Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:59

«David Qaredji», yoxsa «Keşiş Dağ»?


Tərəflər monastırla bağlı yaranan fikir ayrılığından narahatdırlar
Tərəflər monastırla bağlı yaranan fikir ayrılığından narahatdırlar

Gürcü tərəfin «David Qaredji», Azərbaycanın isə «Keşiş Dağ» adlandırdığı mağara tipli monastırın kənardan görkəmi çox əzəmətlidir. Birincilər, bu yeri mühüm dini mərkəz və milli mədəniyyət abidəsi kimi qiymətləndirdiyi halda, ikinci tərəf onu öz mədəni irsi bilir və bildirirlər ki, bu ərazi həm də strateji cəhətdən onlar üçün əhəmiyyətlidir. Monastır kompleksi Gürcüstanla Azərbaycan sərhədini bölür.




«Institute for War and Peace Reporting»in (IWPR) araşdırmasına görə, sovet dövründə sərhədlərin demarkasiyasına ehtiyac olmadığı halda, bu məsələ hər iki ölkənin müstəqillik əldə etməsindən sonra aktuallaşıb. Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı hər iki ölkənin Delimitasiya və Demarkasiya İşləri üzrə Dövlət Komissiyasının üzvləri bir neçə dəfə görüşüb. Lakin indiyəcən tərəflər məsələnin həllində ortaq məxrəcə gələ bilməyiblər.



Komissiya üzvləri sonuncu dəfə keçən ay görüşdükdən sonra danışıqların detalları barədə ictimaiyyətə məlumat vermədilər. Lakin qeyri-rəsmi mənbələrdən daxil olan məlumatlarda deyilir ki, komissiyanın müzakirə etdiyi mümkün variantlardan biri də o olub ki, iki ölkənin dövlət sərhədi əvvəlki xətdə qalsın, sadəcə, kilsə hər iki ölkə tərəfindən turizm mərkəzi kimi istifadə edilsin.



Sərhəd qoşunlarından adının çəkilməsini istəməyən nümayəndə bu məntəqənin strateji əhəmiyyətli zirvə olduğunu və hansısa ərazi müqabilində onu verməyin sərfəli olmadığını deyir

Gürcüstanın Mədəniyyət, Abidələrin Mühafizəsi və İdman naziri Georgi Qabaşvili deyib ki, «David Qaredji» öz mənəvi təyinatına uyğun fəaliyyət göstərməlidir. Ora nəinki Gürcüstandan, eləcə də Azərbaycandan turistlər gəlir.Yaxşı olardı ki, bu turistlərin sayı artsın. Hamıya bu kompleksi görmək imkanı verilməlidir. Mən başa düşmürəm burada nə problem ola bilər».


Monastır Gürcüstanın cənubunda yerləşir. Kompleks Bakıdan 565 kilometr, Tbilisidən isə 60 kilometr aralıda yerləşir. Onun eradan əvvəl 6-cı əsrdə tikildiyi deyilir.


Böyük Kəsik nəzarət buraxılış məntəqəsindən kompleksə yol 15 km-dir. Bu ərazidən ancaq fermerlər heyvanlarını yemləmək üçün otlaq kimi istifadə edirlər. Yaşayış evləri isə yoxdur.


«Yayda «Keşiş Dağa» ancaq istirahət etmək üçün gedirik. Gürcülər isə ora sitayişə gəlir»,- bu sözləri Böyük Kəsikdə yaşayan 61 yaşlı Əhməd Səlimov deyir.


Dağın ətəyində Azərbaycanın qarovul məntəqəsi var. Sərhəd əsgərləri burada monastıra getmək üçün xüsusi icazə tələb edirlər. Monastıra yalnız Gürcüstan ərazisi ilə maneəsiz daxil olmaq mümkündür.


Ərazidə keşik çəkən əsgərlərdən biri «bu yerin strateji məntəqə» olduğunu deyir: «Düzdür, biz Gürcüstanla dost münasibətlərindəyik, amma heç bir dövlət digərinə belə yüksəklikdə yerləşən və strateji əhəmiyyətli ərazini güzəştə gedə bilməz».


Artıq bir neçə ildir ki, Gürcüstanla Azərbaycanı Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq əhəmiyyətli layihələr bağlayır. Bu səbəbdəndir ki, tərəflər indi monastırla bağlı yaranan fikir ayrılığından narahatdırlar.


Gürcüstan prezidenti Mixail Saakaşvili iki ölkə arasında olan fikir ayrılıqlarından danışarkən, jurnalistlərdən onu «mübahisəli» adlandırmamağı xahiş edib: «Bu mübahisə deyil, bizim ölkələr arasında qardaşlıq münasibətləri var. Biz ümid edirik ki, məsələni tezliklə həll edəcəyik».


Gürcüstan və Azərbaycan arasında sıx dostluq münasibətlərinin olduğunu həm gürcü, həm də azərbaycanlı rəsmilər təsdiq edirlər. Lakin monastır məsələsinə gəlincə, nə birincilər, nə də ikincilər güzəştə getmək fikrində deyillər.


Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov bu məsələdən problem yaratmağın düzgün olmadığını deyir: «Hamıya məlumdur ki, monastırın əsas hissəsi Azərbaycan ərazisindədir və biz bu məsələni gürcü tərəfi ilə sülhlə həll edəcəyik».


Danışıqların tezliklə bitəcəyini Gürcüstanın sərhəd polisinin rəhbəri Badri Biçadze də deyir. Onun sözlərinə görə, Gürcüstan «kompleksin ərazisinin heç bir santimetrini güzəştə getməyəcək».


Gürcüstanın Sərhədlərin Delimitasiya və Demarkasiyası üzrə Dövlət Komitəsinin sədri Georgi Madjqaladze isə deyir ki, «David Qaredji» Gürcüstan üçün mühüm mədəni-dini əhəmiyyət kəsb etdiyindən, mübahisə yaranan torpağın əvəzində Gürcüstan tərəfi başqa torpaqlar təklif etməyə hazırdır: «Biz mümkün ərazi dəyişikliyində maraqlıyıq. Bu mövqeyimizi azərbaycanlı həmkarlarımıza da çatdırmışıq». Onun sözlərinə görə, kompleksin 95 faizi Gürcüstan ərazisində yerləşir.


Bakıda isə ərazi dəyişikliyi ilə bağlı təklifə münasibət birmənalı deyil. Sərhəd qoşunlarından adının çəkilməsini istəməyən nümayəndə bu məntəqənin strateji əhəmiyyətli zirvə olduğunu və hansısa ərazi müqabilində onu verməyin sərfəli olmadığını deyir.



Aksiyanın iştirakçısı Laşa Zedqenidze deyir ki, «bizim hökumət enerji resursları müqabilində Azərbaycana hər şeyi, hətta müqəddəsləri belə verməyə hazırdır»
Əhalisinin 85 faizi pravoslav xristianlardan ibarət olan Gürcüstanda isə, monastır kompleksinin turizm obyekti kimi istifadə edilməsi təklifi böyük narazılıqla qarşılanıb.

Bütün Gürcüstanın katolikos patriarxı İkinci İlya bildirib ki, monastır Gürcüstanın müqəddəs məkanıdır və bütövlükdə Gürcüstan ərazisində yerləşməlidir. Turizm obyekti qurulmasına etiraz edənlərin bir qismi isə, aksiya keçiriblər. «Kartulı dasi» və «Gürcüstanın Pravoslav Valideynləri Birliyi» adlı QHT-nin nümayəndələri bir ay ərzində iki dəfə etiraz aksiyası keçiriblər. Onlardan biri Gürcüstandakı Azərbaycan səfirliyi qarşısında, digəri isə, Gürcüstanın Xarici İşlər Nazirliyinin önündə olub.


Aksiyanın iştirakçısı Laşa Zedqenidze deyir ki, «bizim hökumət enerji resursları müqabilində Azərbaycana hər şeyi, hətta müqəddəsləri belə verməyə hazırdır». Gürcü tərəfi monastır kompleksinin məhz onlara aid olmasını sübut etmək məqsədilə, qala divarlarında gürcü monarxlarının əks olunduğunu iddia edirlər.


Azərbaycan tarixçiləri isə öz növbəsində, bu tikilini orta əsrlərdə Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyasının mədəni abidəsi kimi dəyərləndirirlər.


Monastırın tarixini araşdırmış tarixçi-jurnalist İsmayıl Umudlu deyir ki, «monastır kompleksi yalnız 12-ci əsrdə Gürcüstanın tərkibində mövcud olub. Ondan öncə və sonra isə bu ərazi Azərbaycan ərazisinin tərkibində olub».
Lakin bu fikirlə Gürcüstanın incəsənət xadimi Dmitri Tumanişvili razılaşmır. O, bildirir ki, məbədin albanlara deyil, gürcülərə məxsus olduğunu sübut edə biləcək çoxlu sayda dəlillər tapmaq olar.


Bütün bu fikir ayrılıqlarına baxmayaraq, gürcüstanlı turistlər indi də bu monastıra səfərdən məmnun olduqlarını deyirlər. Turistlər eyni zamanda, monastırın Azərbaycan tərəfdəki hissəsinə də maneəsiz keçə bildiklərini deyirlər.


Xatuna Canqiraşvili: «Heç bir problem olmadan Azərbaycan tərəfdəki əraziyə də keçmək olur. Sadəcə, Azərbaycan sərhədçiləri sərhəd keçidlərini çəkməyə icazə vermirlər, başqa heç bir problem yoxdur».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG