Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:42

Kastro ABŞ-ı ittiham edir


Son səkkiz ayda Fidel Kastro ilk dəfə olaraq ABŞ-a qarşı ittiham səsləndirib
Son səkkiz ayda Fidel Kastro ilk dəfə olaraq ABŞ-a qarşı ittiham səsləndirib

Mədəsində bir neçə ağır əməliyyat keçirəndən sonra Kuba lideri deyəsən, həqiqətən də düzəlir. Hər halda, son səkkiz ayda Fidel Kastro ilk dəfə olaraq mətbuatda çıxış edib və dərhal ABŞ-a qarşı ittiham səsləndirib.


«Kənd təsərrüfatı bitkilərindən yanacaq hazırlamaq haqda abırsız ideya üç milyard yarım insanın aclıq və susuzluqdan vaxtsız ölümünə səbəb olacaq», – deyə komandante bildirir. Fidel Kastronu qəzəbləndirən səbəb Corc Buş administrasiyasının ABŞ-ın neft idxalından asılılığını azaltmaq üçün böyük miqdarda qarğıdalını yanacağa emal etmək planlarıdır.


«Bu resepti «üçüncü dünya» ölkələrinə təklif edin. Görəcəksiniz, planetin aclıq çəkən rayonlarında nə qədər insan ümumiyyətlə, qarğıdalı yeməyi tərgidəcək», - deyə Kastro hiddətlənib: «Ya da kasıb ölkələrə qarğıdalı və ya başqa bitkidən etanol hazırlamağı təklif edin və orada bir dənə də olsun ağac qalmayacaq. Bu, ekoloji fəlakətə səbəb olacaq».


Amma Moskvadakı Latın Amerikası İnstitutunun direktorunun müavini Vadim Teperman Kuba liderinin mövqeyini bölüşmür:


«Bu məqalə böyük ölçüdə təbliğatçı addımıdır. Axı kənd təsərrüfatı məhsullarından bioyanacağı yalnız ABŞ-da deyil, Latın Amerikasının bir çox ölkələrində, məsələn, Braziliyada da istehsal etməyə hazırlaşırlar. Hətta Kubada belə. Sadəcə, amerikalılar bunun üçün qarğıdalıdan, kubalılar isə şəkər qamışından istifadə etmək niyyətindədirlər».


Cənab Teperman deyir ki, bu yanacağın tənqidçiləri xəbərdarlıq edirlər ki, indi meyvə bitkiləri yetişdirilən torpaqlar qarğıdalı və ya şəkər qamışı altında qalacaqlar. «Bu bitkilərin istehsalıyla məşğul olan kəndlilərin həyat səviyyəsi aşağı düşə bilər. Amma məncə, bundan ehtiyat etməyə dəyməz – Latın Amerikası ölkələri, elə Kubanın özündə də azad sahələr kifayət qədərdir. Odur ki, yer hamıya çatar», - deyə o, fikrini tamamlayıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG