxımından münaqişənin açıq qalması hazırkı prezident və baş nazirə sərf edir. O mənada ki, onlar həmişə xarici təhlükəyə istinad edərək özlərini sabitliyin qarantı kimi təqdim edə bilirlər. Siz bu fikirlə razısınızmı?


- Yox, qətiyyən razı deyiləm. Münaqişənin həll olunmaması heç kimini xeyrinə deyil. Biz münaqişənin mümkün qədər tez, amma ədalətli və Dağlıq Qarabağ əhalisini razı salan qaydada həllini istəyirik.


- Siz komplementar (bir-birini tamamlayan – red.) siyasət, həm ABŞ, həm də Rusiya və İranla yaxşı əlaqələrin tərəfdarısınız. Amma məsələn, Gürcüstanın Rusiya tərəfdən iqtisadi blokadasını yada salaq, bundan Ermənistan da kifayət qədər əzab çəkdi. Onda elə çıxmır ki, komplementarlıq o demək deyil ki, hamı Ermənistana da yaxşı yanaşacaq?


- Siz haqlısınız. Komplementarlıq – simmetriya ilə eynidir. Komplementarlıq anlamı budur ki, müxtəlif siyasi sahələr bir-birini tamamlayır. Müdafiə məsələlərində biz Rusiyayla əməkdaşlıq edirik, Rusiyanın burada hərbi bazaları var. Eyni zamanda NATO ilə geniş və dərin münasibətlərimiz qurulub. Biz tərəflər arasında seçim etmək istəmirik. Bizim ideya da elə budur. Heç kim bu cür seçimə vadar edilməməlidir. Belə vəziyyət «soyuq müharibə» dövründə olub, amma bu, artıq keçmişdədir.



- Amma Ermənistanda müxalif qüvvələr Avropa Birliyinə üzvlükdə israr edirlər...


- Avropa Birliyinə üzvlük çağırışı məqsəd olmamalıdır, axı biz üzvlük üçün hələ böyüməliyik, elə deyilmi? Bu gün biz üzvlükdə yox, üzvlük prosesinin başlamasında maraqlıyıq. Gəlin, əvvəlcə təşkilatlanaq, müvafiq institutlar yaradaq ki, bizə desinlər: onlar üzvlüyə hazırdırlar. Bu istiqamətdə qarşımızda uzun yol durur.


- Türkiyə Ermənistanla sərhədi qapalı saxlayır. Avropa Birliyinə üzvlük danışıqlarında Ankaranın üzləşdiyi çətinlikləri necə qarşılayırsınız, bu vəziyyət Sizi məmnun edir?


- Türkiyənin Avropa Birliyinə daxil olması bizim üçün problem deyil, hətta əksinə. Türkiyə Avropa Birliyinin onun qarşısında qoyduğu bütün şərtləri yerinə yetirsəydi, Ermənistan hamıdan çox qazanardı. Bu, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması, Türkiyədəki erməni azlığının, onların əmlakının daha yaxşı qorunması demək olardı. Türkiyə ziyalıları soyqırımı barədə açıq danışa bilərdilər, Avropa Birliyinin sərhədləri isə Ermənistana yaxınlaşardı. Bundan artıq nə arzulamaq olar?


Biz narahatıq ki, Türkiyə deyəsən, dəyişə bilmir. O, açıq-aşkar lazımı istiqamətdə hərəkət etmir. Hrant Dinkin qətlindən sonra orada hətta Cinayət Məcəlləsinin «türk millətinə həqarət» haqqında maddəsini dəyişməyiblər. Biz də həm ehtiyatlanırıq ki, Avropa Birliyi Türkiyə məsələsində kompromisə gedəcək və qeyd etdiyim islahatlar baş vermədən bu ölkəni öz sıralarına daxil edəcək, Ermənistanla sərhədlər əvvəlki kimi qapalı qalacaq.


- Siz sərhədlər məsələsində Avropa Birliyinin Türkiyəyə təzyiq edəcəyini gözləyirsiniz?


- Təbii. Bizim ümidimiz Avropa Birliyinədir. Kopenhagen prinsipləri ilə müəyyənləşib ki, Avropa Birliyinə üzvlüyə namizədlər öz sərhədlərini açmalıdırlar. Ermənistanın orada adı çəkilmir. Amma orada bizimlə qonşu Türkiyə qeyd olunur. Avropa Birliyi bu məsələni Türkiyə qarşısında mümkün qədər tez qoymalıdır ki, bizim regionda siyasi və iqtisadi vəziyyət yaxşılaşsın.


- Niyə Türkiyəyə Ermənistanla normal münasibətlər qurmaq bu qədər çətindir?


- Biz də bu sualı özümüzə veririk. Sərhədlərin bağlanmasının motivləri barədə suala bizdə açıq cavab yoxdur. Məsələ nədədir, Azərbaycanda, Dağlıq Qarabağda, yoxsa daha nədə? Fakt odur ki, sərhəd bağlıdır və buna heç bir bəraət yoxdur.


- Mayın 12-də sizdə parlament seçkiləri keçiriləcək. Bu Ermənistan üçün nə deməkdir?


- Bu, Ermənistan üçün böyük sınaqdır. Bu dəfə bizim müvəffəqiyyətsizliyə haqqımız yoxdur. Son seçkiləri bir sıra nöqsanlar müşayiət edib. Amma bizim ölkə daha yetkin, daha demokratik olub. Meydanda çox şey var: parlamentə seçkilər keçiriləcək, Konstitusiyaya düzəlişlərdən sonra parlament əlavə səlahiyyətlər alacaq. Parlament baş naziri və hökuməti təyin edəcək. İlk dəfə olaraq bizdə əsl qarşılıqlı siyasi nəzarət sistemi olacaq.


- Milyarder və armreslinq üzrə keçmiş çempion Qaqik Tsarukyanın rəhbərliyi altında siyasi meydanda heç yerdən yeni partiya peyda olub. Ermənistanda ümidlə gözlənən demokratiyanın inkişafı elə budur?


- Başqa demokratik ölkələrdə, hətta Qərbdə də bənzər fenomenlərə rast gəlinir. Görünür, boşluq olub, son illər bizdə müxalifətin mütəşəkkilliyi yox idi. İnsanlar yeni siyasi platforma axtarırdılar və deyəsən, onu bu partiyada tapıblar.


- Görünür, bu, çox dərin boşluq olub, çünki Tsarukyanın partiyası ən güclü, ya da gücünə görə ikinci partiya ola bilər.


- Gəlin, gözləyək, görək nə olur.


XS
SM
MD
LG