Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:20

«GAMOH-un fəaliyyəti Tehran kimi Bakını da narahat edir»


Mahmudəli Çöhrəqanlı: «Bundan sonra hərəkatçılar çətin ki, Azərbaycana gəlsinlər»

Mahmudəli Çöhrəqanlı: «Bundan sonra hərəkatçılar çətin ki, Azərbaycana gəlsinlər»

«Hadi Musəvini İrana təhvil verməklə Bakı güneyli azərbaycanlılara açıqca işarə verdi ki, Azərbaycanda onlara yer yoxdur. Bundan sonra Güney Azərbaycanın hərəkatçıları çətin ki, Azərbaycana gəlsinlər. Onlar sığınacaq almaq üçün başqa ölkəyə üz tutacaqlar». Bunu Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) kimi tanınan qurumun rəhbəri Mahmudəli Çöhrəqanlı «Azadlıq» radiosuna müsahibəsində bildirib. O, iddia edir ki, Hadi Musəvinin qaçqın statusu istəməsinə rəğmən həbs edilməsi və ölkədən çıxarılması beynəlxalq qanunları ayaqlar altına atmaqdır.


Cənab Çöhrəqanlının qənaətincə, Bakı bu addımı ilə iki mesaj ötürdü: «Birincisi, nüvə istehsalında israr edən və bu üzdən müharibə astanasında olan İranı tərk etmək istəyənlər Azərbaycana gəlməsinlər. İkincisi, yaxın aylarda bu ölkədə hər hansı qarşıdurma olarsa və güneyli azərbaycanlılar fəallaşarsa, Bakı onlara dəstək verməyəcək».


Mahmudəli Çöhrəqanlı iddia edir ki, GAMOH-un fəaliyyəti Tehran kimi Bakını da narahat edir: «Azərbaycan hakimiyyəti çalışır ki, özünə bağlı olmayan bütün təşkilatları zəiflətsin. Son illərdə Bakı müxtəlif ölkələrdəki diaspora təşkilatlarını öz tərəfinə çəkməyə nail olub. Amma GAMOH heç bir hakimiyyətə bağlı olmaq istəməyib. Bu da hər iki ölkənin hakimiyyətlərini narahat edir».


GAMOH üzvlərindən olan Hadi Musəvi üç il öncə İranda təzyiqlərə məruz qaldığı üçün Azərbaycana gəlib. O, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən sığınacaq istəyib, amma, rədd cavabı alıb. Məhkəmə də qurumun qərarını qüvvədə saxlamışdı.


Azərbaycanın Daxili İşlər Nazirliyi isə bildirir ki, Hadi Musəvinin sənədləri qaydasında olmadığından o, aprelin 12-də İran dövlətinə təhvil verilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG