Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:24

ABŞ-ın Raket Əleyhinə Müdafiə sistemləri Rusiya ərazisinə də yayıla bilər


Yeni sistemə döyüş başlıqsız, hər biri 75 kiloqram olan 10 kiçik raket daxildir

Yeni sistemə döyüş başlıqsız, hər biri 75 kiloqram olan 10 kiçik raket daxildir

ABŞ Dövlət katibinin müavini Danil Frid İrandan qorunmaq məqsədilə ümumi Raket Əleyhinə Müdafiə sistemi yaratmaq üçün Moskva və Vaşinqtonun birgə fəaliyyət göstərməsinin əlverişli variant hesab edir.


Cənab Frid Şərqi Avropada ABŞ-ın Raket Əleyhinə Müdafiə Sisteminin yaradılmasına cavab olaraq Rusiyanın ortamənzilli raketlərin istehsalını bərpa edə biləcəyini «çox uğurlu cavab» olmadığını bildirib: «Birləşmiş Ştatların hazırladığı sistem Rusiya üçün təhlükə deyil». Diplomat əlavə edib ki, yeni sistemə döyüş başlıqsız, hər biri 75 kiloqram olan 10 kiçik raket daxildir ki, bu da Rusiyanı təhdid etmir.


Onun fikrincə optimal variant odur ki, Rusiya və ABŞ NATO çərçivəsində birlikdə işləməyə başlasınlar ki, nəticədə regionu ümumi təhlükələrdən qoruya biləcək Raket Əleyhinə Müdafiə sistemi yaransın. Onun qənaətincə, belə müdafiə sistemi əslində İran və başqa ölkələrdən qorunmaq üçün lazımdır.


Martın 28-də Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti zamanı ABŞ prezidenti Corc Buş ümumi təhlükəsizlik naminə həmin layihəni Rusiya ilə ətraflı müzakirə etməyə hazır olduğunu bildirib.


ABŞ liderinin təşəbbüsünü şərh edən Xarici İşlər naziri Sergey Lavrov deyib ki, bu cür məsləhətləşmələr artıq yaxın zamanda başlana bilər. «Ümid edirik ki, danışıqlara gələn aydan start verilə bilər. Çünki bu problem Rusiya-NATO Şurası səviyyəsində müzakirə olunacaq».


Son vaxtlar ABŞ siyasətçiləri və hərbçiləri tərəfdən Rusiyaya Avropada Amerika Raket Əleyhinə Müdafiə sisteminin yerləşdirilməsi çərçivəsində əməkdaşlıq haqqında mütəmadi olaraq təkliflər səsləndirilir.


ABŞ-ın Raket Əleyhinə Müdafiə İdarəsinin rəisi Henri Oberinq növbəti sensasiyalı bəyanatla çıxış edib. O, deyib ki, ABŞ-ın Raket Əleyhinə Müdafiə sistemləri perspektivdə Rusiya ərazisinə də yayıla bilər.


ABŞ Qafqazda, xüsusilə Gürcüstan ərazisində Raket Əleyhinə Müdafiə radarı yerləşdirmək niyyətində deyil. Bunu Tbilisidə jurnalistlərlə söhbətində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Metyu Brayza deyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG