Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:04

«-ov» və «-yev»dən necə qurtulmalı?


Ədliyyə Nazirliyindən bildirirlər ki, soyadın dəyişdirilməsi üçün ciddi üzrlü səbəb olmalıdır
Ədliyyə Nazirliyindən bildirirlər ki, soyadın dəyişdirilməsi üçün ciddi üzrlü səbəb olmalıdır

Milli Məclis 1993-cü ildə soyadların və soyad sonluqlarının dəyişdirilməsi, yəni -ov, -yev sonluqlarının «-lı», «-li», «-lu», «-lü» və «-zadə» sonluqları ilə əvəz olunmasına imkan yaradan qanun qəbul etdi. Lakin təcrübə göstərir ki, yalnız bir qanunla vətəndaşların bu sahədə qarşılaşdıqları problemləri həll etmək mümkün deyil.


Həmsöhbətim Rafiq Məmmədov slavyan soyadlarına xas olan «-ov» şəkilçisini soyadının sonundan atıb Rafiq Məmmədli olub. Amma Rafiq deyir ki, bu istəyini reallaşdırmaq ona çox baha başa gəlib. İdarələrdəki süründürməçilik, müxtəlif sənədlərin yığımı düz iki il aparıb. «Soyadımı dəyişənədək 2 il nə əziyyətlərə qatlaşmışam. Qarşıma elə şərtlər qoyurdular ki, onları etmək mümkün deyildi. Suraxanı Rayon VVAQ şöbəsi ilə pasport stolunun arasında qalmışdım. Hərənin öz tələbi var idi. Ona məktub yaz, bunu dəyişdir, arxivdən sənəd qaldır…»


Mütəxəssislərin fikrincə, hazırda bu prosesə, yəni soyadların milliləşdirilməsinə marağın az olmasının əsas səbəblərindən biri də lazımi sənəd verməli olan idarələrin qeyri-qanuni fəaliyyətidir. Bu məsələ qanunun qəbulundan sonra Milli Məclisdə də dəfələrlə qaldırılsa da, müsbət nəticəsi olmayıb. 2005-ci ildə-parlamentə Murtuz Əlsəgərov sədrlik etdiyi vaxtda millət vəkili Sabir Rüstəmxanlının məsələ ilə bağlı məclisə müraciətinə spiker belə cavab vermişdi: «Dəfələrlə demişəm ki, mənim mövqeyim qətidir. Kim istəyir gedib dəyişsin. Niyə hər dəfə bu mövzunu açıb boş-boş danışırsınız. Mən 8 milyon adamın familiyasını dəyişən deyiləm ki…»


Sabir Rüstəmxanlı isə deyir ki, o, hər dəfə Milli Məclisdə bu məsələni qaldıranda məqsədi vətəndaşları soyadlarını milliləşdirməyə məcbur edən qanunun qəbul edilməsi olmayıb. Soyad sonluğunu milli əlamətin əsas göstəricilərindən biri hesab edən millət vəkilinin fikrincə, vətəndaşları sadəcə bu istiqamətdə maarifləndirməyə və məmur özbaşınalığını aradan qaldırmağa ehtiyac var.


«Soyadımı dəyişənədək 2 il nə əziyyətlərə qatlaşmışam. Qarşıma elə şərtlər qoyurdular ki, onları etmək mümkün deyildi»

Qanuna görə, soyadın sonluğunun dəyişdirilməsi üçün vətəndaş əvvəlcə qeydiyyatda olduğu rayonun Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı - VVAQ idarəsinə müraciət etməlidir. Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktları Arxivinin rəhbəri Reyhanə Kərimova deyir ki, idarədə doğum haqqında şəhadətnaməyə dəyişikliyin edilməsi uzağı 2 həftə çəkə bilər: «Sonluğun dəyişdirilməsi ilə bağlı heç bir uzun prosesdən söhbət gedə bilməz. Əgər vətəndaşın doğulduğu və yaşadığı rayonu eynidirsə, onda VVAQ sənədi elə həmin gün ona verməlidir. Rayonlar fərqli olanda maksimum 1-2 həftə çəkə bilər. Sonluqların dəyişdirilməsi ilə bağlı yeni şəhadətnamənin verilməsi üçün rüsum tələb olunmur».


Xətai rayon VVAQ şöbəsinin müdiri Elmira Xəlilova da, idarələrdə süründürməçiliyin olması və əlavə ödənişlərin tələb olunması ilə bağlı deyilənlərlə razılaşmır: «Kim pasport, doğum şəhadətnaməsi ilə müraciət edirsə, düzəliş edirik. Əgər pasportu yoxdursa, onda valideyn pasportla gəlir arayış yazır. Biz də düzəliş edib möhür vururuq. 5 dəqiqəlik işdir».


Çoxlu sayda sənədlərin tələbinə gəlincə isə, Elmira Xəlilova deyir ki, bu yalnız bütövlükdə soyadın dəyişdirilməsi zamanı tələb olunur. Qanunvericiliyə görə, bu proses 3 aydan 6 ayadək davam edə bilər və bunun üçün vətəndaşdan yalnız 2 manat 20 qəpik dövlət rüsumu tələb olunur. Sənədlərin yığımı ilə də vətəndaş özü məşğul olmur. Amma qanun vətəndaşların qarşısında məhdudiyyətlər də qoyur. Heç də hamı soyadından tamamilə imtina edə bilməz. Ədliyyə Nazirliyinin arxivinin rəhbəri Reyhanə Kərimova deyir ki, bunun üçün üzrlü səbəblər olmalıdır: «Soyadın dəyişdirilməsi yalnız bir neçə halda ola bilər. Milliyyətə uyğun gəlmədikdə, pis səsləndikdə və ya tələffüz üçün çətin olan qoşa addan ibarət olanda. Yəni bunun üçün üzrlü səbəb olmalıdır».


Soyadını dəyişən vətəndaşlarla söhbət zamanı məlum oldu ki, iş şəxsiyyət vəsiqəsində soyadı dəyişməklə də bitmir, bundan sonra ardı-arası kəsilməyən problemlər gəlir. Rafiq Məmmədli deyir ki, soyadının sonluğunu dəyişəndən sonra heç bir idarə onun əvvəlki soyadı ilə gedən hərbi bilet, mülkiyyət şəhadətnaməsi, diplom və digər sənədlərini qanuni sənəd kimi qəbul etməyib. Bütün bu sənədlərin hər birində düzəliş etdirmək üçün də xeyli vaxt və pul sərf edib.


Elmi Praktik Hüquq Mərkəzinin hüquqşünası Mahmud Hacıyevin fikrincə, hökumət bu problemi aradan qaldırmaq üçün qanunda dəyişiklik etməlidir: «Hökumət səviyyəsində əlavə göstəriş olmalıdır. Əgər şəxsin sənədlər üzrə bütün göstəriciləri eynidirsə, soyaddakı şəkilçinin fərqli olmağı nəzərə alınmamalıdır».


Ədliyyə Nazirliyinin rəsmisi Reyhanə Kərimovanın sözlərinə görə, nazirlik sənəd yığımını sadələşdirmək və digər sənədlərin də qanuni hesab olunmasını nəzərdə tutan təkliflər hazırlayıb parlamentə təqdim etməyi planlaşdırır. Amma nazirliyin rəsmisi bu dəyişikliyin qısa zaman ərzində olmayacağını və təkliflərin hazırlanmasının çox vaxt tələb etdiyini də deyir. Soyadlarını dəyişdirmək istəyən və bununla bağlı müvafiq idarələrdə qeyri-qanuni hallarla üzləşən vətəndaşlara isə xanım Kərimova Ədliyyə Nazirliyinə müraciət etməyi məsləhət görür.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG