Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:47

Alınan mallar geri qaytarılmır?


Demək olar ki, əksər geyim mağazalarında belə elanlara tez-tez rast gəlinir

Demək olar ki, əksər geyim mağazalarında belə elanlara tez-tez rast gəlinir

«Oğluma şalvar, köynək almışam indi gətirmişəm qaytaram mağaza sahibi geri götürmür». Ənvərlə Bakıdakı geyim mağazalarının birində rastlaşdım. Bir gün öncə mağazadan oğlu üçün aldığı geyimlərin ölçüsü kiçik olduğundan geri qaytarmağa gətirmişdi. Mağazada çalışan satıcı isə divardakı «alınan mallar geri qaytarılmır» sözləri yazılmış elanı göstərməklə kifayətləndi. Alıcılarla söhbət zamanı məlum oldu ki, indi əksər mağazalarda bu cür elanlara rast gəlinir. Hətta bir gün sonra yarlığı üzərindən çıxarılmamış malı da mağazaya geri qaytarmaq mümkün olmur, satıcılar ən yaxşı halda alınmış malı mağazada olan eyni qiymətli başqa bir malla dəyişdirməyə icazə verirlər.


Geyim mağazasının satıcısı Rasim deyir ki, bəzən alıcılar paltarı geyindikdən sonra yarlığı bərpa etməklə malı qaytarmağa cəhd göstərirlər, ona görə də mağaza müdiriyyəti heç bir malı geri qaytarmağa icazə vermir. Rasimin sözlərinə görə, digər problem isə kassaya vurulan qəbzlə bağlıdır: «Alınan malları geri qaytarmırıq, çünki müştərilər alıb aparırlar toya-qonaqlığa geyinirlər, sonra da gətirirlər üstümüzə. Etiketlərin də çoxu sancaqladır, onu açıb-bağlamağa nə var ki. Sonra da ki, kassa ilə işlədiyimiz üçün çek vururuq, ona görə də onu qaytarmaq mümkün olmur».


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə kassaya vurulan qəbzlərin bəhanə olduğunu deyir. Onun sözlərinə görə, istənilən kassa qəbzini ləğv etmək mümkündür. Milli Məclisin 1995-ci ildə qəbul etdiyi «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanuna görə isə istehlakçılar, yəni alıcılar istifadə olunmamış, yarlığı və ya kassa qəbzi üzərində olan istənilən malı 14 gün ərzində həm mağazaya geri qaytara, həm də həmin qiymətə uyğun başqa malla dəyişdirə bilərlər. Bura yalnız alt paltarları, uşaq oyuncaqları və bu kimi sayca 20-yə yaxın gigiyenik tələblərə həssas olan mallar aid edilmir. İstehlakçıların sözügedən hüquqlarının pozulması hallarının olması ilə İqtisadi İnkişaf Nazirliyi nəzdində İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Xaliq Məmmədov da razılaşır. Onun sözlərinə görə, artıq 10 gündür ki, mağazalarda bu istiqamətdə monitorinqlər aparılır və istehlakçıların hüquqlarını pozan sahibkarlara xəbərdarlıqlar olunur. Bundan başqa qurum alıcıların maarifləndirilməsi istiqamətində də işlər görür. «İstehlakçıların maarifləndirilməsi məqsədilə 16 min plakat hazırlamışıq. Hazırda istehlakçıların hüquqları ilə bağlı qanunda təsbit olunmuş maddələri əks etdirən plakatları əhalinin gur olan yerlərində yaymaqla məşğuluq».


Xaliq Məmmədov deyir ki, bundan sonra hüquqları pozulmuş alıcılar öz şikayətləri ilə bağlı hətta telefon vasitəsilə də İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə müraciət edə bilərlər. Onun sözlərinə görə, qurum fəaliyyətə başladığı 3 ay ərzində artıq 20-yə yaxın belə hal aşkarlayaraq istehlakçıların hüquqlarının bərpasına nail olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG