Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:00

Nümayişlər demokratiyanın gücünün, yoxsa zəifliyinin əlamətidir?


Ekspert hesab edir ki, vətəndaşa nümayiş keçirmə haqqının verilməsi demokratiyaya bərabərdir
Ekspert hesab edir ki, vətəndaşa nümayiş keçirmə haqqının verilməsi demokratiyaya bərabərdir

Demokratik cəmiyyətlər vətəndaşlar hər hansı bir məsələ ilə bağlı öz narahatlıqlarını və fikirlərini bildirmək üçün sərbəst toplaşmaq hüququndan istifadə edirlər. Hakimiyyətin fəaliyyətindən narazılıq insanların etiraz yürüşünə çıxması üçün sadə bir elementdir. İngiltərənin Kembric Universitetinin professoru Con Dan isə bildirir ki, nümayişlərə əhəmiyyət verməmək və siyasi istəyin ifadəsi kimi qəbul etmək demokratik cəmiyyət üçün olduqca təhlükəlidir. Professor hesab edir ki, nümayiş demokratik prosesin ayrılmaz hissəsidir: «Demokratiya nümayişsiz də ola bilər. Lakin bu heç də o demək deyil ki, demokratik cəmiyyət nümayişsiz daha yaxşı inkişaf edir».


Lakin burada tarazlaşdırma asan iş deyil. Yəni vətəndaşa nümayiş keçirmə haqqının verilməsi özü demokratiyaya bərabərdir. Con Dan istisna etmir ki, bəzi demokratikləşdirmə proseslərinin gedişində demokratiya üçün təhlükələr də mövcud ola bilər: «Məncə, demokratiyanın inkişafı nöqteyi-nəzərindən heç də bütün nümayişlər öz özlüyündə arzuolunan və faydalı deyil».


Professor bildirir ki, Ukraynadakı hazırkı vəziyyət son zamanlar avtoritar hakimiyyətdəki mürəkkəbliyi əks etdirir və bununla belə demokratik sistem adı almağa çalışır. Qərb yönümlü prezidentlə Rusiya yönümlü baş nazir bir araya gələ bilmir. Baş nazir parlamentdəki prezident tərəfdarlarını öz tərəfinə çəkməkdə günahlandırılır. Prezident isə parlamenti buraxmaq və erkən seçkilərin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.



«Nümayişin yaxşı təşkili üçün buna aylarla hazırlaşmaq lazımdır. İştirakı maksimum həddə çatdırmaq məqsədi ilə günlərlə görüş keçirməlisən. Bir sözlə bu çoxlu vaxt tələb edən bir biznesdir»

Professor Dan deyir ki, Ukrayna çətin bir vəziyyətdədir. Ölkədə əhalinin bir qismi prezidentin, bir qismi isə Baş nazirin tərəfindədir. Bu halda hər bir tərəflər siyasi mübarizəsini itirdiyini görüncə, öz gücünü nümayiş etdirmək üçün tərəfdaşlarını küçələrə çıxmağa çağırır: «Həmin an dövlət aparatının başında olmayan və öz siyasi gücünü itirən bir siyasi qurum üçün dövləti idarə edən quruma hücum etmək çox asandır. Məncə, burda kimin haqlı, kimin haqsız olduğunu və nə etmək lazım gəldiyini demokratiya demir».


Politoloq Zəfər Quliyev isə bildirir ki, Azərbaycanda nümayişlər birbaşa hakimiyyət orqanları tərəfindən tənzimlənir. Buna görə də, siyasi partiyalar, QHT-lər bu hüquqdan istifadə edə bilmirlər. Onun fikrincə, elə bu, demokratiyanın zəifliyini göstərir.


«Azərbaycanda nümayişlərin effekti hakimiyyət tərəfindən pozulur. Heç bir ciddi səbəb olmadan polisin, icra strukturlarının müdaxiləsi ona gətirib çıxarır ki, insanların bir çoxu hətta nümayişə getməyə qorxurlar. Nümayişə gedəndə də isə daha çox polisin müdaxiləsindən çəkinirlər. Azərbaycandakı nümayişlər insanların azad toplantısından daha çox ekstremal vəziyyətdə yığılan insanların birliyinə oxşayır. Bu Azərbaycan dövləti və cəmiyyəti üçün çox təhlükəlidir». Politoloq deyir ki, insanların sərbəst toplaşmaq azadlığının təmin edilməməsi səbəbindən ölkədəki seçkilər tamamilə mənasız bir şeyə çevrilir: «Prezident seçkilərində fəallıq çox aşağı olacaq. İnsanlarda demokratik dəyərlərə inam azalır».


Son aylar ərzində Müsavat partiyası qiymət artımına etirazını bildirmək üçün bir neçə yürüş-mitinq təşkil edib. Zəfər Quliyev deyir ki, müxalifətin xalqla ünsiyyət yaratmaq üçün başqa yolu olmadığına görə, nümayiş keçirməyə üstünlük verir. «Çünki, cəmiyyətlə ünsiyyətə girmək üçün müxalifətin əlindən başqa vasitələr alınıb. Seçkilər saxtalaşdırıldığından müxalifət parlamentdə, bələdiyyə strukturlarında təmsil olunmur. Müxalifət televiziyanın imkanlarından da istifadə edə bilmir. Bu təkcə müxalifət partiyalarına aid deyil. Müxalif düşüncəli insanların da başqa imkanı yoxdur. Eyni zamanda müxalifət öz təsir dairələrini genişləndirmək istəyir. Özünə yaxın olan elektoratı fəallaşdırmağa çalışır. Nəzərə alsaq ki, prezident seçkilərinə çox az vaxt qalıb. Ona görə müxalifət mitinq vasitəsilə cəmiyyəti fəallaşdırmaq və seçkilərdə öz imkanlarını artırmaq niyyətindədir».


Demokratiya sahəsində böyük təcrübəyə malik cəmiyyətlərdə nümayişin təşkili bir neçə mərhələdən ibarət ola bilər. Nüvə Tərk-Silah Kompaniyası qurumu Britaniyanın çoxillik təcrübəyə malik etiraz qurumlarından biridir. Qurum dünyanın bir çox ölkəsində kütləvi qırğına səbəb olan silahların əleyhinə çıxış edir. Qurumun prezidenti Keyt Hyudson «Azadlıq» radiosuna işin təşkili barədə danışıb. «Nümayişin yaxşı təşkili üçün buna aylarla hazırlaşmaq lazımdır. İştirakı maksimum həddə çatdırmaq məqsədi ilə günlərlə görüş keçirməlisən. Bir sözlə bu çoxlu vaxt tələb edən bir biznesdir».


XS
SM
MD
LG