Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:01

Müxalifətdən Əli İnsanovun iddialarını araşdırmaq tələbi…


Sabiq Səhiyyə naziri Əli İnsanov son söz dedi. Hakim aprelin 20-də hökm oxuyacaq
Sabiq Səhiyyə naziri Əli İnsanov son söz dedi. Hakim aprelin 20-də hökm oxuyacaq
Aprelin 10-da keçirilən məhkəmədə sabiq Səhiyyə naziri Əli İnsanov son sözündə bildirib ki, 2003-cü ilin prezident seçkiləri ərəfəsində seçki komissiyalarını ələ almaq üçün nazirlərdən və nazirliklərdən külli miqdarda pul alınırdı.

Əli İnsanov ona qarşı irəli sürülən ittihamların əslində prezidentə şamil edilməsinin gərək olduğunu bildirdi: «Məşhur Rusiya müğənnisi Alla Puqaçova Azərbaycanda çıxış edəndə dedi ki, İlham Əliyevlə Mayamidə qonşudurlar və onların orada villası var. Prezident maaşı ilə o, necə belə böyük mülkə sahib ola bilərdi. İlham Əliyevin təkcə Mayamidə yox, dünyanın bir çox ölkələrində böyük mülkləri var».


Sabiq Səhiyyə naziri bundan əvvəlki məhkəmə iclaslarında müxalifətə keçdiyini və siyasi məhbus olduğunu bildirib.


Hakim Yeni Azərbaycan Partiyası isə bir neçə dəfə bəyanat verərək keçmiş nazirin çıxışlarının əsası olmadığını, qərəzli xarakter daşdığını bəyan edib.


Hakim YAP-ın icra katibi Əli Əhmədov isə onun bu iddialarına cavabında qeyd edir ki, Əli İnsanov məhkəməni siyasi bəyanatlar üçün arenaya çevirib: «Onun son sözü də bütün çıxışları kimi yalan və böhtanlardan ibarət idi. Öz təqsirsizliyini sübut etmək əvəzinə Əli İnsanov hamını və hər şeyi ittiham edib, bu isə onun günahının daha bir təsdiqidir» – deyə Əli Əhmədov bildirib.


Müxalifət təşkilatlarından – Müsavat Partiyası isə hesab edir ki, ölkənin ictimai-siyasi qüvvələri keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəmədə son sözündə söylədiyi fikirlərə ciddi yanaşmalıdır.


«Turan» informasiya agentliyinə aprelin 10-da daxil olan bəyanatda Müsavat Partiyası bildirib ki, Ə.İnsanovun söylədiklərinin araşdırılması üçün ölkə prokurorluğu cinayət işi qaldırmalı, parlament isə məsələnin hüquqi-siyasi tərəflərini araşdıran xüsusi komissiya yaratmalıdır. Çünki, 2003-cü ilin avqustunda ölkənin Səhiyyə naziri və H.Əliyevin faktiki şəxsi həkimi olmuş Əli İnsanovun bu fikirləri İ.Əliyevin Baş nazir təyin olunması ilə bağlı verilmiş sərəncamın saxta olduğunu üzə çıxara bilər: «Bu o deməkdir ki, İ.Əliyev hakimiyyəti qeyri-qanuni yollarla ələ keçirib. Bu isə ölkədə prezident hakimiyyətinin qeyri-legitim olması haqda deyilən fikirləri bir daha təsdiq edir».


Əli İnsanov dövlət çevrilişinə cəhd ittihamıyla 2005-ci ilin oktyabrında həbs edilib. Amma sonradan bu ittiham başqa icraatda birləşdirilərək, cinayət işindən ayrılıb və ona bir qrup səhiyyə işçisi ilə əlbir olaraq dövlət əmlakını mənimsəmə, rüşvət alma və s. ittihamlar irəli sürülüb. 2007-ci il fevralın 15-dən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq Səhiyyə naziri və daha 10 nəfərin məhkəməsi başlayıb.


Prokuror Əli İnsanovun əmlakı, həmçinin evində tapıldığı iddia edilən qızıl əşyalar və avtomobili müsadirə olunmaqla 12 il azadlıqdan məhrum edilməsini istəyib. İttihamda Səhiyyə Nazirliyinin sabiq idarə rəisi Akif Məhərrəmovun da 10 il müddətində azadlıqdan məhrum edilməsi istəyi öz əksini tapıb. Prokuror 4 nəfərin 8 il, o cümlədən nazirliyin idarə rəisi Aleksandr Umyaşkinin 4 il azadlıqdan məhrum edilməsini, 4 nəfərin isə 4 ildən 5 ilə kimi şərti cəzaya layiq görülməsini məqsədəuyğun hesab etdiyini bildirib.


Məhkəmədə son sözlərin deyilməsi başa çatdı. Hakim hökmünü aprelin 20-də oxuyacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG