Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:13

«Rus satıcılar lazımdır»


Rusiya istehsalçılarının bu sahəni doldura bilib-bilməyəcəyi sual altındadır

Rusiya istehsalçılarının bu sahəni doldura bilib-bilməyəcəyi sual altındadır

Aprelin 1-də Rusiya hökumətinin əcnəbilərin dükanlardan kənar ticarətdə, yəni ilk növbədə, bazarlarda və küçə piştaxtalarında işləməsini qadağan edən sərəncamı qüvvəyə minib. Rəsmilər hesab edirlər ki, bazarlarda miqrantlar üçün iş yerlərinin ixtisarı qiymət artımına səbəb olmayacaq.



Onlar deyirlər ki, bazarlarda satıcı qıtlığı da olmayacaq. Guya, ticarət yerlərini tərk edən miqrantların yerinə regionlardan rusiyalılar gələcəklər.



Lakin bu nikbinliyi hamı bölüşmür. Belə ki, məsələn, bu yaxınlara qədər hər iki tacirdən birinin çinli olduğu Primorsk diyarında bazarlar artıq boşalıb, Çin mallarının qiyməti isə xeyli qalxıb. Yaşıl küçəni rusiyalı tacirlərə verən hökumət sərəncamından dərhal sonra Vladivostokda bazarlar sürətlə boşalmağa başlayıb. Çinli işəgötürənlərin «rus satıcılar lazımdır» elanına yerli əhali reaksiya verməyib. Üç gün küləkdə işləyəndən və başdan- ayağa qədər donandan sonra texnikum tələbəsi İrina işdən çıxıb. O, hesab edir ki, gündəlik 200 rubl xərclərini ödəmir.



Çin istehlak mallarının dəyər-dəyməzinə qış satışı (tuflilər 100 rubl, kofta 50 rubl və s.) əşya bazarlarında qiymət sıçrayışı ilə əvəz olunub. Əvvəla, mallar azalıb, ikincisi, rus satıcısı əlavə xərcdir. Ən başlıcası isə heç kim izah edə bilmir ki, çinlilərin kənarlaşdırılmasından kimə yaxşı olub.



«Əsas məqsəd odur ki, guya, Rusiya istehsalçıları üçün yer boşaldılsın. Amma nədənsə, mən həmin Rusiya istehsalçılarını o qədər də görmürəm.


«Rusiya satıcısı qismində əlavə vasitəçi peyda olur»

Ən təəccüblüsü isə odur ki, əgər yanvarda çinlilər mallarını dəyərindən aşağı qiymətə verirdilərsə, indi onlar bunu həmişəkindən baha qiymətə satırlar. Tələbat da olduqca yüksəkdir. Bu isə ona işarədir ki, insanlar qarşıda onları boş bazarın gözlədiyini bilərək, ehtiyat üçün nisbətən ucuz Çin mallarının tədarükünü edirlər», – deyə iqtisadi elmlər namizədi Yuri Avdeyev bildirir.



Cənab Avdeyevin fikrincə, Rusiya istehsalçılarının bu sahəni doldura bilib-bilməyəcəyi sual altındadır: «Bir tərəfdən, belə istehsalçı yoxdur, ya da olduqca azdır. O biri tərəfdən isə kiçik biznesə dəstək o qədər azdır ki, Primorskda belə sahibkarlar üçün hələlik heç bir stimul yoxdur. Biz hər necə olsa, Çin mallarına yönələcəyik, sadəcə, maneələr daha çox olacaq və bu malların qiyməti təbii olaraq daha da qalxacaq. Sadə dillə desək, Rusiya satıcısı qismində əlavə vasitəçi peyda olur. Amma malın sahibi kimi çinli qalmaqda davam edir. Deməli, bu zəncirdə daha bir bənd yaranır və onu da dolandırmaq zəruriyyəti ortaya çıxır. Firavan yaşayan insanlar Çin mallarını almayıblar və almayacaqlar. Əhalinin ən azgəlirli hissəsi həm qida məhsulları, həm də geniş istehlak malları ilə Çin bazarında təmin olunurdu. Bu gün onlar üçün növbəti ciddi sədd çəkilib».



Artıq iki həftədən sonra Rusiyanın Federal Miqrasiya Xidməti bazarlarda reydlər keçirəcək. Sərəncamın pozulması halında, yəni bir nəfər də olsun miqrant aşkarlanarsa, bazar sahibi 800 min rubladək (27 min manatadək) cərimə olunacaq.



Əcnəbi tacirlərin bazarlarda ixtisarının hansı nəticələri olacaq? Bu sualla «Azadlıq» radiosu Rusiya «Vətəndaş yardımı» Komitəsinin sədri Svetlana Qannuşkinaya müraciət edib:



«Əlbəttə ki, yaxşı heç nə olmayacaq. Çünki qanun yerli istehsalçını dəstəkləmir. Ona yer boşaldır. Amma onun tuta bilmədiyi yeri boşaldır. Çünki o, bazarlara uzaqdan gətirilənləri sadəcə, istehsal etmir. Uzaq Şərq üçün bu, ümumiyyətlə, fəlakətlidir, çünki orada bütün ucuz məhsul Çindən idxal edilir. Söz yox ki, qalan bütün regionlarda böyük bahalaşma olacaq. Bu isə sadəcə, alıcının büdcəsinə təsir edəcək».



Moskvanın İstehlak Bazarı və Xidmət Departamentinin rəhbəri Vladimir Malışkov isə deyib ki, şəhər rəhbərliyi vətəndaşlıq əlamətinə görə, pərakəndə ticarətdə məhdudiyyətləri bir qədər yumşaltmaq istəyir. Və «müəyyən hallarda» yenə də əcnəbilərə şəhər bazarlarında alver etməyə icazə verəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG