Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:17

«Rafiq Babayev dünyanı irəli aparan bir şəxsiyyət olub»


31 mart Rafiq Babayevin doğum günüdür
31 mart Rafiq Babayevin doğum günüdür

31 mart terror qurbanlarını yad etdiyimiz gündür. Amma eyni zamanda görkəmli sənətçi Rafiq Babayevin doğum günüdür. 1994-cü ildə metro qatarında terror aktının qurbanı olan görkəmli mədəniyyət fədaisinin!.. «Azadlıq» radiosunun qonaqları Rafiq Babayevin ən yaxın dostları müğənni Akif İslamzadə və bəstəkar Siyavuş Kərimi onu belə xatırlayırlar.


-«Kim idi Rafiq Babayev?» sualının ən qısa cavabı necə ola bilər? Dostların dilindən eşitmək istərdik.


- (Akif İslamzadə) Yəqin ən qısa cavabım belə olardı: «şəxsən mənə musiqini dinləməklə yanaşı, onu görməyi də öyrədən adam»…


- (Siyavuş Kərimi) Hər kəsin öz subyektiv cavabı ola bilər, amma məndən ötrü Rafiq bir ideal idi – həm sənətçi kimi, həm insan kimi və ayrıca, bir şəxsiyyət və kişi kimi. Onun yoxluğundan ötən 13 il məhz kimi itirdiyimizi bir daha dəqiqləşdirdi… Həmişə ona bənzəməyə çalışmışam. Örnək bir insan olub Rafiq Babayev. Atama oxşamaq istəməmişəm, ancaq nədənsə Rafiqə oxşamaqdan həzz almışam.


-«Dostların yarpaq tökümü» ifadəsi sizə tanış gəlir? «Kim birinci gedəcək?»-deyə düşünəndə, ağlınıza nə gəlirdi?


- (Akif İslamzadə) Rəhmətlik Əbülfəz Elçibəy Kələkidə görüşən zaman mənə bir söz demişdi: «Ölümün də zamanı, məqamı var. Bir saat gec ölərsən, şəhidliyə qovuşarsan, bir saat tez ölüb murdar olarsan». Rafiq tez ölsə də şəhidliyin yüksək mərtəbəsinə qovuşanlardandı. Dostları bir yana, onu sevməyənlərə də çox səbirlə yanaşır, hər kəsi olduğu kimi qəbul edirdi. Bu dözümlülüyü mənə də öyrədə bildi…


- (Siyavuş Kərimi) Ölüm həmişə gözlənilməz olur, amma ölümü həmişə gözləmək lazımdır. Həyatın qanunudur. Adətən, ata-anasını itirən adama yetim deyirlər. Rafiqin faciəli xəbərini eşidəndə, Akif bəylə bərabər studiyaya toplaşdıq, onun iyini pianodan, toxunduğu alətlərdən, nəfəs aldığı otaqdan almaq istədik, çünki bəzilərimizin atası-anası sağ ola-ola yetim qalmışdıq.


-Necə bilirsiniz, Rafiq Babayev kimləri özünə dost bilirdi və onun «dost» anlayışına fərqli yozumu, fərqli yanaşması vardı?


- (Akif İslamzadə) Bəlkə də o, deyək ki, Akifə Siyavuşdan və ya Cəmildən fərqli qiymət verirdi, ancaq o qədər mədəni adam idi ki, bunu heç vaxt üzə vurmurdu. Rafiqin yoxluğundan sonra onu daha gözəl anlamağa başladıq. O, insanlığı sevirdi, peşəkarlığı, ləyaqəti, doğrunu sevirdi…


- (Siyavuş Kərimi) Akif bəylə tam razıyam. Rafiqdən zəhləsi gedən, xoşu gəlməyən adam tanımıram. Səhər saat 10-dan, 11-in yarısından gecə saatlarınacan studiyada birgə çalışırdıq. Onu yaxın tanıyanlar, dostlarla bərabər ondan kömək uman insanlar da gəlirdilər və beşcə dəqiqədən sonra bax bu adamlar da Rafiqi özlərinin ən yaxın dostu bilirdilər. Tutaq, Akif bəylə mən onu ən yaxın dost sayırdıq, amma fərqinə varmırdıq ki, Rafiq Babayev onu bircə an tanıyanların ən yaxın adamına çevrilirdi…


-Hər bir adamın, özəlliklə sənətçinin rəğbəti, ya da nifrəti olan şeylər var. Rafiq Babayevi yaxından tanıyan dost kimi, onun kimə və ya nəyə qəzəbləndiyini, kimdən və ya nədən sevindiyini deyə bilərsiniz?


- (Akif İslamzadə) Bilirsiniz, onun diapazonu o qədər geniş idi ki, hamının ürəyinə yol tapmağı bacarırdı, amma ədalətsizliklə barışa bilmirdi. Dərviş babaydı də…Bir ləqəbi də «Baba» idi. Haqsızlığa, ədalətsizliyə savaş açan hər bir adam Rafiqi yanında görə bilərdi.


-Rafiq Babayev bir mahnıda «Əlvida» deyir. Eşitməmiş olmazsınız. Oxumur, oxumur, birdən «Əlvida» mahnısından yapışır. Nəsə özəl bir tarixçəsi varmı o mahnının?


- (Siyavuş Kərimli) «Əlvida»nın tarixçəsinə gəlincə, Rasim Ocaqov «Təhminə və Zaur» filmini çəkirdi. O filmə Emin Sabitoğlu mahnı bəstələmişdi. Həmin mahnını «Qaya»nın solisti Teymur Mirzəyev oxudu. Özü də, təbii ki, peşəkara yaraşan tərzdə oxudu, amma Rasim Ocaqov bu ifanı filmə uyğun saymadı. Qaldıq naəlac və bu vaxt Rafiq mahnıyla maraqlandı, sonra elə-belə öz variantını oxudu!.. Rasim Ocaqov «mənə bu lazımdı!» deyəndə, təəccübləndik. Beləcə, «Əlvida» həmin filmdə öz yerini tutdu. Orasını da deyim ki, o tip mahnılardan Rafiq xoşlanmırdı. Onun xoşladığı üslub Akif İslamzadənin mahnıları idi. Estrada Orkestrinə gedəndə, məhz Akifi solist aparmağı da bundan irəli gəlirdi. O, Akifin ifalarının vurğunuydu.


XS
SM
MD
LG