Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:00

Tərəflər yalnız şikayətlərin baxılma qaydasını müzakirə ediblər


«Mən başa düşmürəm bitərəf, müstəqil ekspert kimdir»
«Mən başa düşmürəm bitərəf, müstəqil ekspert kimdir»
Son iki gündə Bakıda hökumətlə beynəlxalq qurumların təmsilçilərinin seçki qanunvericiliyinə dəyişikliyi müzakirə etdikləri deyilirdi. Aprelin 12-də isə məlum olub ki, tərəflər gözlənildiyi kimi, seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması haqda fikir mübadiləsi aparmayıblar. Tərəflər - hökumət, Avropa Şurası Venesiya Komissiyası (VK), ATƏT və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun ekspertləri yalnız seçki dövründə şikayətlərin baxılma qaydasını müzakirə ediblər.

VK-nın seçki məsələləri üzrə əməkdaşı Sergey Kuznetsov bildirib ki, hökumət ötən ilin sonlarında komissiyaya ümumi təkliflər göndərib. Komissiya isə bəzi məqamların təkmilləşdirilməsinə ehtiyac duyub. Bu dəfə həmin təkliflərdən birini -şikayətlərin baxılma qaydasını müzakirə etməli olublar. Cənab Kuznetsov tərəflər arasında fikir ayrılıqlarının olduğunu da etiraf edir: «Seçkilərdən sonra seçicilərin çoxu müraciət edirdilər ki, şikayətlərin baxılma qaydaları yetərincə effektli deyil. İstər baxılma müddəti, istər qərarın qəbul edilmə forması və sairə. Biz də şikayətlərə kimlərin və hansı müddətdə baxmalı olduğunu, qəbul edilən qərarlardan necə şikayət verilə biləcəyini müzakirə etdik. Detallara gəlincə, bu haqda danışa bilmərəm».


Sergey Kuznetsovun qənaətincə, ekspertlərin bircə istəyi var: şikayətlər ədalətli şəkildə araşdırılsın, ona baxılma müddəti uzadılmasın. Venesiya Komissiyası isə qaydaların sadələşdirilməsini istəyir: «Biz təklif edirik ki, qanunvericilik seçki prosesinin bütün üzvlərində etimad doğursun. Bunun üçün də hər şeyin daha konkret və aydın göstərilməsini istəyirik. Seçki prosesinin ədalətli keçirilməsi adamlarda şübhə doğurmamalıdır. Seçici və ya namizəd hüququ pozularsa, hansı səlahiyyətli orqana müraciət etməli olduğunu dəqiq bilməlidir, daha düzü, bu, qanunda dəqiq göstərilməlidir. Üstəlik də, şikayətlərə qısa müddətdə cavab verilməlidir. Çünki seçki dövründə bütün məsələlər yetərincə qısa müddətdə həll edilməlidir. Seçkidən sonra namizəd məhkəmədə udsa belə, bunun əhəmiyyəti yoxdur. Qələbə artıq başqa namizədindir. İkincisi, komissiyanın və ya məhkəmənin qərarı əsaslandırılmış olmalıdır, bu qərar şübhə yaratmamalıdır. Deməliyəm ki, layihəni biz hazırlamamışıq, sadəcə, təklifləri vermişik. Qanunu hazırlamaq ölkənin suveren hüququdur».


Kuznetsov bildirir ki, bütün seçkilər ərəfəsində Azərbaycan cəmiyyətində müzakirə mövzusu olan seçki komissiyalarının paritet əsasda formalaşdırılması haqda hökumətin rəyini gözləyirlər. O, təkliflər gəlmədiyindən fikir bildirməkdə çətinlik çəkir. Amma hesab edir ki, seçki komissiyaları yaradılarkən ölkədəki siyasi durum, siyasi qüvvələrin spektri nəzərə alınmalıdır: «2005-ci ildə tövsiyələrimizdə mövcud komissiyaların hansı problemlər yaratdığını demişik. Ümid edirik ki, hökumət bizim təklifləri müzakirə edərkən komissiyaların seçki prosesində nə qədər əhəmiyyətli rol oynadığını nəzərə alacaq. Onu elə formalaşdıracaq ki, seçkilərin dünya standartlarına uyğun keçirilməsi seçicilərdə hər hansı şübhə doğurmasın. Müxtəlif modellər var. Seçki Məcəlləsini hazırlayan azərbaycanlı hüquqşünaslar bundan xəbərdardırlar».


VK əməkdaşı seçki komissiyalarında hökumətin istədiyi kimi QHT-lərin təmsil olunmasına münasibət bildirməkdə çətinlik çəkir. Onun qənaətincə, bu, siyasi təklifdir, hüquqi baxımdan araşdırılmayıb. Müstəqil ekspertlərin komissiyada təmsil olunması haqda təklifə gəlincə:


«Mən başa düşmürəm bitərəf, müstəqil ekspert kimdir. Mən parlament üzvü deyiləm, hüquqşünasam, sənədlə işləyirəm. Mənə dəqiq və aydın deyilməlidir ki, müstəqil ekspert kimdir, tərifi verilməlidir, o zaman mən də təklifə cavab verə bilərəm. Belədə bu abstrakt səslənir. Və bu sualı beynəlxalq ekspertlər yox, elə Azərbaycanda bir çox hüquqşünaslar da verə bilərdi».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG